18 Noyabr 2025 08:30
398
İQTİSADİYYAT
A- A+
Azərbaycanın yeni geoiqtisadi mandatı

Azərbaycanın yeni geoiqtisadi mandatı


Mərkəzi Asiyanın beş dövləti - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan uzun illərdir "C5" formatında regional dialoq aparır. Son on ildə bu formatın üzərinə "+1" komponenti əlavə olunaraq ABŞ, Aİ, Yaponiya kimi böyük oyunçularla "C5+1" modelləri formalaşıb. İndi isə həmin arxitektura faktiki olaraq yeni bir element qazanır: Azərbaycan.

Bu yeni konfiqurasiya - şərti olaraq "C5+Azərbaycan" və ya "C6" adlandıra biləcəyimiz yanaşma Bakını təkcə nəqliyyat xəritəsində tranzit nöqtəsi kimi deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya-Avropa üçbucağının geoiqtisadi "oyun qurucusu" kimi mövqeləndirmək potensialına malikdir. Məsələ artıq sadəcə diplomatik jestlərdən yox, Orta dəhliz, TRIPP/Zəngəzur dəhlizi, data mübadiləsi, enerji və qeyri-neft ixracı üzrə çoxillik real gündəmdən gedir.

"C5+Azərbaycan"a keçidlə yaranan yeni regional konfiqurasiya mühüm yeniliklər vəd edir. "C5+1" platforması ilk illərdə daha çox siyasi dialoq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi klassik mövzuları əhatə edirdi. Sonrakı mərhələdə isə ticarət və investisiyalar, enerji təhlükəsizliyi və "yaşıl keçid", nəqliyyat və logistik zəncirlərin şaxələndirilməsi, texnoloji əməkdaşlıq və insan kapitalı bu formatın əsas sütunlarına çevrildi.

Azərbaycanın bu məntiqlə "C5+1" əməkdaşlıq formatına daxil olması, əslində, üç paralel xətti birləşdirir. Birincisi, "C5+Azərbaycan" Xəzərin iki sahilini vahid iqtisadi və nəqliyyat məkanına çevirən regiondaxili platforma olacaq. İkincisi, "C5+Azərbaycan"+ ABŞ/Aİ böyük güclərlə artıq tək-tək deyil, blok+hub modelində dialoq forması vəd edir. Və üçüncüsü, "C5+ Azərbaycan"+Türk Dövlətləri Təşkilatı və Orta dəhliz türk coğrafiyasında şaxələnmiş inteqrasiya xəttini təşkil edəcəkdir. 

Beləliklə, Bakı yalnız "dəvət edilən qonaq" deyil, "C5+1" məntiqini Xəzərin qərb sahilinə keçirən əsas qovşaq rolunu oynamağa başlayır. Azərbaycan bu formatı genişləndirir.

Digər mühüm bir məqam Orta dəhliz kimi artıq rəqabətli tranzit məkanında Azərbaycanın "core hub" potensialının reallşması ilə bağlıdır. Geoiqtisadi kontekstdən baxdıqda Şərq və Qərb arasında üç dəhliz üzərində mühüm rəqabət gedir.

Hazırda Avrasiya geoiqtisadiyyatında üç əsas quru marşrut sistemi mövcuddur: Şimal dəhlizi - Rusiya üzərindən keçən klassik Trans-Sibir və ona bağlı xətlər; Cənub dəhlizi - İran və Hind okeanı üzərindən marşrutlar; Orta dəhliz (Trans-Xəzər)-Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa zənciri.

Sanksiyalar, geosiyasi risklər və enerji təhlükəsizliyi gündəmi fonunda Orta dəhliz Qərb üçün daha əlçatan, Mərkəzi Asiya üçün isə daha çoxvektorlu seçimə çevrilir. Azərbaycan bu xəttin həm Xəzər üzərində, həm də Qafqaz daxilində əsas "bottleneck" və eyni zamanda "bottleneck-i açan" məntiqi nöqtəsidir.

