17 Oktyabr 2024 08:50
1486
İQTİSADİYYAT
A- A+
Azərbaycanda investisiya siyasətinin inkişaf istiqamətləri

Azərbaycanda investisiya siyasətinin inkişaf istiqamətləri


Müstəqilliyin birinci mərhələsində Azərbaycan hökumətinin investisiya siyasətində dövlət sərmayələrindən daha çox neft-qaz sektorunda, istehsal və sosial infrastruktur obyektlərinin modernləşdirilməsində istifadə olunması prioritet təşkil etmişdir. Özəlləşdirmə prosesində investisiya müsabiqələrinə üstünlük verilmiş həmin dövrdə dövlət sərmayəsindən regionların abadlaşdırılmasında da istifadə olunmuşdur. 

O illər dövlət investisiya proqramlarında nəzərdə tutulan investisiyaların 70-80 faizdən çoxu nəqliyyat, energetika, kommunal, su təchizatı, meliorasiya, sosial və digər infrastruktur obyektlərinin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir. Azərbaycan hökumətinin investisiya siyasətində qeyri-neft emal sənaye sahələrinin və aqrar sektorun maddi-texniki bazasının yenidən qurulmasının, əsasən, özəl investisiyaların hesabına həyata keçirilməsi konsepsiyası üstünlük təşkil etmişdir. Amma dövlət investisiyalarından bu sektorlarda istifadə olunması bəzən bazar iqtisadi sisteminin tələblərinə cavab verməyən baxış kimi qiymətləndirilirdi. Burada cənab İlham Əliyevin bir fikrini diqqətə çatdırmaq istəyirdik. Prezident demişdir: "Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Buna görə də şəxsən mən hökumətin yeni sənaye sahələrinin yaradılmasına birbaşa müdaxiləsinin tərəfdarı deyiləm… Ölkənin qeyri-neft sahələri özəl sektor tərəfindən inkişaf etdirilməlidir və biz buna nail olmağa çalışırıq" ("Azərbaycan" qəzeti, 20.10.2005). 

2003-2022-ci illəri əhatə edən statistik informasiyaların araşdırılması göstərir ki, 2003-2005-ci illərdə daxili mənbələr hesabına qeyri-neft emal sənayesində əsas kapitala cəmi 129,5 milyon manat investisiya qoyulmuşdur ki, bu da daxili sərmayələrin 3 faizini təşkil etmişdir. Kənd təsərrüfatında isə bu göstərici 1,7 faiz olmuşdur. Beynəlxalq təcrübə də göstərir ki, dövlət xətti ilə yeni müəssisələr və istehsal gücləri yaratmaq, özəl müəssisələrin yenidən qurulmasında dövlətin öz investisiyası ilə iş-tirakı çox təbii və zəruri hesab edilir. 

İqtisadi nəzəriyyə sahibkarlara və dövlətə iqtisadiyyatın hansı sektoruna investisiya yönəldilməsinin seçilməsində çox az kömək edə bilir. Hər ölkə yerli xüsusiyyətlərindən və iqtisadi durumundan asılı olaraq, özünün düzgün investisiya istiqamətlərini müəyyən edir və bununla dünya iqtisadi sistemində özünün ixtisaslaşmasını müəyyən etmiş olur. İnvestisiya iqtisadi artıma təsir edən əsas amillərdən biri olduğuna görə dövlətin investisiya siyasəti məqsədyönlü olmalıdır, yəni mülkiyyət formasından asılı olmayaraq, investisiyanın istiqaməti əvvəlcədən iqtisadi sektorlar və regionlar üzrə dövlət tərəfindən müəyyən edilməlidir.

Bazar sistemində dövlətin öz vəsaiti ilə investisiya fəaliyyətində iştirakı ölkənin iqtisadiyyatında yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dövrlərdə müxtəlif formada həyata keçirilir. Bazar iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsindən və büdcədənkənar fondlardan vəsait ayırmaqla sahə mənsubiyyətindən asılı olmayaraq (infrastruktur, emal sənayesi, aqrar sektor) dövlətin özü investisiya fəaliyyəti göstərir, əsas kapitala xeyli vəsait sərf edir. İnkişaf etmiş ölkələrdə investisiyaların maliyyələşdirilməsi üçün qarışıq maliyyə mənbələrindən (dövlət və özəl) də zəruri hallarda istifadə olunur.

