Bank sektorunun indeksi 7 faizdən çox aşağı düşüb
Avropa fond bazarları bank böhranının yeni dövrünün riskləri fonunda çöküb. Bu prosesə Səudiyyə Ərəbistanı Milli Bankının İsveçrənin iri maliyyə konqlomeratlarından olan "Credit Suisse"yə əlavə yardım göstərmək niyyətində olmadığı xəbəri təkan verib. Bu barədə Avropanın "Euronews" telekanalı məlumat yayıb.
Xəbərlərə əsasən, Parisdə 2,97, Londonda 2,76, Frankfurtda 2,43, Milanda 4 faiz ucuzlaşma baş verib. Avropa bank sektorunun indeksi (Stoxx 600 Banks) 7 faizdən çox düşüb.
Bu xəbərlər fonunda baş verən proses Amerika bazarlarına da təsir edib: "Dow Jones"da indeks 1,40, "Nasdaq"da isə 1 faiz ucuzlaşıb.
İsveçrə fond birjasında keçirilən hərraclarda "Credit Suisse"nin səhmləri tarixi minimumu yeniləyərək ucuzlaşmağa davam edib. Eyni zamanda kotirovkalar 23,7 faiz azalıb ki, bu da ABŞ-nin "Bloomberg" telekanalının xəbərinə görə, bir gündə qeydə alınan ən güclü eniş olub.
Bu günlərdə "Credit Suisse"dən bildiriblər ki, maliyyə hesabatlarında "ciddi maddi çatışmazlıqlar" aşkar edilib. Həmçinin qeyd olunub ki, konqlomerat audit və daxili nəzarət prosedurlarında dəyişikliklər etmək niyyətindədir.
Bu xəbərdən sonra Səudiyyə Ərəbistanı Milli Bankının sədri Əmmar Al-Xudayri İsveçrə bankını xilas etməyəcəklərini bildirib. Çünki "10 faizlik hədd keçilməyəcək və bu, sadəcə tənzimləmə məsələsidir".
Səudiyyə Ərəbistanı Milli Bankı keçən il kapitalın artırılması çərçivəsində "Credit Suisse"in təxminən 10 faiz payını alıb və 1,5 milyard İsveçrə frankı məbləğində sərmayə qoymağı vəd edib.
"Credit Suisse"dəki problemlər fonunda Avropanın digər banklarının da qiymətli kağızlarının kotirovkaları aşağı düşüb. Belə ki, "BNP Paribas" - 12,02, "Societe Generale" - 11,93, "Banco Sabadell" - 8,82, ING - 8,26, "Commerzbank" - 11,57 və "Deutsche Bank" - 8,22 faiz itkiyə məruz qalıb.
Analitiklər izah edirlər ki, "Credit Suisse" səhmlərinin düşməsi Amerikanın "Silicon Valley Bank" kommersiya bankının ötən həftə çökməsindən sonra qlobal bank sisteminin dayanıqlılığı ilə bağlı investorların narahatlıqlarını yenidən alovlandırıb.
Son məlumata görə, hesabat problemləri səbəbiylə səhmləri rekord səviyyədə - az qala 24 faiz ucuzlaşdıqdan sonra "Credit Suisse" İsveçrə Milli Bankından 54 milyard dollara qədər borc almağa hazırlaşır.
Növbəti 24 saat ərzində investorları təlatümlü mühit gözləyir. Belə ki, bank sektorunda problemlərin yaranması qorxusu səbəbindən Avropada və ABŞ-də birjaların mənfi dinamikası davam etdir. Asiya-Sakit okean regionunda da fond indeksləri aşağı düşür.
Rizvan CƏFƏROV,
"Azərbaycan"