Mövcud rəqəmlər də göstərir ki, son illərdə Orta dəhliz üzrə yüklər bir neçə dəfə artıb, lakin hələ də potensialın tamamını əks etdirmir. "C5+Azərbaycan" çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz-dəmir yolu-avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-cu ilə qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin ən azı bir neçə milyon ton artması reallıqdır. Bəs praktik səviyyədə bu nə deməkdir? Orta ssenaridə əlavə yük axını Azərbaycan üçün onlarca milyon dollarlıq sabit tranzit gəliri formalaşdıracaq. Optimist ssenaridə bu rəqəm yüz milyonlarla dollara qədər yüksələ bilər. Daha önəmlisi, liman, dəmir yolu, logistika parkları, anbar, sığorta, bank və xidmət sektorlarında çoxqatlı multiplikativ ÜDM effekti yarana bilər. 

Yəni "C5+Azərbaycan" formatı Azərbaycanın xəritədə "marşrut xətti" olmaqdan çıxaraq "tranzit ekosistemi" qurmasına imkan verəcəkdir.

Yeni format ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən qeyri-neft ixracının struktur transformasiyasının inkişaf etməsinə mühüm təkan verə bilər. Azərbaycanın orta və uzunmüddətli inkişaf strategiyalarının mərkəzində qeyri-neft sektorunun gücləndirilməsi dayanır. "C5+Azərbaycan" bu baxımdan bir sıra mühüm funksiyaları yerinə yetirə bilər:

- Yeni bazar dərinliyi yaranır. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan həm Qara dəniz, həm Türkiyə, həm də Aralıq dənizi bazarlarına çıxış "qapısı"dır. Eyni məntiqlə Azərbaycan istehsalçıları üçün də Mərkəzi Asiya 100 milyondan artıq əhalini əhatə edən, tələbi artan, enerji gəlirləri fonunda alıcılıq qabiliyyəti yüksələn bazardır.

- Məhsul və xidmət strukturunun diversifikasiyası genişlənə bilər. "C5+Azərbaycan" çərçivəsində bir sıra məhsul və xidmət qruplarında daha aqressiv ixrac siyasəti aparmaq mümkündür: metal və kimya məhsulları, kənd təsərrüfatı və qida (meyvə-tərəvəz, konserv, şərab, qənnadı), İT və rəqəmsal xidmətlər (proqram təminatı, BPO, fintech, e-gov həlləri), "edu tourism" və "medical tourism" (təhsil və müalicə üçün qarşılıqlı axınlar).

- Regional dəyər zəncirlərinə qoşulma sürətlənə bilər. Təkcə xammal satmaq əvəzinə Mərkəzi Asiya xammalının və yarımfabrikatlarının Azərbaycanda emalı, daha sonra Avropaya çıxarılması üçün regional dəyər zəncirləri qurmaq mümkündür. Bu, qeyri-neft ixracının həcmini deyil, əlavə dəyər səviyyəsini də yüksəldən faktordur.

- Ssenari yanaşması ilə baxdıqda  Mərkəzi Asiyaya ixracın 2-3 dəfə artması halında bu regionun Azərbaycanın qeyri-neft ixracında payı indiki ikirəqəmli səviyyədən 30-40 faizlik diapazona qədər yüksələ bilər. Bu isə artıq yalnız "coğrafi şaxələndirmə" deyil, struktur transformasiya deməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı və digər dövlət başçılarının şərhləri onu göstərdi ki, Zəngəzur dəhlizi (TRIPP) təkcə yol deyil, mühüm bir geosiyasi və geoiqtisadi layihədir. Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda yaranmış ən mühüm geoiqtisadi konstruksiyalardan biridir. Dəhlizin mahiyyəti ondan ibarətdir ki Azərbaycanı Naxçıvanla birləşdirən qısa, lakin strateji əhəmiyyətli quru koridoru yaradılır, həmin koridorun içindən dəmir yolu, avtomobil yolu, enerji xətləri və rəqəmsal infrastruktur eyni paketdə keçir, marşrut Türkiyə və daha sonra Avropa istiqamətində yeni, daha qısa "döngə" yaradır.

Təhlillər göstərir ki, bu dəhlizin "C5+Azərbaycan" kontekstində bir neçə mühüm təsiri var:

1. Orta dəhlizin "ikili strukturu". Bakı-Tbilisi-Qars xətti ilə yanaşı, Bakı-Naxçıvan-Türkiyə xətti də formalaşır. Bu həm risklərin diversifikasiyası, həm də yüklərin optimallaşdırılması baxımından əhəmiyyətlidir.

2. Enerji və elektrik ötürülməsi üçün əlavə kanal. Neft, qaz və elektrik enerjisi üçün alternativ marşrutların yaranması Azərbaycanın enerji xəritəsində "təkkanallı" riskləri azaldır, Mərkəzi Asiya resursları üçün isə Qərbə doğru çıxış qapısı yaradır.

