27 Aprel 2023 10:37
605
CƏMİYYƏT
A- A+
Bahar çağı Kəlbəcərdə

Bahar çağı Kəlbəcərdə

 

Düz 28 il əvvəl yaz vədəsində tərk etdiyi Kəlbəcərə, elə yenə bahar çağında dönmüşdü... Kənarda dayanıb dünyaya göz açdığı Nizami Gəncəvi prospektində yerləşən "223" nömrəli evlərini, daha doğrusu, indi, sadəcə, quruca divarları qalmış uçuq-sökük tikilini ürək ağrısı ilə seyr etmişdi... Hər daşında, kərpicində atasının alın təri olan bu evdə keçirdiyi xoşbəxt günlərindən bir iz, nişanə tapmaq ümidi ilə əbəs yerə bütün künc-bucaqlara göz gəzdirmiş, xatirələrini oyatmaq istəmişdi, lakin... Mənfur düşmən evləri, həyətləri, bağları kimi, buradakı xatirələrini də məhv etmişdi... 
Qəhər onu boğmuş, könlü sıxılmış, doluxsunmuş gözlərinə çalması quzey qarı kimi bərq vuran qoca dağlar sataşanda isə rahatlanmış, sanki dünyanın bəxtəvəri olmuşdu. 
Və o həmin an beynində oyanaraq bir-birini sürətlə əvəz edən uşaqlıq xatirələrinin ardınca düşüb sevinclə üz tutmuşdu Kəlbəcərin binələri çadır-çadır dağlarına, gözoxşayan yaylaqlarına, büllur bulaqlarına... 

 

Nağıllar aləmi

 

Ta ağlı kəsəndən Kəlbəcərin gül-çiçəkli yaylaqlara çıxılan dövrünü çox sevərdi. Şəhərdə yaşasalar da, atası hər zaman qardaşı ilə onu yaylağa köçən qohumlarının  yanına aparar və o anda Aqilə elə gələrdi ki, sanki nağıllar aləminə düşüb. Min bir çiçəkdən xalı salınmış çəmənliklərdə oxuyan quşların avazı, dərin dərələrlə köpürə-köpürə axan coşqun çayların şaqqıltısı, sıldırımları məskən tutan qartalların qıyı təbiətdə mistik bir musiqi harmoniyası yaradardı. Lap o başdan dağlara səs salan çoban tütəyinin səsi ilə oyanıb o da təbiətdə yaşanan bu sehrli coşqunun bir parçasına çevrilərdi. O qədər olmuşdu ki, qaşqa atın belinə sıçrayıb uc-bucaqsız çəmənliklərdə üfüqə doğru çapmış, min bir ətirli çiçəklərin rayihəsini özü ilə bu çəməndən o çəmənə daşıyan ilıq mehi ciyərinə çəkmiş, "Fatma nənənin qurduğu al-əlvan həna"nın, "arzular  körpüsü"nün altından ilk özü keçmək istəmişdi...
Yaylaqla bağlı ən unudulmaz xatirəsi isə zülmət gecədə səmada toqquşan nəhəng buludların alaçıqların içini bir anlıq nura qərq edib yoxa çıxması, ildırım nəriltisinin dağ-daşda vahiməli əks-səda yaratması idi. Bundan sonra isə göylərin hirs-hikkəsi soyuyar, yuxarıdakı qovğadan can qurtaran yağış damlaları yaylaqlarda durna qatarı kimi düzülən ağ alaçıqların çadırlarını döyəcləməyə başlayar və o da bu həmahəng  ritmin altında dərin və sehrli röyalara dalardı...

 

Uğur illəri

 

-  "28 ildən sonra Kəlbəcərə yenidən qədəm basanda elə bildim ki, illər əvvəl orada qoyub gəldiyim uşaqlığıma, yeniyetməliyimə yenidən döndüm. Qəhərlə sevincin bir anda yaşandığı və təsviri mümkünsüz duyğular içərisində idim. Bir yandan yurdunun viran qoyulmasından əzab çəkirsən, digər yandan isə doğma torpağında aldığın gücdən xoşbəxtlik, qürur duyursan. Əminəm ki, bunu tək mən yox, illərin həsrətindən sonra yurduna yenidən dönən bütün keçmiş məcburi köçkünlər yaşayır".
"Biz qayıtdıq, Vətən" rubrikasının budəfəki qonağı Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovdur...
1979-cu il sentyabrın 29-da Kəlbəcər şəhərində ziyalı ailəsində anadan olan Aqil Şirinov 1996-cı ildə Bakıda Kəlbəcər rayon 12 saylı orta məktəbini bitirib. Həmin il Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olaraq 2001-ci ildə bu universitetdən bakalavr və magistr pilləsi üzrə məzun olaraq Türkiyənin Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub. 2003-cü ildə bu elm ocağında doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 2008-ci ildən etibarən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində, habelə 2015-2017-ci illər ərzində bu universitetin Tarix, Filologiya, Tətbiqi Riyaziyyat, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində, İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu və Beynəlxalq İqtisadiyyat məktəbində ingiliscə fəlsəfə dərslərini aparıb. 2016-2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsində şöbə müdiri vəzifəsində də çalışmış Aqil Şirinov 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.
Aqil Şirinov 2020-ci il mayın 12-də Prezidentin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

