06 Yanvar 2026 08:55
398
İQTİSADİYYAT
A- A+
Azərbaycan "yaşıl enerji" yolunda daha bir məsafəni qət etdi 

Azərbaycan "yaşıl enerji" yolunda daha bir məsafəni qət etdi 


2025-ci  il Azərbaycanın enerji sektoru üçün yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Qlobal enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyi bir şəraitdə ölkə enerji siyasətində bərpaolunan mənbələrə keçidi sürətləndirdi. Günəş və külək enerjisi üzrə reallaşdırılan layihələr, "yaşıl enerji" zonası elan edilən ərazilərdə atılan addımlar və beynəlxalq tərəfdaşlıqlar ötən ilin enerji gündəmini müəyyən edən əsas istiqamətlərdən oldu.

Ötən  ilin yekunları göstərir ki, enerji sektorunda aparılan islahatlar və investisiya siyasəti bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamətə yönəldib. Dövlət proqramları, beynəlxalq əməkdaşlıq və regional enerji strategiyası çərçivəsində günəş, külək və hidroenerji potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəticədə həm daxili, həm də xarici investorlarla əməkdaşlıq genişləndirilib. Xüsusilə beynəlxalq enerji şirkətləri ilə imzalanan sazişlər bu sahəyə marağın artdığının mühüm göstəricisi kimi danılmaz fakt olaraq qalır. 

Azərbaycanda bərpaolunan enerji sahəsinin sürətli inkişafı özünü rəqəmlərdə də göstərir. Energetika Nazirliyinin məlumatına görə, ölkədə ümumi quraşdırılmış bərpaolunan enerji gücü artıq təxminən 1829,6 MVt-a çatıb. Bunun 1443,5 MVt-ı su elektrik stansiyaları, 278,2 MVt-ı günəş, 63,5 MVt-ı külək, 37 MVt-ı bioenerji, 7,3 MVt-ı isə hibrid stansiyalardan ibarətdir. Bu mənbələr ümumi enerji gücünün təxminən 18,8 faizini təşkil edir. 

Ən böyük  "yaşıl enerji" layihələrindən olan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası (GES)  2023-cü il oktyabrın 26-da pilot layihə kimi istifadəyə verilib. Stansiya BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində və 262 milyon dollar dəyərində xarici investisiya hesabına inşa edilib. Burada hər il təxminən 500 milyon kVt/s elektrik enerjisi istehsal olunur ki, bu da 110 milyon kubmetr təbii qazın qənaətinə və 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Qeyd edək ki, "Masdar" şirkəti tərəfindən icra olunan "Meqa" layihəsi çərçivəsində 445 MVt gücündə GES Biləsuvar rayonunda və 315 MVt gücündə GES Neftçala rayonunda tikilir. "Biləsuvar" GES-də ilk günəş paneli 2025-ci il oktyabrın 2-də quraşdırılıb.  

Paytaxta yaxın Xızı-Abşeron Külək-Elektrik Stansiyası  (KES) Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən pilot layihə kimi inşa edilir.  240 MVt gücündə olan stansiyanın ildə təxminən 1 milyard kVt/s "yaşıl elektrik" istehsal edəcəyi gözlənilir. Bu isə həm təbii resursların qorunmasına, həm də karbon emissiyasının azalmasına mühüm töhfə verəcək. 

Ötən il azad edilmiş ərazilərin "yaşıl enerji" zonası kimi inkişafı diqqət mərkəzində oldu. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələri üzrə aparılan qiymətləndirmələr, yeni stansiyaların layihələndirilməsi və infrastrukturun qurulması ilin mühüm nəticələri sırasındadır. Bu yanaşma təkcə enerji istehsalını artırmaq deyil, eyni zamanda regionun dayanıqlı məskunlaşmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Eyni zamanda mövcud enerji sistemində bərpaolunan mənbələrin payının artırılması istiqamətində praktiki addımlar atıldı. Ötən il elektrik şəbəkəsinə yeni güclərin inteqrasiyası, enerji itkilərinin azaldılması və müasir texnologiyaların tətbiqi bu sahədə ortaya çıxan problemlərin mərhələli həlli üçün zəruri əsasların formalaşdırılması kimi dəyərləndirilir. 

Bu çərçivədə regionda konkret layihələrin icrası da diqqət çəkir. Onlardan ən mühümlərindən biri isə Cəbrayıl rayonunda inşa olunan 240 MVt gücündə "Şəfəq" Günəş- Elektrik Stansiyasıdır. Layihə BP şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Virtual enerji ötürülməsi" modeli sayəsində stansiyada istehsal olunan enerji Cəbrayılda "Azərenerji" ASC-yə, oradan isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bu yanaşma terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faizinin azaldılmasına imkan verəcək. Layihənin illik istehsalı təxminən 500 milyon kVt/s elektrik enerjisi təşkil edəcək ki, bu da 120-150 milyon kubmetr təbii qazın qənaətinə və 260-330 min ton karbon emissiyasının azalmasına gətirib çıxaracaq. 

Azərbaycan ötən il yalnız strateji hədəflərini müəyyənləşdirməklə kifayətlənməyib, həm də "yaşıl enerji" sahəsində konkret nəticələrə nail olub. Bu istiqamətdə aparılan işlər ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ekoloji tarazlığın qorunmasına və regional dayanıqlı inkişafın təşviqinə xidmət edir. Mütəxəssislərin fikrincə,  bərpaolunan enerji  layihələrinin genişlənməsi ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ixrac potensialının artırılmasına da şərait yaradır. Xüsusilə Avropa bazarlarında "yaşıl enerji"yə artan tələbat fonunda Azərbaycanın bu sahədə regional oyunçuya çevrilməsi real perspektiv kimi qiymətləndirilir. 

Ötən ilin nəticələrinə söykənərək deyə bilərik ki,  Azərbaycan enerji sektorunda  "yaşıl enerji" sahəsinə xüsusi diqqət ayırır. Günəş və külək-elektrik stansiyalarının istifadəyə verilməsi, pilot layihələrin icrası və beynəlxalq tərəfdaşlıqlar ölkənin "yaşıl enerji" potensialını reallaşdırmaq yolunda mühüm addımlar kimi qiymətləndirilir. Bu inkişaf təkcə enerji istehsalını artırmır, həm də ekoloji tarazlığı qoruyur, təbii resurslardan səmərəli istifadəyə şərait yaradır və karbon emissiyasının azalmasına töhfə verir. Qarşıdakı illərdə bərpaolunan enerji layihələrinin genişlənməsi ilə Azərbaycan regional enerji oyunçusu kimi mövqeyini daha çox möhkəmləndirəcək və "yaşıl enerji" istiqamətində strateji hədəflərinə yaxınlaşacaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!