3. Siyasi normallaşmanın iqtisadi dividendə çevrilməsi. Regionda sülh gündəminin real infrastruktur layihəsi ilə dəstəklənməsi "C5+Azərbaycan" formatının geosiyasi etibarlılığını artırır və xarici investorlar üçün riskləri aşağı salır.

Yəni, əslində, Zəngəzur dəhlizi (TRIPP) bu mənada "C5+Azərbaycan" formatını kağızda qalan diplomatik mexanizmdən çıxarıb, konkret xəritə üzərində ölçülə bilən reallığa çevirən "möhkəm infrastruktur" sütunlarından biridir.

Qlobal iqtisadiyyatda əsas rəqabət edilən sahələr enerji, "yaşıl keçid" və kritik minerallar və onların yeni paylama xəritəsidir. "C5+Azərbaycan" yalnız logistika və ticarət platforması deyil, həm də enerji və resurs paylama mexanizmi kimi düşünülməlidir. 

Azərbaycan artıq "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. "C5+Azərbaycan" Mərkəzi Asiya qazının (məsələn, Türkmənistan, Qazaxıstan) Xəzər üzərindən Azərbaycan infrastrukturu ilə Avropaya çıxarılması üçün əlavə siyasi baza yarada, mövcud boru kəmərlərinin (TANAP, TAP və s.) yüklənmə səviyyəsini artıraraq Azərbaycanın "baza tranzit gəlirlərini" yüksəldə bilər.

Xəzər hövzəsi bərpaolunan enerji potensialına görə artıq beynəlxalq diqqət mərkəzindədir. Azərbaycan dənizdə külək, günəş enerjisi və "yaşıl hidrogen" layihələri üzrə böyük investorlarla müqavilələr bağlayır. "C5+Azərbaycan" çərçivəsində dövlətimiz Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji potensialı ilə öz imkanlarını "paket" şəklində Qərb bazarına təklif edə bilər. Bu modeldə Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də "yaşıl enerji" tranzit və ticarət platforması" rolunu oynaya bilər.

Dünya iqtisadiyyatında enerji keçidi və texnoloji transformasiya fonunda nadir torpaq metalları, batareya metallarının xammalı (litium, kobalt və s.), uran və digər strateji resurslar getdikcə daha çox "geoiqtisadi silah"a çevrilir. Mərkəzi Asiya bu resursların əhəmiyyətli hissəsinə sahibdir. Orta dəhliz və Zəngəzur üzərindən bu resursların Rusiya və İran marşrutlarından yan keçərək Avropa və digər bazarlara çıxarılması və Azərbaycanda emal və yarımfabrikat istehsalı üçün sənaye klasterlərinin formalaşdırılması bütün tərəflərə mühüm rəqabət üstünlüyü qazandıra bilər. Bu üstünlük isə "C5+Azərbaycan" formatını kritik resursların idarə olunması üzrə də regional oyunçu statusuna yüksəldə bilər.

Bir məsələni də qeyd etmək vacibdir ki, "C5+Azərbaycan" formatının potensialı yüksək olsa da, bu potensialın reallaşması zaman tələb edir. Ölkəmizin bunun üçün bir sıra institusional addımlar atması faydalı olacaqdır. Ticarət və tranzit prosedurlarının daha da sadələşdirilməsi üzrə "Bir pəncərə" prinsiplərinin tam tətbiqi, gömrük və sərhəd nəzarətində rəqəmsallaşma səviyyəsinin daha da artırılması, risk əsaslı yanaşma, "data management" sistemlərinin tətbiqinin sürətləndirilməsinə nail olmaq lazımdır. Nəqliyyat infrastrukturunda dəmir yolu, avtomobil yolu, liman, hava yükdaşımalarının vahid master-plan çərçivəsində əlaqələndirilməsi, logistika parkları, azad ticarət zonaları və xüsusi iqtisadi zonaların Orta dəhliz "xəritəsi" üzrə sinxron dizaynının aparılması vacibdir. İnvestisiya mühiti və hüquqi sabitlik  üçün uzunmüddətli konsessiya, PPP və infrastruktura yönəlmiş investisiyalar üçün proqnozlaşdırıla bilən vergi və tənzimləmə mühitinin daha da təkmilləşməsi, beynəlxalq arbitraj, mübahisə həlli mexanizmlərinin etibarlılığının daha da artırılması mühüm irəliləyişlərə təkan verə bilər. İnsan kapitalı və logistika bilikləri üzrə logistika menecmenti, rəqəmsal ticarət, enerji ticarəti, risk menecmenti üzrə ixtisaslı mütəxəssislərin hazırlanması, universitet-biznes-dövlət əməkdaşlığının daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, bütün bu istiqamətdə son illərdə xeyli işlər görülməkdədir.