Özəl qurumlara dövlətin investisiya yardımı müxtəlif formalarda olur: investisiya proqramlarında dövlətin iştirak etməsi, kredit alınması üçün dövlət zəmanətinin verilməsi. İqtisadi ədəbiyyat təsdiq edir ki, inkişaf etmiş ölkələrdə dövlət öz vəsaitləri ilə sənayenin və kənd təsərrüfatının müasir tələblərə cavab verən istehsal strukturunun formalaşmasında vaxtilə fəal iştirak etmişdir. Amma beynəlxalq təcrübə və iqtisadi nəzəriyyə göstərir ki, dövlət investisiyalarından istifadənin istiqamətləri zaman-zaman dəyişir və ölkədə yaranmış iqtisadi durumdan asılı olaraq müəyyən edilir. Məsələn, XIX əsrin əvvəllərindən Yaponiyada kapitalist sənayesini yaratmaq üçün kompleks tədbirlər həyata keçirilmiş, o cümlədən dövlət müəssisələrinin yaradılmasına başlanılmışdır. Özəl müəssisələrə subsidiyalar verilmiş və ölkədə yüksək müdafiə rüsumları tətbiq edilmişdir. Bu siyasət XX əsrin 30-cu illərində daha da gücləndirilmişdir. 1950-1960-cı illərdə Türkiyədə Adnan Menderes hökuməti dövründə dövlətin pul vəsaitləri bir qayda olaraq kənd təsərrüfatına yönəldilmişdir. Cənubi Koreyada isə 1960-1970-ci illərdə iqtisadiyyata kapital qoyuluşunun ümumi həcmində dövlət bölməsinin payı 90 faizə çatmışdır. 

İqtisadiyyatın şaxələndirilməsi barədə Prezidentin qarşıya qoyduğu vəzifələri vaxtında və bütünlüklə yerinə yetirmək, habelə inkişafın sənaye mərhələsini uğurla başa vurulmasını təmin etmək üçün qeyri-neft emal sənayesinin və aqrar-sənaye kompleksinin inkişafı proqramlarının investiya təminatına yenidən baxılması və bu sahələrdə dövlət investisiyalarından istifadənin genişləndirilməsi zərurəti meydana çıxmışdır. Bu məqsədlə hələ 2006-cı ildə dövlət statuslu Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) yaradılmışdır. AİŞ-in yaradılmasından sonra emal sənayesində dövlət investisiyalarından istifadə xeyli genişlənmişdir ki, bu da dövlətin investisiya siyasətində müsbət dəyişiklik kimi qiymətləndirilməlidir. Nəticədə 2006-2011-ci illərdə bütünlükdə daxili mənbələr hesabına qeyri-neft emal sənayesində əsas kapitala 2 milyard 217,5 milyon, 2019-2022-ci illərdə 5 milyard 102 milyon manat investisiya yönəldilmişdir. Burada diqqəti cəlb edən fakt ondan ibarətdir ki, 2019-2022-ci illərdə qeyri-neft emal sənayesinə qoyulan daxili investisiyanın 40 faizi dövlətə, 60 faizi qeyri-dövlət təsərrüfat subyektlərinə məxsus olmuşdur. Həmin dövr kənd təsərrüfatında isə 2 milyard 40,1 milyon manat həcmində investisiyadan istifadə edilmişdir. Aqrar sektordan söz düşmüşkən qeyd edək ki, hazırda kənd təsərrüfatının investisiya təminatında onun özünün resursları əhəmiyyətli rol oynaya bilər. Ancaq aqrar sektor 2001-ci ildən bütün vergilərdən qeyd-şərtsiz azad edilmişdir. Halbuki bu güzəştlərin verilməsi investisiya qoyuluşu ilə şərtlənməlidir. Əks halda güzəştlər sahənin investisiya təminatına mənfi təsir edir. Odur ki, bu cür güzəştlər yalnız strateji xarakterli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri istehsalçılara və kooperativlərə, özü də müəyyən müddətə elə şərtlə edilməlidir ki, onlar güzəştdən qazandıqları maliyyə vəsaitlərini investisiya kimi təsərrüfatlarında istifadə etsinlər. Bu tədbir sahənin investisiya təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. 

