04 Oktyabr 2022 01:32
3525
SİYASƏT
A- A+

Azad edilən ilk şəhər  

 

27 illik Cəbrayıl həsrətinə 8 gündə son qoyuldu  

 

4 oktyabr 2020-ci il...
Döyüşlərin 8-ci günü...
Hər bir azərbaycanlı cəbhədən növbəti xoş xəbəri eşitmək üçün ekran başında, sosial şəbəkələrdə səbirsizliklə gözləyir. Nəhayət, axşam 20:00 radələrində Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verir: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bu, Prezidentdən aldığımız ikinci müjdəli xəbər idi. Suqovuşanın azad olunma xəbərindən sonra xalqımız hər gün dövlət başçısından xoş xəbərlər gözləyirdi. Artıq hər kəsdə qələbə ruhu duyulurdu. Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər idi. Eyni zamanda həmin gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edildi. Beləliklə, Cəbrayıl şəhərində də Azərbaycan bayrağı dalğalanırdı.
Oktyabrın 4-dən etibarən, demək olar ki, hər gün Cəbrayıl rayonunun kəndlərinin bir-bir işğaldan azad edildiyi xəbərlərini alırdıq. Ümumilikdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhər və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlətimizin nəzarəti qismən bərpa edilib. 
Tarixə nəzər: Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 
Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb. Erməni işğalçılarına qarşı döyüşlərdə Cəbrayıldan olan 6 nəfər göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü il 5 yanvarda Horadiz əməliyyatı zamanı rayonun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin ətrafdakı yüksəkliklərdə düşmən qüvvələri olduğu üçün kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndikdən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib. Aprel zəfərindən sonra Azərbaycan dövləti Cocuq Mərcanlıda yenidənqurma işlərinə start verib və tezliklə bu kənddə həyat yenidən qaynayıb, illər sonra kəndin sakinlərinin torpaq, yurd həsrəti bitib. Cocuq Mərcanlı Böyük qayıdışın ilk qaranquşu kimi tarixə düşüb. 

 

İşğaldan azad olunmuş əraziyə ilk səfər

 

Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. 
İşğaldan azad olunan ilk ərazilərə - Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu. 
Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir. 

 

Yenidənqurma və bərpa işləri

 

Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident İlham Əliyev rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi. Belə ki, həmin gün Cəbrayılda "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu. 
Ölkə rəhbəri eyni zamanda 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyası, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Daha sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident çıxışında qeyd etdi ki, oktyabrın 4-ü tariximizdə əbədi qalacaq, çünki həmin gün Cəbrayıl şəhəri işğalçılardan azad edilib və bu qələbənin çox böyük mənası var: "Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir - Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi". 
Cəbrayıl əməliyyatının əhəmiyyətindən söz açan dövlət başçısı dedi ki,  Cəbrayıl azad olunandan sonra işğal altında olan digər rayonlara uğurlu addımlarımız mümkün olub. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edilib. Beləliklə, Azərbaycan Ordusu Laçın dəhlizini tam nəzarətə götürə bilib.
Prezident həmçinin Aprel döyüşlərini xatırladaraq qeyd edib ki, Cəbrayılın azad olunması beş il bundan əvvəl başlayıb: "Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi".

 

Zəfərdən sonra...

 

Torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində ilk döyüşlərin getdiyi, düşmənin qurduğu istehkam və mövqelərin güclü olduğu ərazilərdən idi Cəbrayıl. 2016-cı il Aprel döyüşlərini unutmayan düşmən burada daha yaxşı möhkəmlənmişdi.
Cəbrayılın azad olunması uğrunda da canından belə keçməyə hazır olan oğullar az deyildi. Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında  "Cəbrayılın azad olunmasına görə" medalı da xüsusi yer tuturdu. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz də mükafatlandırıldı. 
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən 12523 hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olundu. 

