02 Mart 2024 22:39
356
İQTİSADİYYAT
A- A+

Artan yük tələbatını qarşılamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işləri yekunlaşır

 

Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan təmir-genişləndirmə işləri yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 kilometr olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95 faizi uğurla yekunlaşıb.

Dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir.

Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb, hazırda son tamamlanma işləri görülür.

Sözügedən ərazidə aparılan işlərlə yaxından tanış olmaq üçün Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri Rövşən Rüstəmov, David Peradze və Veysi Kurtun iştirakı ilə martın 2-də görülən işlərə birgə baxış keçirilib, layihənin qrafik üzrə vaxtında tamamlanması üçün yerində müvafiq müzakirələr aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov aparılan təmir-genişləndirmə işləri ilə bağlı bildirib ki, BTQ-nin çətin relyefə, dağlıq və meşəlik əraziyə malik Marabda-Kartsaxi sahəsində yol təsərrüfatının sağlamlaşdırılması, onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas işlər yekunlaşıb.

“Məqsədimiz BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırmaq, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməkdir. Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin həcminin artırılması artıq günün tələbidir, yeni reallıqdır. ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə bu çağırışlara cavab verməyə, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır”, – deyə R.Rüstəmov vurğulayıb.

Türkiyə dəmir yolları idarəsinin rəhbəri Veysi Kurt deyib: “Bu gün bir daha şahidi olduq ki, işlər həqiqətən də yüksək səviyyədə həyata keçirilir və yaxın zamanda biz yüklərin daşınmasına başlayacağıq".

BTQ layihəsi üzrə işlər 5 hissədən ibarətdir. Onlardan 3-ü tamamlanıb və buna dair Gürcüstan Hökuməti tərəfindən rəsmi sənəd təqdim edilib.

Qeyd edək ki, BTQ layihəsinin I hissəsi üzrə 29,2 kilometr uzunluğa malik Marabda-Tetriskaro dəmir yolu xətti üzrə 3 dəmir yol stansiyası, 2 dartı yarımstansiyası, 4 sərnişin platforması və 38 kilometr kontakt şəbəkə xətti üzrə bütün işlər yekunlaşıb, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması, yoldəyişən qurğuların kabelləşdirilməsi və digər genişləndirmə işləri sona çatdırılıb. Bu hissə üzrə layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşıb və tamamlanmasına dair Gürcüstan Hökumətindən rəsmi sənəd əldə olunub.

49,7 kilometr olan uzunluğuna malik II hissə - Tetriskaro-Tsalka dəmir yolu xətti üzrə 3 dəmir yolu stansiyası, 3 sərnişin platforması və 2 dartı yarımstansiyası, 5,9 kilometr uzunluğu olan qardan qoruma hasarları üzrə bütün işlər yekunlaşıb, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması həyata keçirilib. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair rəsmi sənəd əldə edilib.

74,1 kilometr uzunluğa malik III hissə - Tsalka-Axalkalaki dəmir yolu xətti üzrə 4 dəmir yolu stansiyası, 3 dartı yarımstansiyası və 4 sərnişin platformasında işlər tamamlanıb, hazırda 4 qardan mühafizə tunelində təmir işləri davam etdirilir. Cari ilin mart-aprel aylarında bu hissədə nəzərdə tutulmuş işlərin tam yekunlaşdırılması gözlənilir.

Baş yolunun ümumi uzunluğu 27 kilometr olan IV hissə - Axalkalaki-Kartsaxi dəmir yolu xəttinin yenidən qurulması, bir dəmir yolu stansiyası və sərnişin platformalarının təmiri və digər işlər yekunlaşıb. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş işlər yekunlaşıb (yalnız tuneldə qalan işlər aprel ayında tamamlanacaq) və tamamlanmasına dair rəsmi sənəd əldə edilib.

Bununla yanaşı, 110 hektar sahəyə malik Axalkalaki kompleksinin tikintisi layihənin 5-ci hissəsini təşkil edir. Bu hissə çərçivəsində 1 estakada, 2 suötürücü, 4 körpü, 2 yol ötürücüsü və 2 yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 kilometr yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 kilometr stansiya daxili yolun, 3,9 kilometr avtomobil yolunun inşası və s. işlər görülüb. Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub. Hazırda avadanlıqların təchizatı, abadlıq və son tamamlama işləri həyata keçirilir.

Qeyd edək ki, BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2400 metr hündürlükdə aparılır), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

ADY sədri Rövşən Rüstəmov bildirib ki, qalan işlərin aprel ayında tamamlanması istiqamətində bütün resurslar səfərbər edilib: “Layihə üzrə işlər tam başa çatdırıldıqdan sonra Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq, bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Artıq bu istiqamətdə işlərə başlanılıb və qarşıdakı aylarda birgə müəssisənin yaradılması həyata keçiriləcək”.

Qeyd edək ki, Orta Dəhlizin ən vacib seqmentlərindən olan BTQ dəmir yolunun modernləşdirilməsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində tikilmiş BTQ dəmir yolu xətti qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırıb, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu yoldan istifadəyə tələbat xeyli yüksəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video