16 Sentyabr 2022 01:21
538
Səhiyyə
A- A+

Bəşəriyyət daha bir təhlükəni də geridə qoyur

 

Koronavirusa yoluxma və ölüm halları son həftədə azalıb

 

Payız fəslinin gəlməsinə sayılı günlər qaldığından pandemiya ilə bağlı vəziyyət daha çox narahatlıq yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sonuncu hesabatına əsasən, ötən həftə xəstəliyə yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 28 faiz, ölüm hallarının sayı isə 22 faiz azalıb.
Ümumilikdə həftə ərzində koronavirusa 3,1 milyondan çox yeni yoluxma halı, 11 minə yaxın isə ölüm faktı qeydə alınıb. Əsasən azalma halları və ölüm sayları Qərbi Sakit Okean, Afrika, Amerika, Cənub-Şərqi Asiya, Şərqi Aralıq dənizi və Avropa regionlarında müşahidə edilib.

 

"Pandemiya başa çatır"

 

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi son brifinqdə qeyd edib ki, ötən həftə COVID-19-la bağlı qeydə alınan ölüm hallarının sayı 2020-ci ilin martından bəri olan ən aşağı göstəricidir: "Pandemiyanın başa çatması ilə bağlı heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Ancaq görünən odur ki, pandemiya başa çatır. Finiş xətti görünəndə marafon qaçışı dayanmır. İştirakçı  qalan bütün enerjisi ilə daha da çox qaçır. Biz də elə etməliyik. Finiş xəttini görsək də, indi mübarizəni dayandırmaq üçün ən pis vaxtdır".
Baş direktor bildirib ki, demək olar koronavirusla mübarizədə qalib mövqedəyik, lakin hazırkı vaxtda bu fürsətdən istifadə etməsək, daha çox ölüm, daha çox yoluxma və xəstəliyin qeyri-müəyyənlik riski ilə üzləşə bilərik. ÜST son 32 ayın sübut və təcrübələrinə əsasən, insanların həyatını xilas etmək, sağlamlıqlarını qorumaq və sosial, iqtisadi çətinliklərindən yan keçmək üçün 6 bəndlik plan hazırlayıb. Həmçinin bu plan hökumətlərin öz mübarizə siyasətlərinə ciddi nəzər salmaq, onları COVID-19 və gələcək pandemiya potensialı olan patogenlərə qarşı da gücləndirmək üçün çağırış rolunu oynayır.
2019-cu ilin sonlarında Çində meydana çıxan virus dünyada 6,5 milyona yaxın insanın ölümünə və 606 milyon insanın yoluxmasına səbəb olub, qlobal iqtisadiyyatları və səhiyyə sistemlərini sarsıdıb. Keçən dövr ərzində peyvəndlərin və müvafiq müalicə üsullarının tətbiqi ilə ölümlərin və xəstəxanaya yerləşdirilənlərin sayında kəskin azalmalara nail olunub. Keçən ilin sonlarına doğru ortaya çıxan "Omikron" variantı isə xəstəliyi mutasiyaya uğradaraq daha az ölümcül hala sala bildi. Lakin bu növün də yoluxuculuq qabiliyyəti yüksəkdir. 

 

Virusla mübarizə davam edir

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov son açıqlamasında bildirib ki, iyundan etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar olub. Son günlərdə isə yoluxma halları stabilləşib. Hətta son nəticələr onu göstərir ki, infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Payız mövsümü yaxınlaşır və havalar soyuyur. Bu zaman isə təkcə COVID-19 deyil, bütün hava-damcı infeksiyalarına yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. 
Ekspert qeyd edir ki, pandemiya təcrübəsinə nəzər salsaq, 2020-2021-ci illərdə də eyni halın yaşandığını görərik: "Havalar soyuq olduqda insanlar daha çox qapalı mühitlərdə toplanır, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır. Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmir, qaydalara laqeyd yanaşırlar. Bir yandan da payız aylarında insan immunitetinin təbii olaraq zəifləməsi, ikinci tərəfdən isə vaxt keçdikcə istər vaksinasiya, istərsə də xəstəliyi keçirmə nəticəsində koronavirusa qarşı əldə olunmuş immunitetin zəifləməsi baş verir. Bütün bu faktorlar infeksiyanın ötürülməsini daha da asanlaşdırır". 
Qapanma və məhdudiyyətlərə gəldikdə isə hazırda yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən belə tədbirlərə ehtiyac görülmür. T.Eyvazov vurğulayır ki, verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni qabaqlayıcı tədbirlər maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır. Yoluxma hallarının artması ehtimalı hər zaman olduğundan bu ərəfədə də diqqətli olmalı və virusla mübarizənin davam etdirildiyi unudulmamalıdır. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq. Vaksinasiya əldə olunan nəticələrin əsas səbəbidir. Müvafiq dozada peyvəndlər hər kəs tərəfindən tətbiq edilməlidir.

Aydan XƏLİLOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video