Daxili investisiyaların həcminin və dinamikasının təhlili göstərir ki, 2022-ci ildə 2003-cü illə müqayisədə daxili investisiyalar 11,6, o cümlədən dövlət investisiyaları 19,6, qeyri-dövlət daxili investisiyaları 6,6 dəfə artmışdır. Həmin dövr dövlət investisiyalarının artım sürəti yerli özəl investisiyalarla müqayisədə daha yüksək olmuşdur. 2006-2022-ci illər dövlət investisiyalarında dövlət büdcəsi dövlət müəssisələrinə nisbətən üstünlük təşkil etmişdir. Yerli özəl investisiyaların həcmi isə 2006-2010-cu illərdəki 13 milyard 662 milyon manatdan 2019-2022-ci illərdə 19 milyard 740 milyon manata qədər artmış, 2022-ci ildə daxili investisiyalarda onların xüsusi çəkisi 36,1faizə qədər yüksəlmişdir.

Bu gün də Azərbaycanda investisiya siyasətinin əsasında qeyri-neft emal sənaye sahələrinin və aqrar-sənaye kompleksinin prioritet inkişafı, ləyaqətli məşğulluğun təmin edilməsi, iqtisadi və sosial səmərəliliyin yüksəldilməsi durur və belə də olmalıdır. Çünki Azərbaycanda sənayesi inkişaf etmiş ölkələrə xas olan makroiqtisadi göstəricilərə nail olmaq (iqtisadi və regional tarazlıq, sənayenin emal sahələrinin və xidmət sektorunun yüksək xüsusi çəkisi və s.) məqsəd kimi qarşıya qoyulmuşdur. Prezidentin iqtisadi inkişaf proqramının uğurla yerinə yetirilməsi üçün regional sənayenin, xüsusi ilə onun qeyri-neft emal sektorunun, aqroemal sənayesinin sürətlə və kompleks inkişafı tələb olunur. Amma apardığımız təhlillər göstərir ki, 2022-ci ildə qeyri-neft emal sənaye məhsulları istehsalının 63 faizi Bakı şəhərində və Abşeron-Xızı iqtisadi rayonunda istehsal edilmişdir. Bu göstərici Naxçıvan iqtisadi rayonunda 5,3, Mil-Muğan iqtisadi rayonunda 3,6, Gəncə-Daşkəsən iqtisadi rayonunda 3,4, qalan iqtisadi rayonunda 1-2 faiz civarında olmuşdur. Göründüyü kimi, 4 regional inkişaf dövlət proqramı bölgələrin tarazlı inkişafına təsir etsə də, bu, istənilən səviyyədə olmamışdır. Ona görə də indiki mərhələdə dövlət öz maliyyə vəsaitləri ilə regionlarda infrastruktur obyektləri ilə yanaşı, qeyri-neft emal sənaye sahələrində və aqrar-sənaye kompleksində, xüsusilə istehlak malları istehsal sahələrində də yeni istehsal güclər yaratmalıdır.

Regionlarda emal sənayesinin və aqrar sektorun inkişafına dövlət investisiyalarının daha da artırılması zərurətini meydana çıxaran amillərdən biri də bölgələrdə fəaliyyət göstərən yerli sahibkarların bir tərəfdən maliyyə bazasının zəif, digər tərəfdən həmin sahələrin cəlbediciliyinin aşağı olmasıdır. Bu yerdə Prezidentin bir göstərişini də xatırlatmaq yerinə düşərdi. Qəbələ rayonunda olarkən cənab İlham Əliyev demişdir: "Xarici investor onu maraqlandıran sahələrə investisiyalar qoyur. Bu da təbiidir. Amma elə sahələr var ki, bizim üçün vacibdir, lakin ora investisiya tapa bilmirik. Ona görə Dövlət İnvestisiya Şirkəti vasitəsilə Azərbaycan hökuməti özü müəyyən edəcək ki, biz bu investisiyaları hansı rayona, hansı sənaye sahəsinin inkişafına yönəldək" ("Azərbaycan" qəzeti, 03.03.2007). 

Bankların da investisiya fəallığı zəifdir. Əsas səbəbi investisiya fəaliyyətində iqtisadi maraqlarının olmamasıdır. Çünki Azərbaycanın kommersiya banklarında resurs bazasının kifayət etməməsi nəticəsində onların kredit faizləri çox yüksəkdir ki, bu da ölkə iqtisadiyyatının kreditləşdirilməsini lazımi səviyyədə təmin etmək üçün maddi şərait yaratmır. Təkcə onu da qeyd edək ki, 2022-ci ildə əsas kapitala qoyulan investisiyaların yalnız 2,8 faizi bank kreditləri olmuşdur. Sonrakı illərdə də bu sahədə elə bir ciddi fərq qeydə alınmamışdır. 

