07 Noyabr 2022 00:56
850
Elm və texnika
A- A+

Bəşəriyyətin ya ən yaxşı, ya da ən pis nailiyyəti: süni intellekt  

 

İlk kompüterlərin meydana çıxması ilə inkişaf etməyə başlayan süni intellektin vahid tərifi yoxdur. Ümumi bir tərif kimi desək, insan məntiqini maşınlarda tətbiq etmək məqsədi güdən elm və texnologiyadır. Son zamanların ən çox maraq doğuran sahələrindən olan süni intellekt haqqında fikirlər mənfi və müsbət olmaqla iki hissəyə ayrılır. Süni intellekt təkmilləşən texnologiyanın daha əlverişli həyat şərtləri vəd etdiyini düşünənlərlə onun insan əməyini sıradan çıxaracağını, hətta daha irəliyə gedilərsə, insan nəzarətinə tabe olmayacağını iddia edənlər arasında uçurum yaradır. İrəli sürülən fikirləri məşhur nəzəriyyəçi fizik Stiven Hokinqin dili ilə ifadə etsək, “süni intellekt bəşəriyyətin ya ən yaxşı, ya da ən pis nailiyyəti olacaq” deyə bilərik.

 

Süni intellektin tətbiqində dünya təcrübəsi

AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Texniki Universiteti Süni İntellekt İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin “Süni intellekt texnologiyalarının inkişafında əsas trendlər” sərlövhəli məqaləsində qeyd olunur ki, qloballaşan dünyada hazırda süni intellektin praktiki tətbiqi sahəsində paradiqma dəyişikliyi baş verir. Son onillikdə öz inkişafı və əşyaların interneti, bulud hesablamaları, mobil texnologiyalar, robototexnika, “Big data” analitikası, sosial media ilə konvergensiyası nəticəsində süni intellekt texnologiyaya söykənən hər bir xidməti və tətbiqi gücləndirəcək və genişləndirəcək bir kritik nöqtəyə gəlib.

Süni intellekt bütün fəaliyyət sahələrini – sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, energetika, telekommunikasiya, maliyyə sektoru, səhiyyə, ticarət, təhsil, elm, dövlət idarəetməsi, ictimai və milli təhlükəsizlik və məhkəmə sistemini köklü şəkildə dəyişir.

Dünya dövlətləri rəqabət üstünlüyünə nail olmaq üçün süni intellektin bu potensialından istifadə etməyə çalışırlar.

Süni intellektə əsaslanan beynəlxalq strategiyanı açıqlayan ilk ölkələrdən biri Sinqapurdur. İlk sürücüsüz taksilərin istifadəyə verildiyi Sinqapurda onların sınaqdan keçirilməsi üçün kiçik bir qəsəbə də yaradılıb.

Süni intellekt ada dövlətinin iqtisadiyyatını canlandırmaq və sənaye mənfəətini artırmaq potensialına malikdir, çünki “Accenture”nin son hesabatına görə, süni intellekt 2035-ci ilə qədər həmin ölkədə 11 sənaye növü üzrə ümumi dəyərə 215 milyard ABŞ dolları əlavə edə bilər.

Səhiyyə Sinqapurda süni intellektdən istifadənin faydalarını əldə edən bir sahədir. Süni intellekt alətləri və köməkçiləri indi dəri xərçənglərini aşkar edə, döş qəfəsinin rentgenoqrafiyasını təhlil edə və ya xəstənin tor qişasının skanından şəkərli diabet skrinlərini həyata keçirə bilirlər.

Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Genom İnstitutunun alimləri mədə xərçənginin köklərini dəqiq müəyyən etmək üçün maşın öyrənmə kompüter modelləri kimi tanınan yeni süni intellekt növü inkişaf etdiriblər. Həmin tədqiqat vasitəsilə hazırlanmış süni intellekt metodları və texnologiyası tədqiqatçılara digər xərçəng növlərində kodlaşdırılmayan DNT-dəki mutasiyaların təsirini anlamağa kömək edəcək.