Başqa sözlə, "C5+Azərbaycan" pəncərəsinin real nəticəyə çevrilməsi üçün ölkəmizin paralel şəkildə həm "möhkəm infrastruktur", həm də "yumşaq infrastuktur" (qanunvericilik, prosedur, insan kapitalı) sahəsində sinxron modernləşmə işlərini sürətli aparması iqtisadi faydaların daha da yüksək və tez olmasına imkan yaradacaqdır.

"C5+Azərbaycan" formatı Azərbaycan üçün imkanlarla yanaşı, bir sıra çağırışlar da yaradır və bizim bu çağırışlara layiqincə cavab vermək imkanlarımız mövcuddur:

* Böyük güclər arasında rəqabət kontekstində Orta dəhliz ABŞ və Aİ üçün, həm də Rusiya və Çin üçün geosiyasi həssas zonadır. Azərbaycanın sınaqdan uğurla çıxmış çoxvektorlu siyasətinin bu məqamda da ölkəmizə fayda verəcəyi şübhəsizdir.

* Regional təhlükəsizlik riskləri kontekstində mümkün gərginlik ocaqları, Əfqanıstan amili, hibrid təhlükələr (kiberhücumlar, informasiya müharibəsi) tranzit və investisiya qərarlarında risk amilini yüksəldə bilər. Bu məqamda da Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə təcrübəsi və regionda nüfüzü hər kəsə fayda verəcəkdir.

* İnstitusional ayaqlaşma kontekstində C5+1, Türk Dövlətləri Təşkilatı, MDB, ŞƏT kimi formatların mövcudluğu koordinasiya, qərarların icrasında əlavə səylər tələb edə bilər. Düşünürəm ki, burda da Azərbaycanın kifayət qədər təcrübəsi mövcuddur. 

Bu mənada Azərbaycanın qarşısında duran əsas strateji vəzifə "uçuş zolağı"nın həddindən artıq yüklənməsinə yol vermədən, hər formatdan maksimal iqtisadi dəyər çıxarmaq üçün incə balanslı diplomatiya və praqmatik iqtisadi siyasət yürütməkdir. Azərbaycan Prezidentinin müdrik və peşəkar iqtisadi siyasəti bu çağırışların öhdəsindən uğurla gəlinəcəyinə təminat verir. 

Beləliklə,  yaxın gələcəyə proyeksiya etdikdə 2030 vizyonunda  Azərbaycanın yeni geoiqtisadi kimliyi daha parlaq görünür. "C5+Azərbaycan" formatı, Orta dəhliz, Zəngəzur dəhlizi (TRIPP), enerji və kritik resurs layihələri birlikdə götürüldükdə, 2030-cu illərə doğru belə bir mənzərəni real edir:

* Azərbaycan Cənubi Qafqazda, Orta dəhlizdə sadəcə "marşrut ölkəsi" deyil, tamformatlı tranzit, logistika və ticarət ekosistemi yaradan regional hub statusu qazanır;

* qeyri-neft ixracında Mərkəzi Asiyanın payının əhəmiyyətli dərəcədə artması ilə ölkə struktur diversifikasiyasına real keçid edir;

* karbohidrogenlə yanaşı, "yaşıl enerji" və kritik minerallar üzrə də Azərbaycan əlverişli paylama nöqtəsi kimi formalaşır;

* Azərbaycan həm Mərkəzi Asiya ölkələri, həm Qərb, həm də digər böyük oyunçular üçün qaçılmaz dialoq ünvanına çevrilir.

Bu mənada "C5+Azərbaycan" sıradan diplomatik format deyil. Bu, Azərbaycanın coğrafi üstünlüyünü, milli birliyini geoiqtisadi üstünlüyə çevirmək üçün çox mühüm strateji pəncərədir.


Tahir MİRKİŞİLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!