15 Yanvar 2022 00:38
952
İQTİSADİYYAT
A- A+

Azərbaycan şəhid ailələrinə və qazilərə münasibətdə öz modelini ortaya qoyur

 

Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədə ölkə üçün əhəmiyyətli olan bir çox məsələlərə toxunmuşdur.

Dövlət başçısı əhalinin sosial rifahının yaxşılaşdırılması, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqətdən də danışmış, son illər bu sahədə aparılan islahatlar və görülən işlər barədə məlumat vermişdir.

Prezident İlham Əliyev dünyada ərzaq məhsullarının bahalaşması səbəbindən əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən geniş sosial paketin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu məqsədlə dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılıb, həmin sosial paketin əhatə dairəsi 2 milyondan çox insanı əhatə edəcək. Bu sosial paketin qəbulu sayəsində minimum əməkhaqqı 20, minimum pensiya 20 faiz yüksəlib. Bununla yanaşı, təqaüdlər, sosial müavinətlər də artırılıb.

Dövlət başçısı əhalinin sosial müdafiəsinin müntəzəm xarakter daşıdığını bildirərək demişdir: “Digər instrumentlər var və biz onlardan istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”.

Prezident ölkəmizə rəhbərliyi dövründə yalnız bir dəfə əhalinin sosial həyatına mənfi təsir göstərən hal baş verdiyini söylədi. O da bir neçə il bundan əvvəl manatın devalvasiyası ilə bağlı olub. Bu addımın atılması iqtisadi və maliyyə baxımından məcburi idi. Çünki manatın dəyərinin süni şəkildə qorunması üçün dövlət milyardlarla dollar xərcləməyə məcbur olurdu. Bu məqsədlə manatın dəyərini sabit saxlamaq üçün 10 milyard dollar vəsait itirdik. Bütün bunlara baxmayaraq, manatın məzənnəsini sabit saxlamaq mümkün olmadı. Ölkənin valyuta ehtiyatını qorumaq üçün manatın bir qədər qiymətdən düşməsinə imkan verildi. Dövlət başçısı həmin məsələyə toxunarkən bildirdi ki, bu, insanların rifah halına mənfi təsir göstərmişdir. Belə qərarın qəbul edilməsi zəruri idi və bundan sonra vətəndaşların sosial rifahına zərər verə biləcək heç bir hadisə baş vermədi.

Biz 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq qalib gəldik. Məlumdur ki, müharibə qansız-qadasız ötüşmür. Bu müharibədə 3 min igidimiz şəhid, çoxlu əsgər və zabitimiz isə əlil oldu. Ermənilər təkcə cəbhədə döyüşən hərbçilərimizə deyil, şəhər və kəndlərdə yaşayan mülki əhaliyə də atəş açırdı. Bunun sayəsində yaşayış və ictimai obyektlərlə yanaşı, mülki əhali arasında da həlak olanlar və yaralananlar oldu. Dövlət başçısı fərq qoymadan bu kateqoriyadan olan bütün insanların sosial müdafiəsi üçün lazım olan zəruri tədbirləri gördü.

Müharibə qurtarsa da, ermənilərin basdırdığı minaların partlaması səbəbindən hazırda da hərbçilər və mülki əhali arasında şəhid olanlar və yaralananlar var. Dövlət bunların da müalicəsi, protezlə təmin edilməsi üçün lazımi işlər görür. Bir sözlə, heç kəs dövlətin diqqətindən kənarda qalmır.

Prezident bu kateqoriyadan olan insanlara dövlət tərəfindən edilən güzəştlər barədə demişdir: “Mən bütövlükdə deyə bilərəm ki,  bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənmişik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomibilləri verilir, 7400 avtomobil verilib”.

Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərdən 850 nəfəri, İkinci Qarabağ müharibəsi şəhid ailələrinin və qazilərinin 750-si mənzillə təmin edilib. Dövlət Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanların iki il ərzində növbədə duranları tam şəkildə mənzillə təmin etməyi planlaşdırıb. İkinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olanların isə yaxın bir neçə il ərzində mənzillə təmin edilməsi nəzərdə tutulub. Beləliklə, bütün şəhid ailələri və qazilər mənzillə tam təmin olunacaq.

Həssas kateqoriyadan olan insanların sosial təminatının yaxşılaşması üçün də zəruri tədbirlər görülür. Onlar üçün nəzərdə tutulmuş müavinətlər müntəzəm olaraq artırılır. Dövlət bu insanların məşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atır, müharibə əlillərini müasir protezlərlə təmin edir. Prezident vurğuladı ki, qazilər Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərlə təmin edilir. Həmin protezlər sayəsində qazilərimiz normal yaşaya bilər, hətta futbol oynaya bilər. Bu protezlərdən istifadə edən müharibə əlilləri əlini, qolunu itirsə də, normal həyata qayıtmaları mümkün olur.

Son 18 ildə Azərbaycanda iqtisadi və sosial islahatlar paralel şəkildə aparılır. İqtisadi islahatların əsas məqsədi ölkənin iqtisadi və maliyyə cəhətdən qüdrətlənməsidir. Dövlətin gəlirləri artdıqca sosial sferaya ayrılan vəsaitin məbləği də artır. Cari il üçün qəbul edilən dövlət büdcəsindən ən çox vəsait sosial sahəyə ayrılıb. Bu isə əhalinin maaş, pensiya və müavinətlərinin, o cümlədən digər sosial ödənişlərin artması deməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, dövlətin apardığı siyasətin əsas məqsədi Azərbaycan vətəndaşının mənafeyidir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video