Süni intellekt həm də hər il istehsal olunan çoxlu sayda sənəd və hesabatları süzgəcdən keçirməyə kömək etməklə, həkimlərə yeni müalicə üsullarını seçərkən ən yaxşı qərarı verməyə kömək etməklə, səhiyyə sahəsində tədqiqatlardakı dəyərini göstərir. Sinqapurun Milli Universitet Səhiyyə Sistemi “ENDEAVOR” süni intellekt platformasında mikroservislər kimi çoxsaylı süni intellekt və avtomatlaşdırma alətlərini yerləşdirir. Həmin süni intellekt alətləri demoqrafik məlumatlar, mətn, şəkillər, laboratoriya məlumatları və xəstənin vəziyyətinin sintezini təmin etmək üçün təyin edilmiş dərmanlar kimi çoxdomenli xəstə məlumatlarını özündə birləşdirir. Bu, qəbul zamanı xəstəyə qulluqdan tutmuş xəstənin qalma müddətinin proqnozlaşdırılmasına qədər əhəmiyyətli xərclərə qənaətə çevrilir və buna görə də qıt yataq resursları optimallaşdırılır.

COVID-19 pandemiyası süni intellekt üçün vacib bir sınaq oldu. Dünyadakı tətbiqlər virusun yayılmasının qarşısını almağa kömək edən dinamik, proqnozlaşdırıcı hərarət xəritələrini və virusun təsirinə ən həssas olan vətəndaşların proqnozlaşdırıcı modellərini özlərində ehtiva etdilər. Hüquq-mühafizə orqanları təcrid tədbirlərinin həyata keçirilməsinə kömək etmək üçün süni intellektdən istifadə edib. Süni intellekt hətta yoluxma halların artımını proqnozlaşdırmaq üçün hava hesabatlarını digər demoqrafik və tibbi məlumatlar ilə inteqrasiya etmək üçün də istifadə olunub.

 

Azərbaycanda süni intellektin tətbiqi

Ölkəmiz süni intellektin istifadəsinə görə lider dövlət siyahısında yer almasa da, süni intellektin praktikada geniş tətbiq olunan sahələrindən biri - qeyri-səlis məntiqin əsası məhz dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadə tərəfindən qoyulub. Həmçinin Azərbaycan süni intellektin tətbiqinə görə Cənubi Qafqazda liderdir. Belə ki, ölkəmiz süni intellektin tətbiqini əks etdirən qlobal indeksdə 64-cü yerdə qərarlaşıb. Cənubi Qafqazın digər ölkələri - Gürcüstan 76-cı, Ermənistan isə 81-cidir. “ASAN xidmət” ölkəmizdə süni intellektin toxumlarını səpən ilk təşəbbüslərdəndir. Sonradan isə bir sıra dövlət və biznes qurumları, banklar, telekommunikasiya şirkətləri süni intellektin faydalarından yararlanmağa başladılar.

Azərbaycan süni intellektin ən böyük faydalarını Vətən müharibəsi və postmüharibə dövründə görməyə başladı. 44 günlük Vətən müharibəsində istifadə edilən hərbi hava nəqliyyatı, pilotsuz uçuş aparatları – dronlar, radar sistemləri, raketdən müdafiə sistemləri... Qısacası, Azərbaycan 5-ci nəsil müharibə və ən əsası möhtəşəm Zəfərlə bütün diqqətləri öz üzərinə çəkdi. Postmüharibə dövründə isə süni intellektin üstünlüklərindən daha çox yararlanmağa başladıq. Ərazilər minalı olduğundan ətraf mühitə dəyən ziyanın hesablanması üçün “Azerkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk görüntülərindən istifadə olundu. Həmin görüntülər vasitəsilə azad edilmiş ərazilərin işğal dövründə biomüxtəlifliyə dəyən ziyanı hesablamağa nail olduq. Məlum oldu ki, işğal dövründə 60 min hektar meşə ərazisi məhv edilib.

