Avropa Parlamenti qurumun üzvü Assita Kankoya qarşı təzyiq iddiaları ilə bağlı araşdırma açıb. “Politico”nun xəbərinə görə, deputata qarşı ilk şikayət ötən ilin noyabrında edilib, sonra iş “ilkin araşdırma”dan keçib və indi ona rəsmi ittiham irəli sürülə bilər.
Ümumi qaydaya əsasən, hər bir deputatın tabeliyində üç köməkçisi ola bilər. 2019-cu ilin iyulunda seçiləndən bəri 42 yaşlı Kanko parlamentdə artıq 13 köməkçi dəyişib.
Şahidlər yekdilliklə Kankonun ofisində “qorxu mədəniyyəti”nin olduğunu təsdiqləyib: o, icrası mümkün olmayan əmrlər verib, işçilərə onların şəxsiyyətinə zidd şəxsi tələblər irəli sürür. Deputat həm səhər tezdən, həm də gecə yarısı, həftə sonları və iş saatlarından sonra tapşırıqların qoyulmasını da normal sayır.
Avropalı məmurun keçmiş işçilərinin sözlərinə görə, o, köməkçilərinin şəxsi sərhədlərinə qətiyyən hörmət etmirdi və iş tapşırıqlarından əlavə, tez-tez şəxsi tapşırıqlarını yerinə yetirməyə məcbur edirdi. Belə ki, Kanko onun əvəzinə alış-verişə getməyi, yemək sifariş etməyi və hətta uşağına dayəlik etməyi tələb edib.
Assita Kanko 1980-ci ildə Qərbi Afrikada - Burkina Fasoda anadan olub. O, uşaq ikən sünnət edilib və o vaxtdan bəri qızlar üçün bu əməliyyatı qadağan etmək üçün kampaniya aparır. 1998-ci ildə afrikalı araşdırmaçı jurnalist Zonqonun qətlindən sonra hüquq müdafiəçisi olub. 2001-ci ildə Kanko jurnalistika təhsili almaq üçün Niderlanda köçüb və daha sonra Brüsseldə məskunlaşıb. Yeddi ildən sonra isə Belçika vətəndaşı olub.
Rizvan CƏFƏROV,
"Azərbaycan"