"Qadınlardan ibarət millimizin gümüş medal qazanması böyük uğurdur". Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatı barədə danışarkən deyib.
Funksioner yarışla başlı fikirlərinin bir az ziddiyyətli olduğunu bildirib: "Qızıl medal da qazana bilərdik. Qızlar turnirə çox yaxşı hazırlaşmışdılar. Serbiyaya qarşı sonuncu turun görüşünün gedişi də bunu göstərdi. Heç bir lövhədə heç-heçə qeydə alınmadı. 3 qələbə və 1 məğlubiyyət oldu. Bunu da başa düşmək olar. Günay Məmmədzadə bütün qarşılaşmalarını çox gözəl, əsl lider kimi keçirmişdi. Ola bilsin ki, sonda əsəbləri bir az tab gətirmədi və uduzdu".
M. Məmmədov sonuncu turda bəxtlərinin gətirmədiyini də söyləyib: "Amma gərək öz şansını, taleyini başqalarının əlinə verməyəsən. Təəssüflər olsun ki, həyatda və idmanda hər şey istədiyiniz kimi olmur. Gürcüstanlı Lela Cavaxişvili bolqar həmkarına uduzdu və Bolqarıstan millisi çempion oldu. Lela kimi təcrübəli şahmatçı bütün partiyalarda üstün olmuşdu. Onun heç-heçəsi belə bizim qızıl medal qazanacağımıza şərait yaradacaqdı. Sonda 2-3 gedişlə öz partiyasını uduzdu və birinci yerdən məhrum olduq. Taleyini başqalarının əlinə vermək düzgün deyil, özün həll etməlisən. Bu, komanda üçün böyük dərsdir. Bununla belə, böyük uğurdur. Bütün şahmatsevərləri təbrik edirəm".
Federasiya rəhbəri qadın qrossmeysterlərin inkişaf etdiyini diqqətə çatdırıb: "Həm şəxsi planda, həm də komanda olaraq son vaxtlar inkişafı görməmək mümkün deyil. Ötən il Şahmat Olimpidasının sonuncu turunda qızıl medal şansımız var idi. Bəxtimizdən bu dəfə də Gürcüstan yığması bunu əlimizdən aldı. Bizə qalib gələrək çempionluqdan məhrum etdilər. Bu ədalətli nəticə idi. Rəqibi məğlub etmək lazımdır. Rəqibi üstələsəydik, Şahmat Olimpiadasının qalibi olacaqdıq. Qızlar xüsusi proqramla işləyirlər. Onlarla böyük məşqçilər kollektivi çalışır. Bundan əlavə, bu dəfə qeyri-adi eksperiment edərək Aydın Süleymanlını da bu işə cəlb etdik. Bu da bəhrəsini verdi. Bu komandanın uğurları davamlı olacaq. Hazırda İtaliyada 14-18 yaşlıların dünya çempionatı davam edir. 18 yaşadək şahmatçılar arasında Ayan Allahverdiyeva liderdir. Bu turniri də diqqətlə izləyirik".
AŞF prezidenti kişi şahmatçıların çox zəif çıxış etdiklərini deyib: "Bunun bəzi səbəblərini demək istəmirəm. İdman faktorlarıdır. Biz bunları daxildə müzakirə etmək niyyətindəyik. Onu deyə bilərəm ki, idmançılarımız çox çalışmırlar. Ancaq potensialları böyükdür. Komanda daxilində araşdırma olacaq. Yəqin ki, düzgün nəticə çıxaracağıq".
“Azərbaycan”