Aza edilmiş ərazilərdə dövlət prioritetlərinə və siyasətinə uyğun olaraq, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması ilə əlaqədar fəaliyyət davam edir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar, Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Müvafiq razılaşma ANAMA ilə əldə olunub. ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal (Thermographics) və yüksək dəqiqlikli (RGB) kameralar bir - birini tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir. Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır. Mina Sahələrinin Havadan Tədqiqatı - RAMS (Remote Aerial Minefield Survey) sistemi çirklənmiş ərazinin təhlükəsiz ərazidən ayırd etmək imkanı verir. İnnovativ texnologiyalar vasitəsilə uzaq məsafədən müəyyən edilən ərazinin çirklənmə miqyasına dair məlumatların alınması, təmizləmə əməliyyatlarının gedişatına müsbət töhfə verməsi gözlənilir. Mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi planlaşdırılan ərazi barədə məlumatlı olmaq - ANAMA əməkdaşlarının təhlükəsizlik qaydalarını yüksək səviyyədə təmin edəcək.

Postmüharibə dövründə ən prioritet məsələlərdən biri də müharibədə ağır xəsarət alaraq yuxarı və ya aşağı ətraflarını itirən qazilərin yüksəktexnologiyalı protezlərlə təminatıdır. Yüksək texnologiyalı protezlərin hazırlanmasında bu və ya digər mənada süni intellekt mövcuddur. Başqa sözlə aşağı ətrafların protezləşməsində istifadə edilən mikroprosessorlu idarəetmə ilə təchiz olunmuş elektron diz oynaqları istifadəçinin hansı səthdə, hansı sürətlə, eləcə də hansı bucaq və qüvvə altında hərəkət etməsini müəyyənləşdirərək ona görə uyğun hərəkət alqoritmi tətbiq edir.

Yüksəktexnologiyalı yuxarı ətraf protezlərində isə güdül ilə təmasda olan informasiya ötürücü sensorları, istifadəçinin əzələsinin hərəkət potensialını və komanda siqnallarını nəzərə alaraq tələb olunan funksiyaları yerinə yetirməsi üçün məlumatları mikroprosessora göndərir. Daha sonra isə həmin məlumatlar əsasında mikroprosessor, hansı hərəkətin icra edilməsi barədə qərar qəbul edərək protezin hərəkətini tənzimləyir. 2020-ci ildən qazilərin həmin protezlərlə təminata başlanılıb və artıq yekunlaşdırılıb. Eyni zamanda, həmin proqram paralel olaraq Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edib.

Ümumilikdə müharibə ilə əlaqədar əlilliyi olan 353 şəxs 368 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində rəqəmsallaşmaya, rəqəmsal ekosistemin yaradılmasına xüsusi diqqət yetirilir, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsas götürülür.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən verilən məlumata görə, həmin ərazilərdəki faydalı qazıntı yataqlarının tədqiqində üç xarici şirkət süni intellektin imkanlarından istifadə edir.

 

Süni intellektin ölkəmizdə səhiyyə sahəsində istifadəsinə dair təkliflər

Xərçəng xəstəliyinin ciddi və dünyanı dörd bir yanını saran bir problemdir. Çox zaman əlamətləri digər xəstəliklərlə qarışdırıldığı, bəzən isə səssiz inkişaf etdiyi üçün gec aşkarlanması xəstənin həyatı üçün ciddi problemlər yaradır. Onun erkən diaqnostikası isə qarşısının alınmasına və müalicəyə tabe olmasına kömək edir. Hazırda tibb süni intellektin tətbiqi ilə inqilab yaşayır desək yanılmarıq. Çünki süni intellekt həkimlərə rentgen və ultrasəs görüntülərinin təhlilində, həmçinin diaqnostika və müalicədə dəstək olur. Nəticədə xərçəngin diaqnozuna, demans və ürək xəstəliklərinin erkən aşkarlanmasına geniş imkanlar yaradır.

Ölkəmizdə də səhiyyə sahəsində süni intellektin imkanlarından müəyyən qədər istifadə olunsa da, onun sadalanan faydalarının, həm də Sinqapur təcrübəsinin tətbiqinə geniş yer verilərsə, vətəndaşların həyat keyfiyyəti daha da yaxşılaşar və xəstələrin yaşam proqnozları daha da artar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video