02 May 2024 15:36
253
SİYASƏT
A- A+

Bakı Forumunun növbəti panel iclası münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi üçün sülhün təmin olunmasına həsr edilib  

 

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mayın 2-də keçirilən növbəti panel iclası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel sessiya Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilib. E.Abdullayev çıxışında dayanıqlı sülhün önəmli amil olduğunu bildirib. “Biz tarixi-mədəni irsin qorunması istiqamətində səylərimizi birləşdirməliyik. Aydındır ki, müharibələr zamanı mədəniyyətlərə çox böyük zərərlər dəyir. Sülhə aparan yol isə heç də asan olmur. Mədəniyyətlərin bərpası çağırışlarla doludur. Eyni zamanda, nəzərə almalıyıq ki, kollektiv səylər hər zaman önəmlidir. Biz dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq”, - deyə səfir vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə dağıdılmış mədəniyyət abidələrin geniş bərpasına başlayıb. Türk Mədəniyyəti və İrsi Fondu bu işə töhfə vermək məqsədilə Füzuli rayonunun Qoçəhmədli kəndindəki məscidi bərpa etməyi planlaşdırır.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı uğurla davam edir. Bu məsələdə Azərbaycan çox böyük uğurlar qazanıb. “Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətli olduğunu bir daha göstərir”, - deyə o vurğulayıb.

ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro çıxışında mədəniyyətin təkcə abidələr deyil, həm də insanlarla bağlı olduğunu deyib. O qeyd edib: “Biz müharibələr zamanı insanları qorumalıyıq. Abidələri bərpa etmək asandır, burada əsas məsələ insanları qorumaqla bağlıdır. İnsanlar mədəniyyəti özlərinin həyat tərzi kimi görməlidirlər. Həmçinin tarixi yaşatmaq üçün tarixi abidələri də mühafizə etmək lazımdır”.

Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və xarici siyasət Şurasının üzvü Aygün Attar ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə mədəniyyətləri, abidələri, xatirələri məhv etdiyini vurğulayaraq bildirib.

O deyib: “Dialoq Forumunun əsas mahiyyəti təkcə Azərbaycan üçün deyil, həm də bütün dünyanın mədəniyyət mirasını qorumaqla bağlıdır. Bu istiqamətdə görülən tədbirlər yetərli deyil. Mədəniyyətin əsaslı təminatı olan qeyri-hökumət təşkilatları, bir sözlə hər kəs bu məsələlərə etirazını bildirməlidir Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan 44 günlük müharibəyə məcbur qalıb. Məsələnin kədərli nəticəsi ondan ibarətdir ki, üç minə yaxın şəhid verib”.

İşğal dövründə Azərbaycanın təbiətinə də böyük zərər dəydiyini diqqətə çatdıran Aygün Attar əlavə edib: “Azərbaycanın ekologiyasına vurulan zərər həm də bütün dünyanın ekologiyasına vurulan zərərdir. Bu zərərin də maddi dəyəri ödənilməlidir”.

Otuz il boyunca Qarabağda məscidlərin tamamilə yox edildiyini qeyd edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri deyib: “UNESCO-da mədəni irsin qorunması ilə bağlı qanunu qəbul edənlər bu məsələdə səslərini çıxarmadı. Dünyada riyakar siyasət həyata keçirilir, ikili standartlar nümayiş etdirilir. Bütün bu baş verənlərin obyektiv şəkildə hesabı verilməlidir

UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz çıxışında təhsillin və maarifləndirmənin rolundan danışıb. O, hər şeyin məhv olduğu dünyaya sülhü necə gətirmək mümkündür sualına cavab tapmaq üçün UNESCO-nun yaradıldığın bildirərək deyib: “Biz ətrafımızdakı münaqişələrə qarşı daim mübarizə aparmalıyıq. Biz dünya olaraq 1954-cü ildə qəbul edilmiş Konvensiyasının arxasında dayana bilmədik. UNESCO bu məsələnin həlli üçün, ilk növbədə, təhsilin önəmini irəli sürüb, daha sonra mədəni irsin qorunmalı olduğunu təklif edib. Bildirilib ki, əgər mədəniyyətlər birləşərsə, sülh əldə etmək daha asan olar. Miqrasiya edənlərin də maddi-mədəni irsinin qorunması üçün UNESCO mexanizmi əhəmiyyət daşıyır”.

Məşhur fotojurnalist Reza Deqati çıxışında 45 il ərzində şahidi olduğu münaqişələrdən söz açıb. O, münaqişələr zamanı infrastruktura, insana dəymiş ziyanlardan danışaraq əsas dağıntının gözlə görünməyən yaralanmış ruhlar olduğunu deyib, mədəniyyəti bərpa etməyin müxtəlif üsullarından danışıb. R.Deqati, həmçinin Qarabağda son 30 ildə törədilmiş cinayətləri sənədləşdirdiyini də vurğulayıb. Fotojurnalist deyib ki, bəşəriyyət Qarabağın işğal altında qaldığı 30 il ərzində orada nə baş verdiyini bilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video