 

Füsunkar diyar 

 

14 yaşına qədər Kəlbəcərdə yaşayan Aqil Şirinovun atası Muxtar Şirinov Kəlbəcər rayon mərkəzi xəstəxanasında həkim, anası Cəmilə Səfərova Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbində biologiya müəllimi işləyib. Yaşca özündən böyük, Bədən Tərbiyəsi və İdman, eləcə də Polis Akademiyasının məzunu olan İlqar adlı qardaşı isə Kəlbəcər rayon polis şöbəsində çalışıb. 
"Ailəmlə birgə keçirdiyim ən xoş günlər Kəlbəcərdə qalmışdı" söyləyən Aqil Şirinov deyir ki, ötən 28 illik böyük bir zaman dilimində elə gün olmayıb ki, kəlbəcərli xoşbəxt günlərini həsrətlə xatırlamamış olsun.
- Evimiz Nizami Gəncəvi prospektində yerləşirdi, ata babam Bahadurla nənəm Mələk bizimlə eyni həyətdə əmimgillə birgə yaşayırdılar. Sol tərəfə dönəndə Aşıq Alı küçəsi başlayırdı və orada ana baba-nənəm Bahadurla Maya yaşayırdı. Ata babam Bahadur Qurbanov arıçılıq idarəsinin müdiri, ana babam Bahadur Səfərov isə uzun müddət polis sistemində müstəntiq, sahə inspektoru və mühafizə polisinin rəisi kimi çalışıb. 
Atam min bir zəhmətlə bizə ev tikmişdi. Böyük həyətimiz, alma, armud və gilənar ağaclarından ibarət meyvə bağımız var idi. Atam tez-tez bizi rayonun böyük kəndlərinə, yaylaqlarına, İstisu kurort zonasına aparardı. Kəlbəcərlilər bilirlər, bizdə iki - aşağı və yuxarı istisu mineral bulaqları var. Aşağı istisu püskürərək yer üzərinə çıxdığı üçün xalq arasında ona "fantan" deyərdilər. İnsanlar bura gələrək o sudan içər, eyni zamanda bir-biriləri ilə söhbətləşərdilər. Hətta bu bir adət idi ki, Kəlbəcərdə kimin qonağı gəlsə, mütləq, İstisuya aparardı ki, o da bu sudan içsin.
Qohumlarımızın əksəriyyəti yayda yaylaqlara köç edərdi və biz şəhərdən onlara qonaq gedərdik. Əsasən Çökək, Mansur, Qoç daş yaylaqlarına, həmçinin rayonun məşhur Sınıqkilsə (indi Hacıkənd), Çaykənd, Keşdək və digər kəndlərindəki qohumlarımıza, babamın və atamın tanışlarının evlərində qonaq olardıq. O yerlərin təbiətinin təkrarsız füsunkarlığı insanı valeh edərdi. Sonradan dünyanın bir çox yerlərinə getmək imkanım oldu, amma Kəlbəcərin o əsrarəngiz mənzərəsinə, saf havasına, buz bulaqlarının dadına heç bir yerdə rast gəlmədim. 

