02 Oktyabr 2022 01:30
598
SİYASƏT
A- A+

Azərbaycan başlatdığı sülh prosesini qətiyyətlə reallaşdıracaq

 

Ermənistanın təxribat cəhdləri fiaskoya uğrayacaq

 

2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan  Azərbaycanın tarixi qələbəsini qəbul edə bilmir, çirkin niyyətlərindən əl çəkməyərək təxribatlarına davam edir. 
İki il ərzində Azərbaycan regionda sülhün, təhlükəsizliyin yaranması üçün əlindən gələni etsə də, Ermənistan heç bir addım atmayıb. İşğalçılıq siyasətini davam etdirmək niyyətindən dönməyərək sülh prosesini gecikdirmək üçün hər vasitəyə əl atıb. Təxribatlarının cavabını layiqincə aldığı, itkilərə məruz qaldığı zaman isə havadarlarından kömək ummağa, yalvarmağa başlayıb. Reallığı qəbul etməyən Ermənistan hələ də anlamır ki, onların köməyinə gələcək kimsə yoxdur və ya sülhü təxirə salmaq cəhdləri baş tutmayacaq.  

 

Təxribatlar münaqişənin davam etdiyi təəssüratını yaratmaq məqsədi daşıyır

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyir ki, Ermənistanın hər vasitə ilə sülh sazişini imzalamaqdan  yayındığı sirr deyil. Onun sözlərinə görə, Ermənistanın bunu təkbaşına etmədiyi reallıqdır, yəni ona regionda  gərginlik yaratmaqda, təxribatlar törətməkdə dəstək olan dairələr mövcuddur. Başlıca məqsədləri odur ki, təxribatlar törətməklə silahlı qarşıdurmalar yaratsınlar ki, bu da münaqişənin hələ də davam etməsi təəssüratını formalaşdırsın. Bununla Ermənistan öncə artıq olmayan münaqişənin tənzimlənməsi istiqamətində müzakirələrə başlanılmasına, fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun yenidən aktuallaşdırılmasına nail olmaq istəyir. 
 "ABŞ bir müddət əvvəl Cənubi Qafqaz üzrə nümayəndəsini Minsk qrupunun həmsədri təyin etdi. Bu isə ondan xəbər verir ki, ABŞ Azərbaycanın sərgilədiyi mövqeyə etinasız yanaşır. Biz dəfələrlə bəyan etmişik ki, münaqişə Azərbaycanın gücü hesabına aradan qalxıb və mövcudluğu dövründə heç bir səmərəli nəticə ortaya qoymayan ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur", - deyə Elşad Mirbəşiroğlu bildirir. 
Onun sözlərinə görə, həm ABŞ, həm də Fransa Azərbaycanın mövqeyinin ziddinə olaraq Minsk qrupundan intensiv danışmaqdadır. Minsk qrupunun digər həmsədr ölkəsi olan Rusiyanın mövqeyi də ortadadır: Minsk qrupunun fəaliyyəti  nə praktiki, nə də hüquqi cəhətdən mümkündür. Hüquqi cəhətdən ona görə mümkün deyil ki, münaqişə tarixə qovuşub, artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin  normallaşması ilə bağlı müzakirələrdə Qarabağ müzakirə predmeti deyil. Ermənistann bu istiqamətdə heç bir təsir imkanı yoxdur. 
Deputat Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın müsahibəsindəki mövqeyini xatırladaraq bildirir ki, o da artıq Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salmağın vacibliyini, Qarabağın müzakirə predmeti olmadığını deyib. 

 

Məğlub Ermənistan qalib Azərbaycanın şərtlərini qəbul etməlidir

 

Elşad Mirbəşiroğlunun fikrincə, təxribatların əsas səbəblərindən biri gərginlik yaratmaqla sülh prosesini əngəlləməkdir. Çünki sülh gündəliyini Azərbaycan formalaşdırır. Ermənistanın müharibədə ağır məğlubiyyətə uğraması bir faktdır. Bu reallığı kimsə dəyişə bilməz. Azərbaycan da qalib ölkə olaraq danışıqlar masası arxasına əyləşir və sülh şərtlərini müzakirə etməyə hazır olduğunu bildirir. Ermənistan isə təbii ki, özünün ağır məğlub statusuna uyğun masa arxasında əyləşmək məcburiyyətində qalır. Belə olan halda bütün proseslər Azərbaycanın haqlı maraq və mövqeyinə uyğun yekunlaşacaq. 
Onun sözlərinə görə, Ermənistanın baş naziri N.Paşinyan sülh sazişini müzakirə etməkdən yayınır. Məsələnin bir tərəfi budur ki, sülh sazişi Azərbaycan üçün növbəti qələbə, Ermənistan üçün isə müvafiq olaraq növbəti kapitulyasiya sənədi olacaq. Dünya müharibələrinin təcrübəsi hər zaman məğlub tərəfin qalib tərəfin şərtlərini qəbul etməli olduğunu göstərib. Bunun başqa yolu yoxdur. Azərbaycan qalib, güclü, bütün mənalarda diktə edən tərəfdir. Ermənistan isə məğlub, zəif tərəf olmaqla, Azərbaycanın haqlı mövqeyini qəbul etmək məcburiyyətindədir. Paşinyan da Ermənistan üçün belə bir məğlubiyyət sənədinə imza atmaq istəmir, amma özü də dərk edir ki, bu sənədə imza atmaq məcburiyyətində qalacaq. 

 

Proseslər Azərbaycanın iradəsi altında cərəyan edəcək

 

Deputat deyir ki, bəzi Qərb dairələri Ermənistanı təxribatlara sövq edirlər. Məsələn, Ermənistan müdafiə naziri fransalı həmkarı ilə görüşlər keçirir, ABŞ və Fransa Ermənistana hərbi yardımdan danışırlar. Bu, Ermənistanın yenidən silahlı mübarizə aparmaq imkanının formalaşdırılmasına xidmət edir, amma  unudurlar ki, regionda bundan sonrakı proseslər Azərbaycanın iradəsi altında cərəyan edəcək. 
Azərbaycan iki il bundan əvvəlki ilə müqayisədə qat-qat güclüdür. Ölkəmiz Vətən müharibəsində qətiyyətli qələbə çaldı, amma ötən iki il ərzində ordusunu ən müasir tələblərə uyğun daha da gücləndirdi. Ona görə də Ermənistanın təxribatları ilk növbədə  özünə ciddi zərər yetirir. Onların hər təxribatından sonra Azərbaycan mövqelərini daha da möhkəmləndirir. 
Sentyabrın 12-13-də Ermənistan tərəfindən törədilmiş təxribatların qarşısı alınarkən, Azərbaycanın bir sıra strateji yüksəkliklərdə nəzarəti təmin etdiyini xatırladan deputat deyir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Murovdan Araz çayına qədər çox strateji, effektiv nəzarət imkanları qazanmışıq. Ona görə də Ermənistanın bütün təxribatlarının qarşısını anında almaq gücündəyik. Bütün hallarda Ermənistanın cəhdləri fiaskoya uğrayacaq, Azərbaycanın başlatmış olduğu sülh prosesi özünün məntiqi nöqtəsinə çatacaq. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video