18 Avqust 2026 08:30
149
SİYASƏT
A- A+
Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir


Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi təkcə regionda baş verən proseslərə təsir imkanları ilə deyil, getdikcə daha çox qlobal gündəliyin formalaşmasında iştirakı ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən G20 Liderlər Sammitinə dəvət olunması xüsusi siyasi və iqtisadi məna daşıyır. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, avqustun 8-də Azərbaycan və ABŞ prezidentləri arasında keçirilən telefon danışığı zamanı dövlətimizin başçısı G20-yə dəvətə görə Donald Trampa təşəkkürünü bildirib və bu addım ölkəmizə göstərilən xoş münasibətin təzahürü kimi qiymətləndirilib. Telefon danışığında Azərbaycan-ABŞ münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə yüksəldiyi, strateji xarakter aldığı xüsusi vurğulanıb. "2026-cı ildə G20-yə ABŞ sədrlik edir və Liderlər Sammitinin dekabrın 

14-15-də Mayamidə keçirilməsi nəzərdə tutulur. G20-nin iştirakçıları dünya ümumi daxili məhsulunun təxminən 85 faizini və dünya əhalisinin üçdəikisini təmsil edir. Başqa sözlə, söhbət müasir dünya iqtisadiyyatında əsas qərarların, inkişaf tendensiyalarının və uzunmüddətli prioritetlərin müzakirə edildiyi ən nüfuzlu platformalardan birindən gedir. Bu mənada Azərbaycanın G20 Sammitinə dəvətini yalnız diplomatik protokol hadisəsi kimi qiymətləndirmək doğru olmazdı. Bu dəvət son illərdə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və geostrateji çəkisinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti göstəricisidir", - deyə o əlavə edib.

Deputat bildirib ki, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan bu gün müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmağı bacaran azsaylı dövlətlərdən biridir. Ölkəmiz bir tərəfdən, Avropa üçün mühüm enerji tərəfdaşıdır, digər tərəfdən, Mərkəzi Asiyanı Qərblə birləşdirən nəqliyyat-logistika sisteminin əsas həlqələrindən birinə çevrilib. Eyni zamanda Azərbaycan türk dünyasının inteqrasiyasında, İslam əməkdaşlığı məkanında, Qoşulmama Hərəkatında və qlobal iqlim diplomatiyasında özünəməxsus mövqeyə malikdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a,  daha sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına - WUF13-ə evsahibliyi etməsi ölkənin qlobal proseslərdə artan rolunun ayrı-ayrı mərhələləridir.

S.Fətəliyeva qeyd edib ki, G20-yə dəvət isə bu ardıcıllığın davamı kimi qiymətləndirilə bilər: "Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan G20-nin daimi üzvü olmasa da, dünyanın aparıcı iqtisadi güclərinin müzakirə platformasına xüsusi dəvət alır. Bu, ölkəmizin iqtisadi ölçülərindən daha geniş geosiyasi əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycanın G20 müzakirələrinə verə biləcəyi töhfələrin mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Uzun illər ərzində Bakı enerji resurslarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. "Cənub qaz dəhlizi" və onun tərkib hissələri artıq yalnız Azərbaycan iqtisadiyyatının ixrac imkanları ilə deyil, Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən biri kimi qəbul olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi bundan sonra daha da artacaq. Lakin yeni mərhələdə söhbət yalnız neft və qazdan getmir. Azərbaycan artıq ənənəvi enerji ehtiyatları ilə yanaşı, bərpaolunan enerji və "yaşıl enerji"nin Avropaya ötürülməsi üçün yeni transregional sistemlərin yaradılmasında iştirak edir. Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" dəhlizi, həmçinin Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması perspektivi ölkəmizin enerji xəritəsində funksiyasını dəyişir. Azərbaycan artıq yalnız enerji istehsal və ixrac edən dövlət deyil, Avrasiyanın müxtəlif regionlarını birləşdirən enerji qovşağına çevrilir. Məhz enerji təhlükəsizliyinin, enerji keçidinin, yeni texnologiyalar və dayanıqlı iqtisadi inkişafın G20 gündəliyinin əsas mövzuları sırasında olması Azərbaycanın bu formatda iştirakını xüsusilə aktual edir". 