 

Azərbaycan öz  məqsədlərinə doğru irəliləyir

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsini xatırladaraq qeyd edir ki,  iki il öncə sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yenidən təxribatlara başladı və Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə alaraq, öz qələbəsini təmin etdi. Deputat bildirir ki, işğaldan azad olunan ilk ərazilər arasında Cəbrayıl şəhəri və rayonun kəndləri də var idi. Hər bir cəbrayıllı həmin günü yaxşı xatırlayır. Cənab Prezident Azərbaycan xalqına bu barədə xoş müjdə verdi. 
Ceyhun Məmmədov deyir ki, bu tarixə qədər hər il avqustun 23-nü Cəbrayılın işğalı günü, indi isə oktyabrın 4-nü Cəbrayılın işğaldan azad olunması günü kimi qeyd edirik: "Çox möhtəşəm hisslərdir, böyük uğurdur. Son 250-300 ildə ilk dəfə itirilmiş torpaqlarımızı azad etdik. Azərbaycan xalqı möhtəşəm qələbəsini təmin edərək yeni mərhələyə daxil oldu. Həmin günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb". 
Deputat təəssüflə qeyd edir ki, ermənilər 30 ilə yaxın müddətdə işğalda saxladıqları bu əraziləri vəhşicəsinə dağıdıblar: "Amma biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər qısa müddətdə bərpa ediləcək. İşğaldan azad olunan torpaqlarımızda artıq böyük quruculuq işlərinə başlanılıb. Cəbrayılda bir sıra yeni müəssisələrin - məktəb, xəstəxana, sənaye parkının əsası qoyulub. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan öz  məqsədlərinə doğru irəliləyir". 
Deputatın sözlərinə görə, ermənilər bu illər ərzində rayonu barbarcasına dağıdıb, evləri, məscidləri, bütün infrastrukturu məhv edib. Hətta zəfərdən sonra öz evlərini tapa bilməyən Ceyhun Məmmədov vurğulayır ki, birlikdə o torpaqları qısa müddətdə ən yüksək səviyyədə təmir və bərpa edəcəyik: "Bu gün qarşımızda ciddi vəzifələr durur. Qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Biz əminik ki, bu uğurlara mütləq nail olacağıq və xalqımız hər zaman bu istiqamətdə səylərini davam etdirəcək. Bu gün cəbrayıllılar da ölkə rəhbəri, ordumuz ətrafında sıx birləşərək öz məqsədlərinə doğru irəliləyirlər və əminik ki, qarşımızdakı vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaracağıq".

 

