Astarada kənd təsərrüfatının inkişafı, istifadə olunmayan torpaqların əkin dövriyyəsinə qaytarılması və fermerlərin qarşılaşdığı problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərlə yerində tanışlıq keçirilib.
Görüşdə Astara Rayon İcra Hakimiyyətinin, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Astara Dövlət Aqrar İnkişaf Mərkəzi və Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul şəxsləri iştirak ediblər.
Nümayəndə heyəti fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirib, mövcud vəziyyət və görülən işlərlə tanış olub.
Daha sonra Astara Rayon İcra Hakimiyyətində Dövlət Proqramının icrası ilə bağlı yaradılmış Qərargahın və kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Müzakirələr zamanı fermerlərin üzləşdiyi problemlər, su təminatı, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması və əkilməyən torpaqların əkin dövriyyəsinə qaytarılması məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah fəaliyyət göstərir. Qərargah tərəfindən fermer və torpaq mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir, qarşıya çıxan problemlərin həlli istiqamətində tədbirlər görülür.
Görüşdə fermer və sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.