Deputat bildirib ki, Azərbaycanın G20 üçün əhəmiyyətini artıran ikinci mühüm istiqamət qlobal nəqliyyat və təchizat zəncirləridir. Son illərdə dünyada baş verən geosiyasi böhranlar ənənəvi yükdaşıma marşrutlarının həssaslığını üzə çıxarıb. Alternativ, təhlükəsiz və şaxələndirilmiş logistika xətlərinin yaradılması artıq yalnız regional deyil, qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrilib. Bu kontekstdə Orta dəhlizin əhəmiyyəti sürətlə artır. Azərbaycan Xəzərin şərqindən - Mərkəzi Asiya və Çindən gələn yükləri Gürcüstan, Türkiyə və Avropaya çatdıran bu xəttin əsas coğrafi və infrastruktur mərkəzlərindən biridir. Beynəlxalq ekspert qiymətləndirmələrində də Azərbaycanın strateji yerləşməsinin onu Çin-Avropa yük axınlarının əsas nəqliyyat qovşaqlarından birinə çevirdiyi vurğulanır. Naxçıvan istiqamətində yeni nəqliyyat kommunikasiyalarının açılması və TRIPP layihəsinin reallaşdırılması isə bu imkanları daha da genişləndirə bilər. Beləliklə, bu proses Azərbaycanı Şərq-Qərb xətti boyunca, sadəcə, tranzit ölkədən yeni Avrasiya bağlantı arxitekturasını formalaşdıran əsas iştirakçılardan birinə çevirir. Bu baxımdan, Azərbaycanın G20-də iştirakı həm də ölkəmizə qlobal təchizat zəncirlərinin gələcəyi, nəqliyyat infrastrukturuna investisiyalar və regional bağlantıların inkişafı ilə bağlı öz baxışını birbaşa təqdim etmək imkanı verəcək.

O deyib ki, son dövrlərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin yeni keyfiyyət mərhələsinə yüksəlməsi də xüsusi diqqət çəkir: "Azərbaycan coğrafi baxımdan Cənubi Qafqaz ölkəsi olsa da, onun siyasi, iqtisadi, nəqliyyat və mədəni əlaqələri Mərkəzi Asiya ilə vahid strateji məkan formalaşdırır. Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq mexanizmlərində fəallığının artması, nəqliyyat, enerji və investisiya layihələrinin genişlənməsi Xəzər hövzəsini, bütövlükdə yeni geoiqtisadi mərkəzə çevirir. Bu istiqamətdə Orta dəhliz, "yaşıl enerji" layihələri və rəqəmsal bağlantılar əsas rol oynayır. Məhz buna görə Azərbaycan G20 platformasında təkcə öz milli maraqlarını deyil, daha geniş coğrafiyanın - Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanın iqtisadi imkanlarını dünya iqtisadiyyatının aparıcı aktorlarına təqdim edə biləcək nadir ölkələrdən biridir. Bu, Bakının beynəlxalq rolunda baş verən mühüm transformasiyanı göstərir: ayrı-ayrı coğrafi məkanların kəsişmə nöqtəsi olmaqla kifayətlənməyən Azərbaycan onları siyasi və iqtisadi baxımdan bir-birinə bağlayan aktora çevrilir".

