Tarixi, mədəni, mənəvi əlaqələr siyasi mərkəz halına gəlir
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub. Bu tarixi qərar noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə elan edilib.
Görüşdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq deyib: "Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm".
Şavkat Mirziyoyev bildirib ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. Onun sözlərinə görə, "Mərkəzi Asiya +" formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə söyləyib ki, Azərbaycan bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd etdi: "Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq".
Tacikistan Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edərək deyib: "Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir".
Bütün həmkarlarına təşəkkürünü bildirən Prezident İlham Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər isə müntəzəm xarakter alıb. Son üç ildə İlham Əliyev Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub, bu müddət ərzində isə həmkarları 23 dəfə Azərbaycana səfər ediblər.
Prezident qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Ölkəmiz Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.
Göründüyü kimi, Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Tarixi, mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Mərkəzi Asiya artıq 5 ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkib hissəsidir, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür.
Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən görüşlərdə (dövlət, hökumət başçıları, nazirliklər, dövlət və ictimai təşkilatlar və s.) iştirak edəcək. Artıq Azərbaycan və Mərkəzi Asiya ölkələri həm də vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir. Bu proses həm region dövlətlərinin maraqlarını təmin edir, həm də daha geniş coğrafiyada - Avropa və Asiya arasında qarşılıqlı bağlılığı gücləndirir. Statistik göstəricilərə əsasən, Orta dəhliz üzərindən yükdaşımalar sürətlə artır və Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bu rəqəmlər daha da yüksələcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəhlizin Azərbaycan hissəsində işlər artıq tamamlanmaq üzrədir.
Ümumiyyətlə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq görərik ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib.
Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırmaqdadır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də beynəlxalq aləmdə şəxsi nüfuzunun artmasına gətirib çıxarıb.
Ən önəmlisi isə odur ki, Azərbaycan imkanlarını daha da genişləndirərək Avropa ilə Asiya arasında etibarlı tranzit habına çevrilməkdədir. Yəni Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan "Şərq-Qərb" marşrutu üzrə etibarlı tranzit ölkədir.
Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı dərinləşdikcə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti bir qədər də artacaq. Çünki bu gün Asiyadan Avropaya və ya əksinə işləyən marşrutların ən qısa yolu Azərbaycandan keçir. Ölkəmiz isə bu imkanlarını daha da genişləndirməklə dəhlizin cəlbediciliyini artırır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"