 

Sazlı-sözlü günlər, bayram coşqusu, ilmələrin rəqsi

 

- Kəlbəcər Azərbaycan saz-söz sənətinin mərkəzlərindən olub və burada xalqımızın sevdiyi böyük ustadlar yaşayıb, yaradıblar. Ustad Ələsgərin yaxın dostu Aşıq Qurban Miskin Abdal ocağının təmsilçisi olub. Onun oğlu Dədə Şəmşir və ustadın ocağında yetişmiş Aşıq Qəmkeş Allahverdi və başqa böyük sənətkarlar bu sənətdə silinməz imzalarını qoyublar. Aşıqlarımız həm də Kəlbəcər toylarına xüsusi ahəngdarlıq bəxş edərdi. Üç gün sürən Kəlbəcər toylarında bir tərəfdə oynamaq istəyənlər üçün qara zurna səslənərdi, digər yanda isə aşıqlar gəlib dastanlar deyərdilər. Mən özüm bir çox dastanlarımız haqqındakı məlumatları məhz o aşıqları dinləyən ata nənəm Mələkdən almışam. Saza olduğu kimi, insanlarımız sözə də çox böyük dəyər verərdilər və elə ailə tapılmazdı ki, orada şeir yazan olmasın. Həmçinin xanımlarımız gözəl bayatılar deyərdilər. Mələk nənəmin dilindən 130 bayatısını qeydə almışdım, hansı ki o zaman 85-dən çox yaşı var idi və vaxtilə söylədiyi bayatıların bir çoxunu artıq xatırlamırdı. Kəlbəcərdə bayram deyəndə, xalq, əsasən, Novruzu nəzərdə tuturdu. Yadımdadır ki, Novruzqabağı çərşənbələrə yaşlı insanlar cəmrələr deyərdilər. Cəmrə qor deməkdir və bu torpağın isinməsini simvolizə edirdi. Çərşənbələrdən üçüncüsü qara bayram adlandırılardı. Vəfat edən şəxslər anılar, qəbiristanlıqlar ziyarət edilərdi. İstisnasız olaraq uşaqların ən çox sevdiyi ilaxır çərşənbəsi isə böyük təntənə ilə keçirilərdi. Böyük tonqallar çatar, qapılara torba atar, bir sözlə, səhərə qədər yatmazdıq. Nənələrimiz Novruz günü səhər tezdən mütləq böyük qazanlarda odun ocağında lobyalı, ya da əriştəli plov dəmləyərdilər. Adət bu idi ki, qohum-qonşu bir-birinin evinə gedib bir qaşıq da olsa o aşdan dadsın. Əyirdək, qatdama, kömbə bişirərdilər. Bu gün də bizim ailədə kömbə bişirmə adəti yaşadılır.
 Rayonumuzun başqa bir spesifik xüsusiyyəti isə demək olar ki, bütün evlərdə xanımların xalça (biz gəbə deyirik) toxumağı bilmələri idi. Mələk nənəm də  yaxşı xalça toxuyardı. O, kimyəvi boyaqlardan istifadə etməz, ipləri təbii çiçəklərdən alınan boyalarla boyayardı. Buna görə də xalçalarımızın rəngi heç zaman solmurdu. Onlara xas ipdən toxunan xalçalar deyərdilər. 

 

Ağrı-acılı xatirələr 

 

1992-ci ildə Ağdərə rayonu Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu həm də Kəlbəcəri Azərbaycanın digər əraziləri ilə əlaqələndirən əsas yolun açılması demək idi. Buna görə də kəlbəcərlilər çox sevinmiş, çətin günlərinin getdikcə aradan qalxacağına ümid etmişdilər, amma təəssüf ki, qarşıda onları daha faciəvi sınaqlar gözləyirdi. 
Aqil Şirinov həmin ağrı-acılı günləri ürək ağrısı ilə xatırlayır: 
- İçimizdə olan bir çox satqınlar, həmin dövrdə ölkədə olan hakimiyyət boşluğu nəticəsində minlərlə şəhidin qanı ilə alınmış Ağdərə bir neçə gün içərisində ermənilər tərəfindən yenidən tutuldu. Bundan sonra Kəlbəcərin qara günləri başladı, eləcə də Laçın rayonunun çox hissəsinin işğal olunması Kəlbəcəri mühasirəyə saldı. Əhali qar-boranlı, təhlükəli Murov yolunun ümidinə qalmışdı. Ermənilərin Kəlbəcərə hücumları getdikcə intensivləşir, 1993-cü il martın sonlarında şəhərin özünə qrad atırdılar. Buna görə atam və əmim qərara gəldilər ki, bizi - yəni  qadınları, uşaqları, qocaları müvəqqəti olaraq aparıb Gəncəyə qoyub, özləri qayıtsınlar. Amma heç kimin ağlının ucundan belə keçmirdi ki, Kəlbəcər işğal olunar. O zaman bizi Gəncəyə qoyub Kəlbəcərə qayıdan atamla əmimi Murovun başında əsgərlərimiz geri qaytarmış, rayonun artıq işğal olunması ilə bağlı dəhşətli xəbəri vermişdilər. 
Kəlbəcərin düşmənə təslim edilməsi odövrkü hakimiyyətin səriştəsizliyi, hətta bəzi hərbi hissə komandirlərinin satqınlığının nəticəsi idi. Çünki Kəlbəcər alınmaz qala idi, o özü-özlüyündə güclü bir istehkam idi. Belə bir ərazinin işğalı sonrakı bir çox savaşda da məğlubiyyətlərimizin təməlini qoydu, rayonlarımızın ard-arda işğalına yol açdı. 