Deputatın fikrincə, Azərbaycanın G20-yə dəvət olunmasının ABŞ-Azərbaycan münasibətləri kontekstində ayrıca siyasi əhəmiyyəti var. Belə ki, avqustun 8-də Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında telefon danışığında iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, Vaşinqton Sülh Sammitinin nəticələri, Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP layihəsi müzakirə olunub. Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini məmnunluqla qeyd ediblər. Bunun fonunda ABŞ Prezidentinin Azərbaycan liderini G20 Sammitinə dəvət etməsi iki ölkə arasında formalaşan yeni qarşılıqlı etimadın konkret təzahürü hesab oluna bilər. Ekspertlər də bu dəvəti Bakı-Vaşinqton münasibətlərində yeni dinamikanın və Azərbaycanın ABŞ üçün artan strateji əhəmiyyətinin göstəricilərindən biri kimi qiymətləndirirlər. Əlbəttə, burada məsələ yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. ABŞ-nin 2026-cı ildə G20-yə sədrliyi çərçivəsində iqtisadi artımın sürətləndirilməsi, innovasiyaların təşviqi və iqtisadi tərəfdaşlıqların genişləndirilməsini prioritet kimi müəyyənləşdirməsi də Azərbaycanın mövcud iqtisadi və geostrateji imkanları ilə üst-üstə düşür. 

Sevinc Fətəliyeva onu da qeyd edib ki, G20-də iştirak Azərbaycanın qarşısında bir neçə mühüm imkan açır: "İlk növbədə bu, dünya iqtisadiyyatının əsas güc mərkəzlərinin rəhbərləri ilə bir platformada birbaşa dialoq imkanını genişləndirir. Belə formatlarda yalnız rəsmi plenar müzakirələr deyil, ikitərəfli təmaslar və qeyri-formal siyasi dialoq da xüsusi əhəmiyyət daşıyır. İkincisi, Azərbaycan öz enerji, nəqliyyat, rəqəmsal bağlantı, yaşıl keçid və investisiya layihələrini dünyanın ən böyük iqtisadiyyatlarının diqqətinə çatdırmaq imkanı əldə edir. Üçüncüsü, G20 platformasında iştirak Azərbaycanın Cənubi Qafqazda yaranmış yeni reallıqları, regional sülhün iqtisadi dividendlərini və yeni kommunikasiyaların, bütövlükdə Avrasiyaya verə biləcəyi faydaları daha geniş beynəlxalq auditoriyaya təqdim etməsi baxımından əhəmiyyətlidir. Nəhayət, bu dəvət Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin mühüm nəticəsini bir daha göstərir: ölkəmizin beynəlxalq əhəmiyyəti onun ərazi ölçüsü və ya əhalisinin sayı ilə deyil, həyata keçirdiyi siyasətin nəticələri, yaratdığı bağlantılar, etibarlı tərəfdaş kimi qazandığı reputasiya və regional prosesləri qlobal maraqlarla uzlaşdırmaq qabiliyyəti ilə müəyyən olunur". 

Bu gün dünya siyasətində "orta güc" dövlətlərin rolunun artdığını deyən deputatın sözlərinə görə, böyük güclər arasında rəqabətin dərinləşdiyi şəraitdə müstəqil siyasət aparan, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə işləyə bilən, enerji, logistika və diplomatiya sahəsində real resurslara malik olan ölkələrə ehtiyac daha da artır. Azərbaycan məhz belə dövlətlərdən biridir. G20-yə dəvət də, əslində, bu yeni reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. "Azərbaycan bu platformaya yalnız öz mövqeyini çatdırmaq üçün deyil, Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa, ənənəvi enerji ilə "yaşıl enerji", regional sülhlə qlobal iqtisadi əməkdaşlıq arasında formalaşdırdığı əlaqələrə əsaslanan konkret gündəliklə gedir. Bu isə G20-də iştirakın Azərbaycan üçün, sadəcə, yüksəksəviyyəli beynəlxalq tədbir deyil, ölkəmizin qlobal siyasi və iqtisadi sistemdə artan çəkisinin növbəti təsdiqi olduğunu deməyə əsas verir", - deyə Sevinc Fətəliyeva vurğulayıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

20:10
17 Avqust

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır  

20:05
17 Avqust

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

20:00
17 Avqust

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 

19:55
17 Avqust

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub  

19:50
17 Avqust

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19:45
17 Avqust

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

19:40
17 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb

19:35
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!