02 May 2024 15:28
155
CƏMİYYƏT
A- A+

Azərbaycanla Türkiyə arasında insan hüquqlarının müdafiəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

 

Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı müvəkkil iki qardaş ölkə arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin davamlı olaraq inkişaf etdirildiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva TİHEK və Azərbaycanın Ombudsman təsisatı arasında sıx əməkdaşlıq əlaqələrinin məmnunluq doğurduğunu bildirib, qurumlar arasında həyata keçirilən tədbirlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Görüşdə nümayəndə heyətinin səfərinin yekunları barədə müzakirə aparılıb, bu cür səfərlərin insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində əldə edilmiş təcrübələrin mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışan ombudsman Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında qardaş ölkə tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

TİHEK-in sədri Muharrem Kılıç öz növbəsində qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin və inkişafının önəmini vurğulayıb.

Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonağa təqdim edilib.

Qeyd edək ki, TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Səbinə Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib. Səfər müddətində Müvəkkilin Milli Preventiv Qrupunun üzvləri ilə birgə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi bir sıra digər müəssisələrə səfərlər, eləcə də bəzi rəsmilərlə görüşlər həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video