 

"Əsas odur ki, torpağımız bizdədir, dünya malı yerinə gələr"

 

"1993-cü il aprelin 2-dən sonra imkanından, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bütün kəlbəcərlilər məcburi köçkünlüyün maddi, mənəvi çətinliyini çiynində eyni cür daşıyırdı", - deyən Aqil Şirinov onu da söyləyir ki, torpağından didərgin salınan bu insanlara ən çox əzab verən isə bir daha o yerlərə dönə bilməmək qorxusu idi. 
- Ailəmiz əvvəlcə Gəncədə qaldı, sonra Bakıya köçdük. Atamla, anam hərəsi öz peşələri üzrə bir müddət burada çalışdılar, amma heç cür şəhərə öyrəşə bilmədilər. Buna görə də Gəncədə Kəlbəcər rayon xəstəxanası və rayon 2 nömrəli məktəbi yenidən fəaliyyətə başlayanda ata-anam geri döndülər. Bu, həm də Gəncənin Kəlbəcərə daha yaxın olmasına görə idi və sanki onlar doğulduqları torpağın qoxusunu buradan alırdılar. Mələk nənəm Gəncədə Kəlbəcər həsrəti ilə dünyasını dəyişdi.  
Açığı, vaxt keçdikcə məcburi köçkün həyatı yaşayan insanların bir çoxunun ümidi tükənirdi. Əlbəttə, onlar dövlətimizə, ordumuza güvənirdilər, amma dünyadakı konyukturanın torpaqlarımızın azad olunacağına imkan verməyəcəyini düşünürdülər. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəngavər Azərbaycan Ordusu parlaq zəfər qazanaraq bizə torpaqlarımıza əbədi qayıdış xoşbəxtliyi yaşatdılar. Bu qürura, sevincə görə dövlət başçımız cənab İlham Əliyevə, qəhrəman döyüşçülərimizə, qazilərimizə minnətdarıq, canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin ruhuna hər zaman duaçı olacağıq. 
İndi dörd gözlə gözləyirik ki, dövlətimiz tərəfindən Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri başa çatdırılsın və biz torpağımıza qayıdaq. Məlumdur ki, quruculuq yoldan başlayır və bu gün Kəlbəcərdə ən ucqar ərazilərə belə müasir yollar çəkilir. Dünyanın ən böyük tunellərindən biri - Murovdağın altı ilə uzunluğu 12 kilometrə yaxın olan tunel çəkilir. Artıq iki ildir ki, yayda Kəlbəcərli fermerlər öz heyvanlarını, eləcə də arıçılarımız öz təsərrüfatlarını yaylaqlarımıza aparırlar.
Bir sözlə, dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında Kəlbəcər sazlı-sözlü xoşbəxt günlərinə qayıdır.   
28 ildən sonra,  2021-ci ildə mən də iki dəfə Kəlbəcəri ziyarətə getdim. Çox fərqli, təsvirəgəlməz duyğular yaşadım. İşğaldan sonra quql xəritə vasitəsilə Kəlbəcərdəki evimizə baxa bilirdik. Üzərinə yenidən vurulan dam örtüyündən məlum olurdu ki, ermənilər evimizdə yaşayırlar. Lakin ora gedəndə gördüm ki, azadlığından sonra Kəlbəcəri tərk edəndə düşmənlər evimizi dağıdıb, yandırıblar, tamamən yararsız hala salıb çıxıblar. 
Doğulduğun torpağa qayıdış başqa hissdir. Bu duyğular insana həm uşaqlığını xatırladır, həm də Tanrıya şükr edirsən ki, artıq torpaqlarımız işğaldan azad olunub. Kəlbəcərdəki evimizi atamla birgə ziyarət etdim. Təbii ki, öz əlləri ilə tikdiyi evi viranə görmək atamı dərindən sarsıtdı, amma o özünü toxdadaraq dedi ki, "əsas odur torpağımız bizdədir, dünya malı yerinə gələr".

