Həmçinin bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşıq
Prezident İlham Əliyevin Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinə aid məsələlər də öz dolğun əksini tapıb. Belə ki, dövlətimizin başçısı ölkəmizin həyata keçirdiyi qlobal nəqliyyat, logistika, enerji layihələrindən bəhs edib, işğaldan azad olunmuş ərazilərimizdə gedən işlər barədə məlumat verib.
Enerji təhlükəsizliyindən danışarkən Prezidentimiz bunun sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olduğunu vurğulayıb, Azərbaycanın bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam etdiyini diqqətə çatdırıb: "Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq".
Məlum olduğu kimi, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bunlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyadır. Beləliklə, Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur.
Yeni çağırışlar qarşısında qaza tələbatın artması və bu ehtiyacın ödənilməsi kompleks tədbirlərin görülməsini, o cümlədən ixrac infrastrukturunun şaxələndirilməsini zərurətə çevirir. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi də bu tələbatın ödənilməsi məqsədindən irəli gəlmişdir. 2023-cü il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilmişdir. İnfrastrukturun şaxələndirilməsi Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının diversifikasiyasında ölkəmizim strateji rolunu artırır. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndiriblər. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb. Bununla da Suriyanın elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb.
Ölkəmizin "yaşıl gündəliyi" də artıq bütün dünyaya bəllidir. Bununla belə, Prezident İlham Əliyev bir sıra mötəbər tədbirlərdə olduğu kimi, indi də bəyan etdi ki, "yaşıl keçid"ə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq:"Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz".
"Yaşıl gündəliyimizə" gəldikdə isə, dövlətimizin başçısı demişdir: "Azərbaycan həmçinin günəş, külək və su-elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın, təxminən, 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək".
Başqa sözlə, 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalandığını xatırlayaq. Bunun üçün Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Keçən il Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında da "yaşıl enerji" ilə bağlı sənəd imzalanıb. Bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik.
Ölkəmiz bu hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin "yaşıl enerji zonası" elan etdiyi Qarabağ və Şərqi Zəngəzurda su-elektrik enerjisi əsas yer tutur. Cari ayın əvvəlində Kəlbəcərdə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilmiş 3 yeni su-elektrik stansiyası da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə bu cür enerji obyektlərinin sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Cəbrayıl rayonunda isə BP şikəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektik Stansiyası tikilməkdədir.
2023-cü il oktyabrın 26-da Bakıda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə qoyuluş gücü 240 MVt olan Xızı-Abşeron Külək-Elektrik Stansiyası layihəsini həyata keçirir. Bu siyahını uzatmaq da mümkündür.
Lakin Azərbaycanın nailiyyətləri təkcə qlobal enerji layihələrindən ibarət deyil. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri kimi bağlantı layihələri bizim ölkəmizdən keçir. 2022-ci ildən bəri Orta dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.
Prezidentimizin Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında dediyi kimi: "Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə - 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi ("Moody's" və "Fitch") Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır".
Dövlətimizin başçısı son illərdə əldə etdiyimiz nailiyyətləri yalnız Azərbaycanın qələbəsi və uğuru kimi deyil, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu kimi səciyyələndirib.
Flora SADIQLI,
"Azərbaycan"