25 Iyun 2022 02:53
265
CƏMİYYƏT

"Azərbaycan" qəzetinin əməkdaşına Prezident mükafatı təqdim edildi

 

26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Abşeron rayonunda tədbir keçirilib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş tutan görüşdə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, müharibə əlillərinə, veteranlara orden və medallar təqdim olunub.

Mərasimdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov qeyd edib ki, bu gün Azərbaycan Ordusunun adı dünyanın ən güclü silahlı qüvvələri sırasında çəkilir. Dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli ordunun  gücünə 44 günlük Vətən müharibəsində şahidlik etdi. Xalqımız Azərbaycan Ordusu ilə qürur duyur. Vətən müharibəsindən ilyarımdan çox vaxt keçsə də, hələ də xalqımız böyük zəfərin sevincini, fəxarət hissini yaşayır. 

Mərasimdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  qeyd edib ki, şəhid ailələrinin, əlillərin və veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl olaraq sistemli tədbirlər keçirilir, bu kateqoriyadan olan insanlar yeni mənzillərlə, avtomobillərlə təmin edilirlər.  Mərasimdə çıxış edən şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşüb, onların Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar. Şəhid anaları qürur hissi ilə vurğulayıblar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki böyük zəfər şəhidlərin ruhlarını şad etdı. Onların qanı yerdə qalmadı.

Şəhid anaları həmçinin dövlətin onlara göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini çatdırıblar.

Çıxışlardan sonra "Vətən müharibəsi iştirakçısı" medalının və digər mükafatların təqdimolunma mərasimi keçirilib. Təltif olunanlar sırasında "Azərbaycan" qəzetinin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru, baş leytenant Rəşad Baxşəliyev də var. Əməkdaşımız, ehtiyatda olan zabit kimi Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq müzəffər Azərbaycan Ordusu sıralarında döyüş yolu keçib. Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərindəki uğurlu hərbi əməliyyatlarda iştirak edən Rəşad Baxşəliyev savaşdan sonra, 2021-ci ilin yanvar ayının 2-dək Xocavənd rayonunun müxtəlif istiqamətlərində taqım komandiri kimi komandanlığın verdiyi döyüş tapşırıqlarını layiqincə yerinə yetirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Rəşad Baxşəliyev "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib,  həmçinin ona müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə baş leytenant rütbəsi verilib.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video