 

Dinlərin harmoniyası 

 

- Onu da deyim ki, Azərbaycan İlahiyyat İnstitutunun Alban-udi xristian icması ilə çox yaxın əməkdaşlığı var və mən ilk dəfə onlarla birlikdə Kəlbəcərə Xudavəng məbədinə getmişdim. Xudavəng Qafqaz Albaniyasına məxsus bir məbəddir, lakin ermənilər Kəlbəcəri işğal edəndən sonra bu məbədi guya qədim erməni məbədi kimi təqdim etdilər və ora saxta yolla müdaxilələr etdilər. Sonra orada erməni keşişləri fəaliyyət göstərməyə başladılar. Amma tarixi faktları örtmək mümkün deyil, bu gün məbəddəki daşların hansının təhrif olunduğunu, nəyin nə zaman əlavə olunduğunu asanlıqla görə bilirik. Mənfur ermənilərdən fərqli olaraq, xalqımız Azərbaycandakı bütün dinlərə məxsus abidələri mühafizə edərək qoruyur və elə bunun özü də ölkəmizdəki tolerantlıq mühitinin böyük göstəricisidir. 
Ulu Öndər Heydər Əliyevin din sahəsinə verdiyi dəyəri xatırlayıram. Tələbə olduğum dövrdə Ulu Öndər tərəfindən Şərqşünaslıq və İlahiyyat fakültələrinin tələbələrinə verilməsi nəzərdə tutulan Akademik Ziya Bünyadov təqaüdü təsis olundu. 1996-cı ildə Bakıda Ulu Öndərin təşəbbüsü ilə "İslam sivilizasiyası Qafqazda" adlı simpozium keçirildi. Tələbə olaraq iştirak etdiyim həmin simpoziumda Heydər Əliyev çıxışında, sözün əsl mənasında, Azərbaycanın din sahəsindəki konsepsiyasını ortaya qoydu, ölkəmizin islam mədəniyyətinə böyük töhfələr verdiyini, eləcə də bu mədəniyyətin bizim üçün dəyərli olduğunu bildirərək, din təhsilinin inkişaf  etdirilməsinin zəruriliyini vurğuladı. 
Ulu Öndərin bu siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə İlahiyyat İnstitutunun mövcud olması da dövlət başçısının Azərbaycanda islam maarifçiliyinə, din təhsilinə bəxş etdiyi böyük töhfədir. İnstitutda təhsil ödənişsizdir, tələbə, müəllim heyəti dövlət qayğısı ilə əhatə olunub. Burada tələbələr təqaüddən əlavə yeməkpulu da alırlar. İlahiyyat İnstitutunda bakalavriatdan əlavə magistratura və doktorantura təhsili də var və eyni zamanda təhsil müəssisəsi olmaqla yanaşı, müdafiə şurası da fəaliyyət göstərir ki, bunlar hamısı dövlətin dinə, dini təhsilə verdiyi böyük önəmin göstəricisidir.

 

Ötən günlər 

 

Budur, yenə Kəlbəcərə ətirli bahar gəlib. Şirinovlar ailəsi də həmişə olduğu kimi, Nizami Gəncəvi prospektindəki 223 nömrəli evlərinin bağında, başına çiçəklərdən qar ələnmiş ağacların altına sərdikləri al-əlvan gəbənin üzərində oturublar...
Muxtar baba rayihəsi ətrafa yayılmış kəklikotulu samovar çayından içə-içə nəvələri Nicat və Muxtara nağıllar aləminə bənzəyən Kəlbəcərin yaylaq həyatından danışır, böyük maraq və heyrətlə babalarını dinləyən uşaqlara hazırlaşmalarını, tezliklə onları da Çökək yaylağına aparacağının şad xəbərini verir...

Bayaqdan bəri nəzərləri ilə kənardan onları izləyən Aqil Şirinovun özünün də istər-istəməz uşaq vaxtı yaylağa getdiyi günlər yadına düşür... 
İlahi, elə bil heç üzərindən illər ötməyib, hər şey vaxtilə necə idisə, eləcə də qalıb... Təkcə, bir zamanlar nəvələrinə yaylaqların nağıl dünyasından danışan Mələk nənə daha aralarında yoxdur... 
Elə bu dəm, uca dağların belindəki çəmənliklərdə durna qatarı tək düzülmüş alaçıqların çadırlarını döyəcləyən yağış damlaları kimi, qəhərqarışıq gözyaşları əllərini döyəcləməyə başlayır...
Eh, ötən günlər... 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!