19 Yanvar 2022 00:22
345
İQTİSADİYYAT

Azərbaycan taxılı həm də xarici ölkədə yetişdirəcək

 

Dövlət ərzaq təhlükəsizliyinin təminatı üçün nə mümkündürsə edir

 

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən siyasi, iqtisadi və sosial məsələlər barədə ətraflı məlumat vermişdir. Dövlət başçısı o cümlədən  ərzaq təhlükəsizliyi və aqrar sektordakı vəziyyət, həmçinin perspektivlər haqqında geniş söhbət açmışdır.

Prezidentin müsahibədə aqrar sektor barədə ətraflı məlumat verməsi təsadüfi deyil. İndi dünyada kənd təsərrüfatı məhsullarına tələbat sürətlə artır. Bunu mütəxəssislər əsasən əhalinin sürətlə artması, digər tərəfdən məhsul istehsalının azalması ilə əlaqələndirirlər. Dünya üzrə təkcə taxıl istehsalı ötən il 2020-ci ilə nisbətən 21 milyon tondan çox azalıb. Ərzaq məhsullarının qiymətinin artması isə yalnız iqtisadi deyil, həm də ciddi sosial məsələdir. Bu üzdən dünyanın bütün dövlətləri bu məsələyə ciddi yanaşırlar.

Ölkəmizdə də taxıl istehsalını artırmaq üçün tədbirlər görülür. Buğda istehsalı ilə məşğul olan fermerlərə subsidiyaların verilməsi təsadüfi deyildi. Bu, onu göstərir ki, dövlət ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oynayan buğda yetişdirən fermerləri istehsalı artırmaları üçün stimullaşdırır.

Prezident İlham Əliyev ölkədə taxıl istehsalında olan real vəziyyət və perspektivlər barədə demişdir: “Heç vaxt tarixdə - sovet dönəmində və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü biz hələ ki təmin edə bilmirik və xüsusilə buğda ilə. Biz təqribən 3,3-3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrindən özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.  

Dövlət başçısı müsahibəsində işğaldan azad edilən torpaqların əkilib-becərilməsi sayəsində buğda istehsalını artırmağın mümkün olduğunu da bildirmişdir. Ancaq biz bu yolla taxıl istehsalını artırsaq da, tələbatın ödənilməsi üçün 1,3 milyon ton buğda idxal etmək məcburiyyətindəyik. Belə ki, istehsalla yanaşı, əhali də, deməli, istehlak da artır.

Hazırda dünyada istehsalın artırılması məhsuldarlıq hesabına əldə edilir. İnkişaf etmiş ölkələrdə hər herktardan buğda istehsalı

80 sentnerə qədər yüksəlib. Buna görə də məhsuldarlığın artırılması ən doğru yoldur. Dövlət başçısının da qeyd etdiyi kimi, bütün aqrotexniki qaydalara əməl edən iri fermer təsərrüfatlarında məhsuldarlıq 60-70 sentner olduğu halda, kiçik və orta fermer təsərrüfatlarında bu rəqəm 32 sentnerdir. Bir daha vurğulayaq ki, işğaldan azad edilən torpaqlarda taxıl əkini aparmaqla mövcud imkanlardan əlavə 200 min tona yaxın buğda götürmək mümkündür. Bu da ölkənin ümumi tələbatının ödənilməsi üçün kifayət etmir. Buna görə də məhsuldarlığın artırılmasına diqqət yetirilməlidir.

Dövlət başçısı müsahibəsində ölkənin buğdaya olan tələbatının ödənilməsi istiqamətində maraqlı və mühüm bir məqama da toxunmuşdur: kiçik fermer təsərrüfatlarına dəstəyi artırmaqla yanaşı, başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Onu da qeyd edək ki, hazırda dünyada bu üsuldan geniş istifadə olunur.

Prezident İlham Əliyev ölkənin taxıla olan tələbatın ödənilməsinə böyük önəm verdiyini bildirərək demişdir: “Ona görə bu real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram”.

Aqrar sektora verilən dəstək və bu sahədə aparılan islahatlar sayəsində kənd təsərrüfatı məhsullarında yüksək artım qeydə alınıb. Məsələn, son 15 ildə ölkəmizdə meyvə istehsalı 2 dəfə artıb. Üzüm, pambıq istehsalı da faizlə yox, dəfərlərlə yüksəlib.

Dövlət dəstəyi heyvandarlığın inkişafında da özünü göstərir. Məsələn, bu gün mal əti istehsalı daxili tələbatın 90 faizini ödəyir, qoyunçuluqda bu rəqəm hətta 100 faizdir. Azərbaycanda süd istehsalını artırmaq üçün mal-qaranın cins tərkibinin dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Hazırda ölkəmizdə olan 1 milyon mal-qaranın 70 mini cins mal-qaradır. Bunun  sayəsində ölkəmizdə süd istehsalı 80 faizə qədər yüksəlib. Azərbaycanda indiyədək süd istehsalı bu qədər yüksək olmayıb.

Sözsüz, bu artımların heç biri səbəbsiz deyil. Təkcə keçən ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4175 fiziki və hüquqi şəxs 65,6 milyon manat məbləğində güzəştli kreditlə təmin edilib. Həmin vəsaitin 39,5 milyon manatı texnika və avadanlıq, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı makrokreditlərdir. Bununla yanaşı, həmin dövrdə agentlik tərəfindən 194 fermerə 6279 baş damazlıq heyvan alınması üçün 0,26 milyon manat kredit və 14,1 milyon manat güzəştli vəsait ayrılıb.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video