Ərazi bütövlüyünü və dövlət suverenliyini, ədaləti bərpa edən Azərbaycan bu gün regionu sülh və əməkdaşlıq məkanına çevirir. Təbii ki, bu uğurun memarı Prezident İlham Əliyevdir. Məhz Azərbaycan Prezidentinin müəllifi olduğu sülh gündəliyini bu gün bütün dünya dəstəkləyir. Dövlətimizin başçısının müdrikliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycan bölgədə beynəlxalq birlik tərəfindən qəbul olunan yeni reallıqlar formalaşdırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov "Azərbaycn" qəzetinə açıqlamasında bildirib ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı böyük uğurlara daşıyıb. Ötən illər ərzində Azərbaycanı qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısına çevirən Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə uğurla müdafiə edərək onu qüdrətli və qalib dövlətə çevirdi: "Azərbaycan Prezidentinin siyasi iradəsi, müdrik və qətiyyətli qərarları ölkəmizi yeni çağırışlar qarşısında dayanıqlı dövlət kimi möhkəmləndirib. Həyata keçirilən və nəticəyə hesablanmış nəhəng layihələr ildən-ilə əhəmiyyətini daha da artırır. 2020-ci ilin sonunda tam istismara verilən "Cənub qaz dəhlizi" Avropanın enerji xəritəsini yenidən cızıb. Azərbaycan qazı hazırda dünyanın 14 ölkəsinə tədarük olunur. Təbii ki, uzun illər ərzində formalaşmış və davamlı xarakter alan əməkdaşlıq ölkəmizə, onun Prezidentinə olan hörmət və ehtiramı daha da möhkəmləndirir. Elə bu səbəbdəndir ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş imicini qazanıb".
Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin dünya liderləri ilə qarşılıqlı etimada əsaslanan münasibətləri xüsusi əhəmiyyətə malikdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dövlət başçımız arasında olan qardaşlıq münasibətləri xalqlarımız və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldırıb. Bu gün Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın təməl daşlarından biri kimi qəbul olunur. Çinin rəhbəri Si Cinpin ilə dostluğa əsaslanan münasibətlər təbii ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin formalaşmasında müstəsna rol oynayır. Bu əməkdaşlıq Azərbaycan və yerləşdiyimiz region üçün yeni fürsətlər yaradır. "Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti dünya liderlərinin diqqətini Azərbaycana yönəldir. Dövlət başçısının təşəbbüsləri qlobal səviyyədə əməkdaşlığı təşviq edir. ABŞ Prezidentinin dəvəti ilə 8 avqust tarixində Ağ Evdə keçirilən görüşlər qeyd etdiklərimizin əyani təzahürüdür. Azərbaycan və ABŞ prezidentlərinin səmimi dialoqları, dostluq ab-havasında keçirilən görüş, tarixi sənədlərin imzalanması dünyanın lider ölkəsinin Azərbaycana, onun Prezidentinə olan hörmətinin əyani təzahürüdür. Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca böyük uğurdur. Belə ki, bu sənəd iki dövlət arasında qarşılıqlı dialoqun daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün möhkəm hüquqi və institusional baza yaradır. Bu, Azərbaycanla ABŞ arasında dialoqun və əməkdaşlığın yeni səviyyəyə çatdırılması üçün önəmli vasitədir və strateji tərəfdaşlığın dərinləşməsinə zəmin yaradır", - deyə Ş.İsmayılov əlavə edib.
Onun sözlərinə görə, dünyanın diqqət mərkəzində olan tədbirlər Azərbaycan liderinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi uğurlu strategiyasının növbəti mərhələsi idi. Vətən müharibəsində qazanılan parlaq zəfər nəticəsində ərazi bütövlüyünü, antiterror tədbirlərində əldə olunan qələbə ilə dövlət suverenliyini bərpa edən Azərbaycan 2025-ci il avqustun 8-də Vaşinqtonda özünün sülh gündəliyini dünyaya təqdim etdi. Bu sülh davamlı inkişaf və qlobal əməkdaşlığı təşviq edir.
Komitə sədri vurğulayıb ki, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması mühüm tarixi hadisədir: "Azərbaycanın irəli sürdüyü şərtlər qəbul olunur, region Azərbaycanın müəyyənləşdirdiyi yeni reallıqlar əsasında inkişafının yeni mərhələsinə qədəm qoyur. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamə Ağ Evdə keçirilən görüşlərin tarixi əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Bu xüsusda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun yaradılması regional iqtisadi inteqrasiyaya, canlanmaya ciddi töhfə verəcək. Eyni zamanda bu addımlar regionda sülhün möhkəmlənməsinə şərait yaradacaq, dayanıqlı əməkdaşlığı şərtləndirəcək. Həmçinin region üçün yeni investisiya imkanları açacaq".
Ş.İsmayılov bildirib ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın həm siyasi, həm də iqtisadi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Strateji tərəfdaşlıq istiqamətində ABŞ ilə əlaqələrin genişlənməsi, eləcə də regionda kommunikasiyaların açılması ölkəmizin beynəlxalq arenadakı rolunu daha da artırır. Azərbaycan Prezidentinin Cənubi Qafqaz üçün formalaşdırdığı sülh modeli regionun parlaq gələcəyinə, dayanıqlı inkişafına zəmin yaradır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"