İstehsalın sahə və regional struktur dəyişikliklərinin miqyaslı həcmdə təmin edilməsi irimiqyaslı investisiya ilə bağlıdır. İndiki mərhələdə bu struktur dəyişikliklərində özəl qurumlarla yanaşı, dövlətin də bir investor kimi iştirakı zəruridir. Bu, təkcə ölkə üzrə iqtisadi artımın təmin olunması zərurətindən irəli gəlmir. Xüsusən regionlarda yeni iş yerləri yaradılmalıdır ki, şəhərlərə əhali axını aşağı düşsün. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 1999-cü illə müqayisədə əhali artımının 70 faizi məhz şəhərlərin payına düşmüşdür. Kənd əhalisinin xüsusi çəkisi 1999-cu ildəki 50 faizdən 2023-cü ildə 31 faizə qədər azalmışdır. 2023-cü ildə əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6, kənd əhalisininki 45,4 faiz olmuşdur. Bunun əsas səbəbindən biri sənaye sektorunda ən çox əməktutumlu sahə hesab olunan emal sənayesinin regionlarda istənilən səviyyədə inkişaf etməməsidir. Məsələn, 2022-ci ildə emal sənaye məhsullarının 77,2 faizi 2 regionda - Bakı şəhərində (54,4 faiz) və Abşeron-Xızı iqtisadi rayonunda (22,8 faiz) istehsal edilmişdir. Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında bu göstərici 0,4-1,7 faiz civarında olmuşdur. Bu reallıqdan çıxış edərək belə qənaətə gəlmək olar ki, dövlət investisiya resurslarının kifayət qədər mövcud olduğu bir şəraitdə sənayenin qeyri-neft emal sahələrinin və aqrar-sənaye kompleksinin dövlət vəsaitləri hesabına inkişaf etdirilməsi dövlətin investisiya siyasətinə daxil edilməsi zərurətini yaradır. 

Yeri gəlmişkən, nəzərə çatdıraq ki, yeni reallıq kənd təsərrüfatı kooperativlərinə yeni yanaşma tələb edir. Hesab edirik ki, 2016-cı ildə qəbul edilmiş "Kənd Təsərrafatı Kooperasiyası haqqında" qanun beynəlxalq təcrübə nəzərə alınmaqla yenidən işlənməli, kooperativləşməni stimullaşdırmaq üçün güzəştli kreditlər, dövlət investisiyaları, vergi güzəştləri məhz onlara verilməlidir. Paralel olaraq emal və ticarət müəssisələri yaradılmalı, strateji kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dövlət tərəfindən tənzimlənməlidir. Bu məsələdə təkcə buğda ilə kifayətlənmək olmaz.

Azərbaycan hökumətinin investisiya siyasətində mühüm dəyişikliklərindən biri də dövlət-özəl sektorlarının birgə partnyorluq sisteminin təşkil edilməsidir. Məlum olduğu kimi, 2022-ci ildə "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun qəbul edilmiş, Nazirlər Kabinetinin 2024-cü il 18 mart tarixli qərarı ilə "Dövlət-özəl tərəfdaşlığı qaydaları" təsdiqlənmişdir. Bu qərara görə, ehtimal olunan ümumi dəyəri 30 milyon manatdan çox olan layihələr dövlət-özəl tərəfdaşlığı qaydasında həyata keçirilə bilər. Azərbaycanın investisiya siyasətində daha bir yenilik isə özəl müəssisələrə dövlət investisiyalarının qoyulması haqqında qərarın qəbul edilməsidir.

