17 Mart 2024 08:00
1073
SİYASƏT
A- A+

Bakıdan dünyaya birlik mesajı

 

Forum yeni çağırışların həllinə mühüm töhfə verəcək 

 

14-16 mart tarixlərində Bakı daha bir qlobal foruma evsahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin, qlobal çağırışların geniş və hərtərəfli müzakirə edildiyi mühüm platforma oldu. 
Forumun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev də söylədi ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Sürətlə dəyişən dünyanın, yeni qeyri-sabitlik və qarşıdurma ocaqlarının meydana çıxmasının, baş verən geosiyasi dəyişikliklərin fonunda yaranan problemlərin həlli üçün bu forumun əhəmiyyətinin böyük olduğunu xüsusi vurğulayan dövlətimizin başçısı bildirdi ki, ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının  biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib və məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə beynəlxalq maraq ildən-ilə artmaqdadır.
"Parçalanmış dünyanın bərpası" mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Həmin qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçısı da olub. 

 

Sivilizasiyalararası dialoqların baş tutduğu unikal məkan

 

Dünyada nüfuzu sürətlə artan Azərbaycan bu gün beynəlxalq problemlərin həlli platformasına çevrilib və mədəniyyətlər və sivilizasiyalararası dialoqların baş tutduğu unikal məkan kimi tanınır. Azərbaycan hər zaman dialoq formasında dünyamiqyaslı məsələlərin həllinin mümkünlüyünü təbliğ edir, bəşəri qərarların qəbuluna və icrasına birbaşa töhfələr verir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması buna bariz nümunələrdəndir. 
Eyni zamanda Qlobal Forumun Bakı şəhərində keçirilməsi Azərbaycana olan yüksək beynəlxalq etimadın göstəricisidir.
XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da qeyd etdi ki, bu forum artıq ənənəyə çevrilib. 
Tədbirdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç söyləyib ki, bu cür forum, əslində, bütün məsələlərin müzakirəsi üçün müvafiq məkandır, multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər və biz onun aradan qaldırılmasına müvəffəq ola bilərik: "Ən vacibi ondan ibarətdir ki, belə tədbirlər bizim aramızda körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edə bilər".
Böyük Britaniyanın Baş naziri Rişi Sunak XI Qlobal Bakı Forumu münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda qeyd edib ki, bu forum əhəmiyyətli bir dönəmdə keçirilir. Bakı noyabrda COP29-a evsahibliyi edəcək və bütün dünyanın diqqəti heç vaxt olmadığı qədər Azərbaycana yönələcək: "Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil edəcəksiniz".

 

Azərbaycanın "yaşıl keçid"i 

 

XI Qlobal Bakı Forumundakı çıxışında Prezident İlham Əliyev bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin "yaşıl keçid"lə bağlı səylərinin qəbul edilməsidir. 
Azərbaycanda keçiriləcək bu irimiqyaslı beynəlxalq tədbirin əhəmiyyətindən danışan dövlət başçımız onu da söylədi ki, birincisi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər: "Bu həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq".
Azərbaycanın dövlət siyasəti hər zaman sülhə, əmin-amanlığa, tərəqqiyə xidmət edib. O da vurğulanası nüansdır ki, torpaqlarının 30 illik işğalı dövründə də Azərbaycan daim sülh tərəfdarı olub, münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. 
Lakin danışıqlar missiyasını üzərinə götürən həmsədir ölkələrin bu istiqamətdə heç bir əməli fəaliyyət göstərməməsi münaqişənin hərb yolu ilə həllindən başqa varianta yol qoymadı. Azərbaycanın BMT TŞ-nin qətnamələrini özünün güc yolu ilə həll etməsi sayəsində bu gün Cənubi Qafqazda real sülhə şərait yaranıb. 
Forumda bu vacib məsələyə diqqəti yönəldən Prezident İlham Əliyev də dünyaya bəyan etdi ki, biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

 

"Parçalanmış dünyanın bərpası"

 

Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunuldu. 
Bir sözlə, üç gün ərzində davam edən XI Qlobal Bakı Forumunda dünya gündəmində yer alan mühüm problemlər araşdırıldı, onların həlli yönündə müzakirə və fikir mübadilələri aparıldı. Bütün bunların timsalında Bakıda keçirilən növbəti forumun dünyanın yeni çağırışlarına töhfə verəcəyi şübhəsizdir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video