08 Yanvar 2026 08:50
293
CƏMİYYƏT
A- A+
Azərbaycanın yol-nəqliyyat infrastrukturu müasir çağırışlara uyğun inkişaf edir

Azərbaycanın yol-nəqliyyat infrastrukturu müasir çağırışlara uyğun inkişaf edir


Müasir dövrdə ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi birbaşa nəqliyyat infrastrukturunun vəziyyəti ilə ölçülür. Sürətli urbanizasiya, əhalinin artımı, iqtisadi fəallığın genişlənməsi və mobil həyat tərzinin formalaşması yol-nəqliyyat sistemlərinə olan tələbatı kəskin şəkildə artırır. Azərbaycan da bu qlobal tendensiyalardan kənarda qalmır.

Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, regionların balanslı inkişafı və paytaxt Bakının böyüməsi nəqliyyat infrastrukturunun davamlı şəkildə yenilənməsini zəruri edir. 2003-cü ildən bəri Azərbaycanda yol, dəmir yolu, metro və hava nəqliyyatı sahələrində böyük inkişaf həyata keçirilib. Yol infrastrukturu çərçivəsində 20,767 km yol, 335 körpü, 45 tunel və 163 piyada keçidi tikilib. Dəmir yolları üzrə 1,562 km yeni xətt, 1,906 km təmir edilmiş xətt və müasir qatar və vaqonlar alınıb. Metro şəbəkəsi 30 km-dən 41 km-ə genişlənib, 7 stansiya və 1 depo tikilib, sərnişin sayı son 20 ildə 137 milyondan 230 milyona çatdırılıb.

Xüsusilə Bakı şəhərində avtomobillərin sayının sürətlə artması, gündəlik hərəkət intensivliyinin yüksəlməsi və şəhər əhalisinin çoxalması mövcud yol şəbəkəsinin üzərinə ciddi yük qoyur. Bu reallıqlar tıxacların qarşısının alınması, ictimai nəqliyyatın inkişafı, alternativ hərəkət vasitələrinin təşviqi və ekoloji balansın qorunması kimi məsələləri gündəmə gətirir. Artıq nəqliyyat məsələsi təkcə rahat hərəkət problemi deyil, eyni zamanda şəhər həyatının keyfiyyəti, ətraf mühitin mühafizəsi və sosial rifah məsələsi kimi nəzərdən keçirilir.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə də toxundu. Dövlət başçısı ölkənin yol-nəqliyyat sistemi ilə bağlı qarşıda duran çağırışları və gələcək inkişaf prioritetlərini diqqətə çatdırdı. 


Nəqliyyat gündəliyi


Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın müasir nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərdən söz açaraq, mövcud reallıqlara diqqət çəkib. Dövlət başçısı bildirib ki, hazırda inkişaf göz qabağındadır, əhali artır, avtomobillərin sayı çoxalır və hər il ölkəyə on minlərlə yeni maşın gətirilir. Bu amillər fonunda mövcud yol infrastrukturunun artıq kifayət etmədiyini vurğulayan Prezident problemin kompleks yanaşma tələb etdiyini bildirib.

Bu kontekstdə Prezident Bakının yeni yol infrastrukturunun xəritəsinin təsdiqləndiyini diqqətə çatdırıb: "Qeyd etdiyim kimi, 10 yeni metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq onların sərəncamına verildi. Bundan başqa, əlavə iki depo da tikiləcək. Mövcud olan metro stansiyalarında optimallaşma layihələri icra edilir. Mən qeyd etdim, son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?"

Prezident İlham Əliyev Bakıda yeni ictimai məkanların yaradılmasının geniş vüsət aldığını qeyd edərək, bu prosesin nəqliyyat infrastrukturu ilə paralel şəkildə aparıldığını bildirib. Onun sözlərinə görə, yeni parklar, istirahət və ictimai zonalar salınarkən, həmin ərazilərin yol-nəqliyyat təminatı da mütləq şəkildə nəzərə alınır. Dövlət başçısı Mərkəzi Parkı buna bariz nümunə kimi göstərib.

Yeni inşa ediləcək metro stansiyaları, süni göllər və nəqliyyat sistemlərinin qurulması məsələlərinə də toxunan Prezident, xüsusilə velosiped zolaqlarının yaradılmasına diqqət çəkib: "İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq. Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan zaman, əlbəttə, ictimai nəqliyyatdan istifadə etmək ən yaxşı variant ola bilər. Biz bunu etməyə çalışırıq. Yenə də deyirəm, hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək. Biz Bakının tıxac problemini belə həll edə bilərik".


