Ölkəmizin yaratdığı möhkəm enerji əməkdaşlığı platforması beynəlxalq aləmdə belə dəyərləndirilir
1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" şərəfli salnaməsinin 30-cu ilinə qədəm qoydu. Ötən 29 il ərzində bu möhtəşəm kontrakt Azərbaycanın hərtərəfli inkişafında, dünyanın sayılıb-seçilən ölkələri sırasında özünə yer tutmasında mühüm rol oynadı. Həmçinin bütün dünya gördü ki, ölkəmizdə istənilən müqavilənin şərtləri birmənalı olaraq ciddi qorunur, investisiyalardan şəffaf və səmərəli şəkildə istifadə edilir, bir sözlə, Azərbaycan etibarlı tərəfdaşdır.
Ölkəmizin qurduğu əməkdaşlıq və tərəfdaşlıq əlaqələri getdikcə genişlənərək və dərinləşərək möhkəm bir platformaya çevrildi. Elə bir platformaya ki, o, yeni qlobal layihələrin gerçəkləşməsinə imkan verdi. Misal olaraq, 2017-ci il sentyabrın 14-də "Yeni əsrin müqaviləsi"nin - Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasını xatırlayaq.
Yeni sazişlə bu nəhəng yataqlar blokunun işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Bu saziş ölkəmiz üçün daha da əlverişli şərtlərlə imzalandı, baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" də Azərbaycanın maraqlarını tam təmin edirdi. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər layihənin icrası dövründə Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bütün bunlarla yanaşı, bir vacib məqam da var ki, bu da tərəfdaşların tərkibində dəyişikliyin olmamasıdır. O cümlədən bp layihənin operatoru olaraq qaldı. Bu da Azərbaycanın möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaratdığının bir daha təsdiqidir.
Elə bu günlərdə Prezident İlham Əliyev bp-nin İdarə Heyətinin sədri Helqe Landı qəbul edərkən də Azərbaycanla şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxundu. Dövlət başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın bu və digər layihələrdə yaratdığı əməkdaşlıq və tərəfdaşlıq platformasının əhəmiyyətini dəfələrlə vurğulayıb. Dövlət başçısı çıxışlarının birində bu barədə belə deyib: "Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə bp şirkətini qeyd etmək istərdim. Çünki bp şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur...Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var".
Ölkəmiz uzun müddətdir beynəlxalq bazarda, ilk növbədə Avropada etibarlı neft təchizatçısı kimi tanınır. Son illər Azərbaycan artıq həm də qaz ixrac edən ölkə kimi rəğbət qazanıb. Nəhəng ixrac infrastrukturu yaradılmasının, Avropanın enerji xəritəsini dəyişən "Cənub qaz dəhlizi"nin reallaşmasının təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bu gün ölkəmizdən artıq Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliya mavi yanacaq idxal edir. Cari ildən başlayaraq Rumıniya da bizdən qaz alır. Lazımi interkonnektorlar olarsa, ilin sonundan etibarən Macarıstana və Slovakiyaya da qaz təchizatına başlamaq planlaşdırılır.
"Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir".
Bu sözlər cari il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında anlaşma memorandumunun imzalanması zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciətində səslənib. İmzalanma mərasimində Azərbaycanın özünü əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi təsdiq etdiyi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı bütün çıxışlarda vurğulanıb.
Prezident İlham Əliyev tədbirdə məhz tərəfdaşlıq məsələlərinə toxunaraq deyib: "Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki "Cənub qaz dəhlizi" Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, "Həmrəylik Halqası" birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq. Mən həmçinin Sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, biz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşıq".
Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycana hər zaman güvənmək olar! Bu fikirlər son zamanlar bir çox beynəlxalq tədbirdə bütün çıxışlarda qırmızı xətlə keçir. Məsələn, cari ilin fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən 9-cu toplantısında Rumıniya Prezidenti Klaus Yohannis bu barədə belə deyib: "Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. Biz 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki "Cənub qaz dəhlizi" kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir. 2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident Əliyev tərəfindən Azərbaycan adından şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi".
Yeri gəlmişkən, xatırladaq ki, sözügedən tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri iştirak etmişlər. SOCAR, bp,
BOTAŞ, "Bulgartransgaz", "Fluxys", "Desfa", "TotalEnergies", "Masdar", Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də onlarca digər nüfuzlu şirkət və qurumun burada iştirakı Azərbaycanın necə geniş əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurduğunun əyani göstəricisi idi.
Hazırda xarici sərmayədarlar Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə də həvəs və inamla qoşulublar. Keçən ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. bp şirkəti ilə Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.
Beləliklə, əlaqələr "yaşıl enerji" layihələri ilə daha da şaxələnir. Məlum olduğu kimi, keçən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Serbiya Prezidenti Aleksandır Vuçiçin bu barədə dediyi sözləri xatırlatsaq, ölkəmizin yaratdığı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin beynəlxalq aləmdə necə yüksək dəyərləndirildiyini şərh etməyə ehtiyac qalmaz:"Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Biz Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulmasını müzakirə edəcəyik. Çünki burada elektrik xətti suyun altından çəkiləcək. Xətt Qara dənizin altından keçir ki, bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə müvəffəqiyyətlə qoşula bilsin, nəticədə biz gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini ala bilək və ölkəmizin elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini təmin edək. Bu həmçinin ölkəmizdə sənaye istehsalının genişlənməsi və vətəndaşlarımızın artan ehtiyacları ilə bağlıdır. Bizə bu enerji təhlükəsizliyi lazım olacaq və biz Azərbaycandan olan dostlarımıza, xüsusilə Prezident Əliyevə buna görə minnətdarıq".
Flora SADIQLI,
"Azərbaycan"