148 illik tarixə malik Azərbaycan milli mətbuatının hər bir dövrü öz spesifikliyi ilə seçilir. 1875-ci ildən - "Əkinçi" qəzetinin yaranmasından 1920-ci ilə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədərki dövr isə həm aktuallığı, həm rəngarəngliyi baxımından hər zaman diqqəti özünə cəlb edir.
Sözügedən zaman kəsiyində ana dilində təxminən 150 adda qəzet və jurnal nəşr edilmişdir. Lakin bu mətbu orqanların heç də hamısı qarşısına qoyduğu məqsədə tam nail ola, hədəflərinə çata bilməmişdir. Bunların bir çoxu müxtəlif səbəblərdən, xüsusən də kəskin çar senzurasının sıxma-boğmalarından dolayı fəaliyyətlərini yarımçıq dayandırmalı olmuşdur. Amma bir neçə mətbu orqan da var ki, onlar nəşr edildikləri müddətdə, bütün problemlərə rəğmən digərlərindən fərqlənməyi bacarmış, mətbuat tariximizə adlarını qızıl hərflərlə yazdırmışlar. Belə dövri nəşrlərdən biri də bu il fəaliyyətə başlamasının 105 ili tamam olan "Azərbaycan" qəzetidir.
"Azərbaycan" qəzeti Şimali Azərbaycan ərazisində bu adda nəşr edilmiş ilk milli mətbuat orqanıdır. Düzdür, əvvəllər də bir sıra aydınlarımız eyniadlı qəzet nəşr etmək təşəbbüsü ilə çıxış etmişlər. Lakin çar senzurası bu adda siyasi məna gördüyündən həmin təşəbbüslər elə təşəbbüs olaraq da qalmışdır. Lakin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə bu məsələ yenidən aktuallaşmış və nəhayət, ziyalılarımızın çoxdankı arzusu reallaşmışdır.
"Azərbaycan" qəzetini yaradılışının 105-ci ilini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən sanballı, ən dəyərli salnaməsi hesab etmək olar. Çünki 23 aylıq milli dövlətimizin həyatında baş verən bütün hadisələr bu qəzetin səhifələrində işıqlandırılmışdır. Başqa sözlə desək, qəzetin çapdan çıxmış 443 nömrəsi Cümhuriyyət tariximizin bir o qədər gününü yaddaşlara həkk etmişdir. "Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi" olan "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbu orqandan biridir. "Ümummilli qəzet" ifadəsini ona görə işlədirik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdi. Üzeyir bəy məqalələrinin birində qəzet üçün prioritet istiqamətləri belə müəyyənləşdirirdi: "Vətən abadlığı, millət salamatlığı, camaat tərəqqisi, dövlət intizamı". "Kim bu mövzuda yazmaq istəyirsə, bizim qəzetin səhifələri bir ananın övladına açdığı qucaq kimi ona açıqdır". Odur ki, "Azərbaycan" qəzetinin səhifələrində Ceyhun və Üzeyir bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim başda olmaqla, o dövrün əksər ziyalılarının müxtəlif səpkili yazıları işıq üzü görmüşdür.
"Azərbaycan"ın diqqətçəkən bir sıra xüsusi nömrələri də olmuşdur. 3 oktyabr 1918-ci il tarixli 5-ci nömrəsini də məxsusi saymaq olar. Bu nömrə "Azərbaycan"ın doğma paytaxtımız Bakıda nəşr edilən ilk sayıdır. Burada bu tarixi hadisədən doğan sevinc, şadyanalıqlarla dolu materiallar, Vətən övladlarına ünvanlanmış bir-birindən dəyərli yazılar gözoxşayır. Fətəli xan Xoyski ("Əhalinin nəzəri-diqqətinə"), Nəsib bəy Yusifbəyli ("Azərbaycan gənclərinə"), Ceyhun bəy Hacıbəyli ("Tarixi gün"), Məhəmməd Əmin Rəsulzadə ("Təbrik teleqramları") və digərlərinin dərc edilmiş qələm nümunələrinin əsas məğzini Bakının Azərbaycan dövlətçiliyi üçün oynadığı mühüm rol, onun düşməndən azad edilməsinin gətirdiyi sonsuz sevinc və müstəqilliyin əbədi olması üçün vətən övladlarının öhdəsinə düşən vəzifələrin ifası təşkil edir.
"Azərbaycan" qəzetinin 58-ci nömrəsi (7 dekabr 1918-ci il) digər tarixi günə, tarixi hadisəyə həsr edilmişdir. Bildiyimiz kimi, həmin gün Bakıda uzun sürən müzakirələrdən, mübahisələrdən, gərgin hazırlıqlardan sonra Azərbaycan Məclisi-Məbusanı - Parlamenti fəaliyyətə başlamışdır. "Azərbaycan" qəzeti də bu əlamətdar tarixi günə biganə qalmamış, xüsusi nömrəsi ilə oxucuların görüşünə gəlmişdi. Qəzetin həmin sayını vərəqləyərkən bir-birindən maraqlı, oxunaqlı yazıların şahidi oluruq. "Tarixi günümüz" (Üzeyir bəy Hacıbəyli), "Azərbaycan parlamanı dəvəti münasibətilə" (Xəlil İbrahim), "Parlamandan nə tələb olunur?" (Fərhad Ağazadə), "Prometey" (Əli Yusif), "Salam sizə" (Hüseyn Mirzəcamalov) və digər məqalələrdə tarixi hadisənin yaşatdığı sonsuz sevinc hissləri, həmçinin perspektiv üçün görülməli işlərlə bağlı maraqlı mülahizələr diqqəti cəlb edir. Qəzetin 3 və 4-cü səhifələri bütünlüklə bu tarixi günün şərəfinə təbrik teleqramları ilə dolub daşır.
