01 Oktyabr 2022 02:01
777
SİYASƏT
A- A+

Azərbaycan-Çin əməkdaşlığı strateji əhəmiyyət kəsb edir

 

Qədim sivilizasiyalardan birinin beşiyi olan Çin dünya mədəniyyəti xəzinəsinə əsrarəngiz töhfələr vermişdir. Bir sıra mühüm kəşf və ixtiraların vətəni olan bu ölkə tarixi İpək yolunun üzərində yerləşdiyinə görə daha çox dövlət ilə iqtisadi, mədəni, ticarət əlaqələri saxlamalı olmuşdur. Bəşəriyyət ilk dəfə kompas, barıt, kağız, kitab çapı, kağız pul ilə tanışlığa görə çinlilərə borcludur.  
Uzun əsrlər boyu kəndli ölkəsi kimi tanınan Çin hazırda dünyanın ikinci böyük iqtisadiyyatına malikdir. Təsadüfi deyil ki, 2021-ci ildə Çində nominal ümumi daxili məhsulun həcmi 17.7 trilyon dollar (müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 23 trilyon dollardır) olmuşdur. 2022-ci ildə isə Çində nominal ümum daxili məhsulun 20 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu gün Çinin valyuta ehtiyatları 3.2 trilyon (bəzi mənbələrə görə 4 trilyon) dollar təşkil edir. Bununla belə, Çinin xarici borcu 13 trilyon dollara bərabərdir.
Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. O vaxtdan bəri ardıcıl surətdə Azərbaycan Çinin "Vahid Çin" siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdə Çinə dövlət səfərləri ikitərəfli münasibətlərin inkişafına təkan verdi. 2019-cu ilin aprel ayında Azərbaycan Prezidentinin Pekində keçirilən II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda şəxsən iştirak etməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxardı. 2022-ci il sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Hər iki tərəf qarşılıqlı münasibətlərin inkişafından məmnun qaldıqlarını ifadə etdilər. 
Bir sıra regional və beynəlxalq problemlərin həllində çox vaxt Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Rəsmi Pekin beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etmişdir. Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Çin BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 üzvündən biridir. Onun beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir.
Qarşılıqlı siyasi münasibətlərin normal məcrada inkişafını hər iki ölkənin dövlət başçıları dəfələrlə qeyd etmişlər. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əməkdaşlığını strateji əhəmiyyət kəsb edən əlaqələr hesab edir. Bunu 2022-ci il aprelin 1-də Xarici İşlər Nazirliyində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edənlər də vurğuladılar.
Siyasi-diplomatik münasibətlərin müsbət məcrada inkişafı Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli mühit yaradır.
Azərbaycan Çinin simasında idxalat və ixracat mallarına malik böyük bir bazarla əlaqə saxlamaqda olduqca maraqlıdır. Çin də eyni zamanda Azərbaycan bazarına can atır. Son zamanlar Azərbaycanın Çin bazarında geniş təmsil olunması müşahidə olunur. Təsadüfi deyil ki, hazırda Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir. Həmçinin Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakı iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyardır. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox Çin şirkəti fəaliyyət göstərir. 
Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son 20 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 34 dəfə artaraq, 2021-ci ildə təqribən 1,8 milyard dollara çatmışdır.
İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Təqdirəlayiq haldır ki, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. 
Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək yolu birləşdirirdi. Bu gün isə iki ölkə arasında artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət həyata keçirilir. İnanırıq ki, Zəngəzur dəhlizi Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə "Orta Dəhliz" rolunu oynayacaq.
Əgər okean və dəniz yolu ilə yüklər Çindən Avropaya 30-35 günə çatdırılırsa, eyni yüklər quru yolla Azərbaycan üzərindən Avropaya 13-15 günə çatdırıla bilər. Bu isə kapitalın dövriyyəsinin sürətlənməsinə və nəticə etibarilə onun sahibinə 2-3 dəfə çox gəlirin gətirilməsinə şərait yaradılması deməkdir.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunması Azərbaycan hakimiyyəti və işgüzar dairələri tərəfindən razılıqla qarşılanmışdır. Bu il sentyabrın 5-də keçirilmiş "Azərbaycan - investisiya və ticarət imkanları" mövzusunda forum müxtəlif infrastruktur sahələrə Çin kapitalının cəlb olunması üçün mühüm addım oldu. Sevindirici haldır ki, Çinin "Huawei" şirkəti sözügedən ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrində iştirak edir və hazırda digər Çin şirkətləri ilə də müxtəlif layihələr üzrə danışıqlar aparılır.
1995-ci ildən bəri Çindən Azərbaycana təqribən 900 milyon dollar, Azərbaycandan Çinə isə təqribən 1.3 milyard dollar həcmində investisiyalar yatırılmışdır.
İki ölkə arasında qardaşlaşmış şəhərlər təcrübəsindən də istifadə olunur. Hazırda Gəncə şəhəri ilə Çinin Çindao şəhəri arasında dostluq və əməkdaşlıq münasibətləri həyata keçirilir. İki şəhər arasında ticarət-iqtisadi, mədəniyyət, təhsil, elm və texnika, səhiyyə, idman, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın fəal inkişaf etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Çindao təqribən 10 milyona yaxın əhalisi və 191 milyard dollar həcmində ümum daxili məhsulu ilə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yük daşımaları baxımından Çinin 5 ən önəmli dəniz limanından birinin, eləcə də "Haier" və "Hisense" kimi nəhəng Çin şirkətlərinin yerləşdiyi şəhərdir. Bu addım Gəncə şəhərində istehsal olunan məhsulların Çindaoya və onun vasitəsilə Çin bazarına daxil olmasına geniş imkanlar açır.
Başqa bir nümunə isə Bakı şəhərinin Qaradağ rayonu ilə Çinin Şenzen şəhəri arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi üzrə işlərin həyata keçirilməsidir. 
Bu il sentyabrın 5-də Pekin şəhərində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində "Azərbaycan-İnvestisiya və Ticarət İmkanları" forumu keçirildi. Forum çərçivəsində "Made in Azerbaijan" brendinin keyfiyyətli və rəqabətqabiliyyətli qida və içki məhsulları və ölkəmizin turizm potensialı təqdim edildi. Tədbirə iqtisadiyyatın müxtəlif sahələrindən olan 60-dan çox şirkət və qurum nümayəndəsi qatılmışdı. Xatırladaq ki, 2021-ci ildə iki ölkə arasında xidmətlər ticarətinin həcmi 28 faiz artmışdır.
İki ölkə arasında mədəni əlaqələrin tarixi Orta əsrlərə gedib çıxır. Bu gün isə mədəniyyətin müxtəlif sahələrində əlaqələr intensiv inkişaf etməkdədir. Təhsil sahəsində münasibətlər sabit və davamlı olaraq genişlənir. Xüsusilə ölkəmizdə Çin üzrə mütəxəssislərin hazırlanmasına mühüm diqqət yetirilir. Bu sahədə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rolunu qeyd etmək olar. Bu elm və təhsil mərkəzi həqiqətən də iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində bir körpü missiyasını inamla yerinə yetirir. İnstitutun fəaliyyət göstərdiyi müddət ərzində 6 mindən çox tələbə burada təşkil edilmiş dil kurslarında çin dilini öyrənmişlər. İnstitutun ayırdığı təqaüdlərlə 200-dən çox tələbə Çinin müxtəlif nüfuzlu universitetlərində təhsil almışlar. Bu institut indiyədək 350-dən çox elmi konfransa, müsabiqəyə, yubileyə və tarixi günlərin qeyd olunmasına evsahibliyi etmişdir. Hazırda Azərbaycanda bu institutun 11 filialı fəaliyyət göstərir. 
Eyni zamanda Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili fakültəsi ilə yanaşı, Çinin Anhoy və Hucou universitetlərində yaradılmış "Azərbaycanşünaslıq" mərkəzləri də ölkəmizin Çində tanıdılması və tədqiq olunması işində əhəmiyyətli rol oynayır.
Azərbaycan ilə Çin arasında ədəbi əlaqələrdən bəhs edərkən hələ 1954-cü ildə Çinin qocaman şairi Ke Çyunpinin Azərbaycana səfərini qeyd etmək yerinə düşərdi. Onun yazmış olduğu "Bakı" adlı şeirdə deyilirdi:

Seyr elədik biz Qafqazın başıqarlı dağlarını, 
Coşqun axan çaylarını, bir də yaşıl bağlarını, 
Gəlib çatdıq səhər çağı sahilinə göy Xəzərin, 
Biz qovuşduq vüsalına Bakı adlı bir şəhərin.

Maraqlı haldır ki, müxtəlif festivalların təşkili də iki ölkə xalqları arasında yaxınlaşmaya səbəb olur. Belə ki, bu ilin yanvarında "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" (OCEP) çərçivəsində Bakının Nizami rayonundakı şəhid Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə Azərbaycan-Çin mədəniyyət festivalı keçirildi.
Tayhu Dünya Mədəniyyət Forumunun 2021-ci ilin 11-13 oktyabr tarixlərində keçirilmiş 6-cı illik sessiyasında Azərbaycan fəxri qonaq ölkə statusunda iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev foruma təbrik məktubu ünvanlamışdır. Forum çərçivəsində həmçinin Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Çinin Anhoy əyalətinin Benbu şəhərində yerləşən "Qədim Məskənlər Sərgi Parkı"nda "Azərbaycan Mədəniyyətinə Pəncərə" adlı milli pavilyonun açılışı olmuşdur.
Sözsüz iki dövlətin və iki xalqın bir-birilə əməkdaşlığının gücləndirilməsində, humanitar əlaqələrin genişləndirilməsində obyektiv amillərlə yanaşı, subyektiv amillər də mühüm rol oynayır. Bu sahədə elm və mədəniyyət xadimlərinin, o cümlədən hər iki ölkədə fəaliyyət göstərən diplomatların rolu xüsusilə vurğulanmalıdır. Bu mənada Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin fəaliyyəti təqdirəlayiqdir.
Həyatın özü və tarixi reallıqlar iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı inkişaf etdirməyi diktə edir. Hər iki ölkə əlverişli coğrafi mövqeyə malikdir. Tarixi İpək yolu boyunca Orta əsrlərin dəvə karvanlarını bu gün dəmir yolu nəqliyyatı əvəz edir. 
Həm Azərbaycanın, həm də Çinin geosiyasi və geoiqtisadi əhəmiyyəti onların qlobal iqtisadi layihələrdə birgə iştirakını zəruri edir. İnanmaq olar ki, Çinin böyük və uğurlu islahatlar təcrübəsindən Azərbaycan tərəfi də yararlanacaq. Qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə müsbət zəmin yaradır.     

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video