1995-ci ildə qəbul edilmiş "İnvestisiya fəaliyyəti haqqında" qanunda amortizasiya ayırmaları investisiya fəaliyyətinin maliyyə mənbələrindən biri kimi nəzərdə tutulmuşdur (Maddə 9). Həmin qanunun 11-ci maddəsində göstərilir ki, amortizasiya siyasəti investisiya fəaliyyətinin dövlət tənzimləmə vasitələrindən biridir. Ancaq 2022-ci ilin iyul ayında qəbul edilmiş "İnvestisiya fəaliyyəti haqqında" qanunda amortizasiya ayırmalarının investisiyaların maliyyə mənbəyi olması haqqında müddəa nəzərdə tutulmamışdır ki, bu da beynəlxalq təcrübəyə və iqtisadi nəzəriyyəyə ziddir. Bununla da böyük məbləğdə pul vəsaitindən investisiya kimi məqsədyönlü istifadə edilməsi imkanından Azərbaycan hökuməti məhrum olmuşdur. Bu reallıqdan çıxış edərək "Amortizasiya ayırmaları haqqında" qanunun qəbul olunmasını və Amortizasiya Fondunun yaradılmasını təklif edirik. Amortizasiya ayırmalarının mənfəətdən vergitutma bazasına aid edilməsi, onlardan hökumətin icazəsi ilə prioritet sahələrdə ancaq investisiya məqsədləri, o cümlədən innovasiyaların tətbiqi üçün istifadə edilməsi, amortizasiya güzəştləri sisteminin tətbiqi, investisiya kimi istifadə olunan amortizasiya ayırmalarının mənfəət vergisindən azad edilməsi məqsədəuyğun olardı. 

Həmçinin hesab edirik ki, investisiya siyasətinə zamanın tələblərinə uyğun dəyişiklik etmək və daxili investisiyaların stimullaşdırılmasını təmin edən iqtisadi mexanizmləri (vergi güzəştləri, mərkəzləşdirilmiş kredit resursları, uçot dərəcəsi, amortizasiya güzəştləri, kredit dərəcələri və s.) təkmilləşdirmək lazımdır. Lakin burada söhbət dövlət investisiyalarının bütövlükdə bütün sahələrdə istifadə olunmasından deyil, hökumət tərəfindən təsdiq edilmiş prioritet sahələrdə və prioritet regionlarda qeyri-neft emal sənayesində və aqrar sektorda istifadəsindən gedir. 

Digər məsələ: apardığımız uzunmüddətli araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin tərkibində əməkqabiliyyətli yaşda olanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların xüsusi çəkisindən təxminən 1,5 dəfə yüksəkdir. Bu isə o deməkdir ki, iqtisadiyyatda məşğul olanların sayının əhəmiyyətli dərəcədə artırılması üçün əmək resursu kifayət qədər mövcuddur və onlardan səmərəli istifadə edilməsi vacibdir. Məhz bu meyil investisiya siyasətinin əsaslandığı güclü amillərdən biri olmalıdır. Burada da həlledici rol emal sənayesinə məxsusdur. Məşğulluğun dövlət siyasəti isə məhz əmək resurslarının ümumi və regional balansı əsasında formalaşdırılmalıdır.

Maraqlı məsələlərdən biri də investisiyaların iqtisadi səmərəliliyidir. Bu məsələni 2020-2022-ci illəri əhatə etməklə müqayisəli qiymətlər əsasında ölkə üzrə sənaye, o cümlədən mədənçıxarma və emal sənaye sektorları üzrə araşdırmışıq. Məlum olmuşdur ki, ölkə üzrə 2022-ci ildə əsas kapitala qoyulan 1 manat investisiya əlavə dəyərin 21, o cümlədən emal sənayesində 16 qəpik artımını təmin etmişdir. 2022-ci ildə 2020-ci illə müqayisədə əmək məhsuldarlığı 6,5 faiz, məşğul əhalinin sayı isə 180 min nəfər artmışdır. Bu göstəricilərin ölçüləri məqbul qiymətləndirilə bilər. 

Qarabağdan və Şərqi Zəngəzurdan erməni vəhşiləri qovulduqdan sonra hökumətin investisiya siyasətində yeni bir istiqamət müəyyən edilmişdir. Bu da regionun dirçəldilməsinin investisiya təminatıdır. Bu zaman vacib və önəmli fakt ondan ibarətdir ki, Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan külli miqdarda vəsait tələb edən möhtəşəm "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasını daxili mənbələr hesabına özü maliyyələşdirir. Artıq yüzlərlə soydaşımız öz ata-baba yurdlarına dönüblər. Laçında, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda onlar üçün bütün zəruri infrastrukturu olan müasir evlər, mənzillər tikilib, təhsil, səhiyyə ocaqları, xidmət obyektləri inşa olunub. Maraqlı faktlardan biri də odur ki, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ "yaşıl enerji" ərazisi elan olunub və bu istiqamətdə artıq xeyli iş görülüb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın investisiya siyasəti bu sınaqdan da uğurla çıxır.

 

Tofiq HÜSEYNOV,

ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, Əməkdar iqtisadçı, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!