18 Avqust 2022 11:19
386
CƏMİYYƏT
A- A+

Bakıda keçiriləcək müasir silah və texnika sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək

 

Sentyabrın 6-dan 8-dək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

AZƏRTAC-a bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir.

Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək.

26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcəklər.

Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.

Qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” sərgisi müzəffər Ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.

Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.

“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək.

Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edəcəklər.

“Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələr təqdim olunacaq.

“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı (pilotsuz sistemlər, kibertəhlükəsizlik, hərbi tibb sahəsində innovasiyalar və s. aktual mövzularda sessiyalar keçiriləcək), hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək.

Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.

Beləliklə, “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.

“ADEX”in proqramı ilə rəsmi sayt vasitəsilə tanış ola bilərsiniz (https://adex.az/az-programme/).

“Securex Caspian” sərgisi dövlətin, cəmiyyətin və vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün əlverişli şəraitin yaradılması, həmçinin yeni müqavilələrin imzalanmasına geniş imkanlar yaradacaq. Daha ətraflı məlumatı rəsmi internet saytından, həmçinin sosial şəbəkələrdən əldə etmək olar (www.adex.az, www.securexcaspian.az).

Sərgidə iştirak etmək üçün rəsmi sayt vasitəsilə qeydiyyatdan keçmək lazımdır (https://adex.az/az-register/).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video