Cəbrayılın azad edilməsindən sonra daha da qorxuya düşən düşmən

 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir ki, İkinci Qarabağ savaşı zamanı böyük sevinc gətirən, ilk işğaldan azad edilmiş iri şəhərlərdən biri Cəbrayıldır. Azərbaycan Ordusu şimal və mərkəzdən əks-hücum əməliyyatına keçsə də, döyüşlərin inkişaf istiqaməti cənub bölgəmiz - Cəbrayıl, Zəngilan olub: "Bu istiqamət bizim üçün daha uğurlu idi. Hər bir  döyüşün əhəmiyyəti böyükdür, çünki Azərbaycan Ordusunun Vətən müharibəsi əməliyyatlarını bir-birindən ayırmaq olmaz, bunlar zəncirvari, bir-birinə təsir edən, bağlı olan döyüşlərdir. Şimal və mərkəz istiqamətində gedən döyüşlər düşmənin ehtiyat qüvvələrinin böyük hissəsini burada saxlamaqla, Cəbrayıl şəhərinin və ətrafdakı yaşayış məntəqələrinin azad edilməsində mühüm rol oynadı. Digər tərəfdən Cəbrayıl rayonunun və Hadrutun azad edilməsi Şuşaya açılan qapı idi. Məhz bu istiqamətdə gedən döyüşlərin əhəmiyyəti həddindən çox idi". 
Ekspert deyir ki, Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunu döyüşləri daha da geniş, istiqamətləndirilmiş şəkildə inkişaf etdirməyə kömək etdi: "Düzənlik ərazi olduğundan texnikaların o istiqamətdə sürətlə irəliləməsi, ərazi baxımından əlverişli  mövqelərin ələ keçirilməsinin növbəti döyüşlərin aparılmasına müsbət təsiri danılmazdır. Cəbrayıl şəhərinin azad edilməsi bizim üçün psixoloji dəstək kimi qəbul olunmalıdır, çünki 30 il işğal altında qalan torpağın, böyük şəhərin ilk olaraq azad edilməsi döyüşdə olan hərbçiləri daha da ruhlandırdı, onların inamını artırdı". 
Ş.Ramaldanov bildirir ki, Cəbrayılın azad edilməsindən sonra düşmən tərəfdə fərarilik halları artıb. Onlar döyüş mövqelərini atıb qaçmağa başlayıblar. Ermənistanda elan olunan səfərbərlik də demək olar ki, heç bir nəticə verməyib.
O qeyd edir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də sərkərdə kimi öz məharətini göstərdi. Çünki bütün qərarları Ali Baş Komandan verirdi: "Bütün istiqamətlər təhlil edilərək verilən doğru qərarların Azərbaycan Ordusu tərəfindən praktiki yerinə yetirilməsi onu göstərir ki, Ali Baş Komandan müharibəni məharətlə idarə edərək bizi qələbəyə gətirib çıxartdı. Hər şey mərkəzdən idarə olunur, əgər mərkəzdən yanlış qərarlar verilərdisə, qələbəni belə qısa zamanda qazana bilməzdik. Düzgün təhlillər, komanda mərkəzində qəbul olunmuş doğru qərarlar orduya üstünlüyü həmişə saxlayaraq düşməni qovmağa, darmadağın etməyə imkan verdi. Ordunun müasir silahlarla təchiz  olunması da burada böyük rol oynadı. Ona görə ki, müasir silahlar hələ yaxın təmasda olmadan düşmənin bütün istiqamətlərdə texnika və hədəflərini darmadağın edərək, şəxsi heyət arasında itkilərin minimuma endirilməsinə  kömək etdi. Proqnozlara görə, itkilərin qat-qat çox olması gözlənilirdi". 
Ehtiyatda olan polkovnik deyir ki, bu gün böyük dövlətlərin ali hərbi məktəblərində Azərbaycanın XXI əsrin tələblərinə cavab verən, müasir müharibə aparması təcrübəsi öyrənilir. Təcrübədə şəxsi heyət arasında itkiləri minimuma gətirə biləcək amillərə xüsusi diqqət yetirilir. 

 

Ekoloji terror

 

İşğal zamanı məhv edilən, daşı daş üstündə qalmayan ərazilərimizdən biri də Cəbrayıl idi. Ermənilər hər şeyi vəhşicəsinə məhv etmiş, dağıtmışdılar, bununla ürəkləri soyumamış, təbiətə də ağır ziyan vurmaqdan çəkinməmişdilər. İşğaldan azad olunmuş hər bir rayonda ekoloji terrorun izləri aydın görünməkdədir. Meşələr qırılıb, çayların suyu çirkləndirilib, hətta əraziləri boşaldanda belə meşələrə od vurmaqdan çəkinməyiblər. Ərazilərimiz minalardan təmizləndikdən sonra qarşıda duran ilk məsələlərdən biri də ağacların əkilməsi, yaşıllıqların bərpası idi. 
Bu istiqamətdə ötən il Cəbrayıl rayonunda "Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi"nin, "Təlim-tədris mərkəzi"nin və "Tinglik sahəsi"nin yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir. Həmçinin digər dövlət, özəl təşkilatlar, eyni zamanda diaspor və cəmiyyətin müxtəlif nümayəndələri də Memoranduma qoşularaq ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə dəstək olmağa dəvət edilib.

 

Tarixin izi

 

Cəbrayılda da tarixin izini itirmək məqsədilə abidələr dağıdılıb. İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edilib.
Bununla belə nə qədər istəsələr də, tarixi silə bilməyiblər. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın qədim torpaqlarıdır. Bu gerçəyi heç nə dəyişdirə bilməz. Abidələri, dağı, daşı, təbiəti məhv edərək hər şeyi silmək istəsələr də, o ərazilərdə bizim əcdadlarımızın izi var. Bu izlər isə silinməzdir, Zəfər izimiz kimi... 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video