25 Sentyabr 2022 01:05
409
İQTİSADİYYAT
A- A+

Azərbaycan qazına tələbatın artması məsələsi gündəmdən düşmür

 

Rumıniya da ölkəmizdən mavi yanacaq idxal etmək niyyətindədir

 

Azərbaycanın Avropaya nəql etdiyi qaza tələbatın artması son dövrlər  gündəmdən düşməyən vacib məsələyə çevrilib. Söhbət 2027-ci ilədək ixracın 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasından  gedir. Bu məsələ cari ilin iyul ayında imzalanan Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda öz əksini tapdığı kimi, keçirilən bir sıra tədbirlərdə də əsas mövzu olub. 
Bu baxımdan sentyabr  ayında  "Gələcəyə körpü" devizi altında keçirilən 5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı  istisna təşkil etmir. Məlum olduğu kimi, bu tədbirə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da qatılıb və Rumıniyanın Baş naziri Nikolay Siukanın iştirakı ilə keçirilən nazirlər iclasında, həmçinin "Vizyondan reallığa" adlı nazirlər panelində çıxış edib. Çıxışlarda enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs olunub. Bildirilib ki, iki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox qazla təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40 faiz artımla 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə yüksələcək. Bu isə "Cənub qaz dəhlizi"nin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir. "Cənub qaz dəhlizi"nin enerji təhlükəsizliyindəki bugünkü rolu  Prezident İlham Əliyevin vizyonunun real ifadəsidir.
Enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq beş il ərzində "Cənub qaz dəhlizi"nin genişləndirilməsi qeyd edilib. Vurğulanıb ki,  təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir. Bu layihənin sürətlə gerçəkləşdirilməsi istehsalçı  və istehlakçıların ümumi marağındadır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyət üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. Məhz  birgə siyasi iradə sayəsində göstərilən həcmdə Azərbaycan təbii qazı Avropaya 2027-ci ildə daxil ola biləcək.
Yeri gəlmişkən, bildirək ki, sözügedən konfransda uzunmüddətli perspektivdə  Azərbaycanın bərpaolunan enerjini, hidrogeni təchiz edən mənbə olacağı   planları da diqqətə çatdırılıb. Bu xüsusda Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və "yaşıl enerji" dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin həmçinin "yaşıl enerji" üzrə etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını yeni mərhələyə yüksəldəcəyi bildirilib.
Rumıniya uzun illərdir Azərbaycanla xam neft, neft və neft-kimya məhsulları üzrə əməkdaşlıq edir və bundan məmnundur. SOCAR-ın Rumıniyanın 26 regionunda 68 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti faydalı ikitərəfli enerji əlaqələrinin göstəricisi kimi dəyərləndirilir.
İndi həm də  "Cənub qaz dəhlizi"nin genişləndirilməsi çərçivəsində təbii qazın tədarükü və "yaşıl enerji"nin Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi üzrə əməkdaşlıq da  prioritetlər sırasındadır. Bununla bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığına strateji əhəmiyyət qazandıracağı  Buxarest konfransında da  qeyd edilib.
"Biz qaz müharibəsinin ortasındayıq. Bu müharibə keçən il başlayıb və biz problemi nəzarət altında saxlamalıyıq". Bu sözləri Rumıniyanın energetika naziri Virgil Daniel Popesku deyib. O bildirib ki, ölkə əhalisinin əksəriyyəti iqtisadi baxımdan çıxılmaz vəziyyətdədir. Qazın qiymətinin onların ödəmə qabiliyyətindən çox yüksək həddə olması qış ayları ilə bağlı narahatlıq yaradır. Hazırda Rumıniya ölkənin qaz istehlakının cəmi 90 faizini təmin edir, qalan hissəsini isə Azərbaycandan idxal etmək niyyətindədir, lakin hələ ki bununla bağlı müqavilə imzalanmayıb.
Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində həmçinin Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasla görüşdə "Cənub qaz dəhlizi"nin genişləndirilməsinə, Azərbaycandan təbii qazın tədarükünə dair məsələlər müzakirə edilib. Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılması istiqamətində Aİ ilə imzalanmış strateji tərəfdaşlıq sənədi və enerji dialoqunun əhəmiyyətindən danışılıb. Dəhlizin genişləndirilməsi prosesinin sürətləndirilməsinin və lazımi dəstəklə təmin olunmasının vacibliyi vurğulanıb. Xatırladaq ki, bu il ölkəmizdə Yunanıstana 1,1 milyard kubmetr qaz ixracı proqnozlaşdırılır. 
Bolqarıstanın energetika naziri Rosen Xristovla görüşdə də ikitərəfli enerji əməkdaşlığının inkişafına dair məsələlər müzakirə edilib. Azərbaycandan Bolqarıstana qaz ixracının artması yüksək qiymətləndirilib. Belə ki, ilin sonuna Bolqarıstana 600 milyon kubmetr qaz ixracı planlaşdırılır. Bu da qaz istehlakının 19 faizinin Azərbaycan hesabına ödənilməsi deməkdir. Gələn ay Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB)  kommersiya fəaliyyətinə başlayacaq. Bu faktın özü də Bolqarıstanla enerji əməkdaşlığının gələcək perspektivlərindən xəbər verir.
Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə də "Cənub qaz dəhlizi"nin inkişafı və enerji təhlükəsizliyinə Azərbaycanla Türkiyənin birgə töhfələri ilə bağlı fikir mübadiləsi aparılıb. 
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video