İnkişafın dayaqlarından biri


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Prezident İlham  Əliyevin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə bir neçə istiqamətdən yanaşmaq olar. Ekspertin sözlərinə görə, dövlət başçısının da vurğuladığı kimi, ölkədə yolların, körpülərin, dəmir yollarının və hava limanlarının inkişafı strateji əhəmiyyət daşıyır: "Bu infrastruktur təkcə iqtisadi və sosial baxımdan deyil, ümumilikdə strateji təhlükəsizlik və regional inkişaf baxımından da mühüm rol oynayır. Yol-nəqliyyat infrastrukturu iqtisadiyyatın inkişafına, bölgələrarası əlaqələrin güclənməsinə, əhalinin rahat və təhlükəsiz hərəkətinə xidmət edir, eyni zamanda logistika xərclərini azaldır və regional inkişafı stimullaşdırır".

Eldəniz Cəfərov işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikilməsinin də bu strategiyanın tərkib hissəsi olduğunu qeyd edib: "Hava limanlarının mövcudluğu daşınma və logistika imkanlarını genişləndirir, bölgələrdə hərəkəti daha əlverişli edir. Füzuli, Zəngilan və Laçında 3 beynəlxalq hava limanı istifadəyə verilib. Bu hava limanlarının beynəlxalq marşrutlarla əlaqələndirilməsi də mümkündür".

Ekspert Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə də toxunaraq bildirib ki, bu istiqamətdə mühüm addımlar atılıb: "Cənab Prezident Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı 2025-2030-cu illəri əhatə edən dövlət proqramını imzalayıb. Proqram paytaxtda yolların genişləndirilməsini, tıxacların azaldılmasını, nəqliyyat vasitələrinin modernləşdirilməsini, piyada zolaqlarının yaradılmasını nəzərdə tutur. Bütün bunlar şəhər həyatının keyfiyyətini yüksəldir". Onun sözlərinə görə, müasir dünyada "şəhər mobilliyi" anlayışı yalnız insanların rahat hərəkəti ilə məhdudlaşmır. Şəhər mobilliyi eyni zamanda ekoloji mühitin yaxşılaşdırılmasını, yaşıl zonaların artırılmasını da əhatə edir. Müasir nəqliyyat sistemləri, elektron nəqliyyat kartları, smart idarəetmə, yollarda kameralar, "ağıllı işıqfor" və radarların tətbiqi şəhərdə hərəkəti daha səmərəli və təhlükəsiz edir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yol-nəqliyyat layihələrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan ekspert qeyd edib ki, bu layihələr həm iqtisadi, həm də sosial baxımdan mühümdür. Yeni yollar və körpülər şəhərlər, rayonlar və bölgələr arasında ticarətin və turizmin inkişafına şərait yaradır, əhalinin hərəkətini xeyli asanlaşdırır. Qarabağ və Şərqi Zəngəzurda yolların müasir standartlara uyğun qurulması uzunmüddətli regional inteqrasiyanın əsas təminatıdır".

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr şəhərlərin gələcək inkişaf modelini formalaşdırır, regionlar arasında əlaqələri möhkəmləndirir və vətəndaşların gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir. Müasir nəqliyyat sistemlərinin qurulması, ekoloji baxımdan təmiz həllərin tətbiqi və ictimai nəqliyyatın təşviqi tıxacların azaldılması ilə yanaşı, daha rahat, təhlükəsiz və "yaşıl şəhər" mühitinin formalaşmasına xidmət edə bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklikləri təsdiqləyib  

12:02
02 Fevral

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

12:02
02 Fevral

Makronun siyasi təsiri zəifləyir: Fransa 2027-ci ilə hazırlaşır  

11:49
02 Fevral

Myanma hava limanlarında Nipah virusuna qarşı yoxlamaları gücləndirib  

11:45
02 Fevral

Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır

11:30
02 Fevral

Yanvar ayında ölkə ərazisində temperatur əsasən iqlim normasından yuxarı olub  

11:28
02 Fevral

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir  

11:27
02 Fevral

Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb  

11:26
02 Fevral

Son iki gündə 117 cinayətin açılması təmin edilib  

11:23
02 Fevral

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir 

11:22
02 Fevral

Dünya bazarında qızıl 163 dollardan çox ucuzlaşıb 

11:18
02 Fevral

Prezident İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib  

11:18
02 Fevral

Dünya birjalarında neft ucuzlaşıb 

11:15
02 Fevral

Kolumbiya mətbuatı “ASAN xidmət” modelindən yazıb  

11:14
02 Fevral

Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır

11:12
02 Fevral

Fransada yəhudi məktəbi vandalizmə məruz qalıb  

11:12
02 Fevral

Azərbaycan sikkələri Beynəlxalq Pul Sərgisində ilk dəfə nümayiş olunub 

10:59
02 Fevral

QMİ sədri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcək  

10:31
02 Fevral

2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə  

10:26
02 Fevral

Azərbaycan gəncləri ictimai-siyasi həyatda fəal iştirak edirlər  

10:11
02 Fevral

Sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır  

09:42
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!