Qəzetin 31 Mart faciəsinin ildönümü münasibətilə buraxılmış 147-ci nömrəsi (31 mart 1919-cu il) gənc respublikanın bu tarixi hadisəyə verdiyi qiymət baxımından xüsusi əhəmiyyət kəsb edir. "Gənc respublika" ifadəsini ona görə qeyd edirik ki, qəzet səhifələrində təkcə qələm sahibləri, jurnalist-publisistlər deyil, həm də müxtəlif dövlət və hökumət nümayəndələri də ara-sıra çıxışlar edirdilər. Adıçəkilən nömrədə xalqımızın başına gətirilən bu acı, məşum hadisə ilə bağlı bir-birindən dəyərli, faktoloji materiallarla zəngin yazılar, bədii ədəbiyyat nümunələrilə qarşılaşmaq olar. Bu nömrədə dərc edilən həm müəllif yazıları, həm də faciənin tarixindən bəhs edən materiallar 31 Mart soyqırımının öyrənilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
"Azərbaycan" qəzetinin spesifik nömrələri içərisində istiqlalımızın birillik yubileyinə həsr edilmiş 190-cı nömrəsi xüsusi önəm daşıyır. Cümhuriyyət hökumətinin, gənc respublikanın əsas ruporlarından biri olan "Azərbaycan" qəzetinin bu tarixi günlə bağlı hazırladığı məxsusi nömrə həmin hadisələrə qiymət vermək baxımından bu gün də əhəmiyyətini itirməyir. 28 may 1919-cu ildə nəşr edilmiş sözügedən nömrə 6 səhifədə bu şüarlarla oxucuların görüşünə gəlir: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti!", "Yaşasın təyini-müqəddərat hüququ!", "Yaşasın cahan demokratiyası!", "Yaşasın türk milləti, yaşasın millətlərin qardaşlığı!", "Var olsun hürriyyət və istiqlal, qəhr olsun düşmənlər!". Bu nömrə həm materialların zənginliyi, həm də müəlliflərinin rəngarəngliyi ilə digər nömrələrdən əsaslı şəkildə fərqlənir. Bu nömrədə kimlərin yazıları vardır? Baş nazir Nəsib bəy Yusifbəyli, Şeyxülislam Axund Ağa Ağaəlizadə, parlamentin əsas fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə, baş redaktor Ü.Hacıbəyli, X.İbrahim, Ə.Müznib, Ə.Yusif, F.Ağazadə, Ə.Həmdi, Ş.Əfəndizadə və digərləri. Bütün bu mühərrirlərin yazdıqlarının əsas qayəsini gənc respublikanın yaranmasının bir illiyi münasibətilə səmimi-qəlbdən gələn sevinc, fərəh, şükran hissləri təşkil edir. Demək olar ki, bütün müəlliflər 28 Mayı Milli bayram adlandırır, onun davamlı olmasını Allahdan təmənni etməklə bərabər öz üzərilərinə düşən müqəddəs vəzifələrin də icrasının vacibliyini vurğulayırlar.
Qəzetin nömrələri içərisində daha bir maraqlısı vardır. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin Versal Sülh Müqaviləsində dünya dövlətləri tərəfindən de-fakto tanınmasına həsr edilmiş 1920-ci il 14 yanvar tarixli 12-ci nömrədir. Bu nömrəni spesifik edən məqam həm də ondan ibarətdir ki, 443 nömrə arasında yalnız bu say "Müstəqil Azərbaycan" adı ilə buraxılmışdır. Burada "Yaşasın istiqlal! Yaşasın Azərbaycan!", "Yaşasın İstiqlal bayramı! Yaşasın hökumətimiz" şüarları da diqqətdən yayınmır. Cəmi 2 səhifədə buraxılmağına baxmayaraq, qəzetin 12-ci sayında dərc edilmiş "Azərbaycanın böyük günü", "Gözlərimiz aydın", "İstiqlal bayramı", "Rəsmi bayram" kimi yazı başlıqları oxucuda ilkin təəssürat yaradır. Məqalə müəllifləri xalqı bu möhtəşəm hadisə münasibətilə təbrik edir, həsrətində olduqları tarixi günün yaşanmasına görə hədsiz dərəcədə sevincli olduqlarını büruzə verirlər.
Sonda isə "Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ildönümü münasibətilə qəzetin hazırkı redaksiya heyətini və rəhbərliyini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğur arzulayıram!
Samir XALİDOĞLU,
BDU-nun Milli mətbuat tarixi
kafedrasının müəllimi