Böyük iqtisadi potensiala malik Ağcabədi ölkənin aqrar sektorunda lokomotiv funksiyasını uğurla reallaşdırmaqdadır. Prezident İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək barədə tapşırıq və tövsiyyələri bu gün Ağcabədi kəndlisinin fəaliyyətində əsas istiqaməti müəyyən edir.
Torpağı bərəkətli, insanları əməksevər bu bölgədə pambıqçılıq hələ sovet dönəmində kəndlilərin əsas gəlir mənbəyi, yaxşı dolanışığın, xoş güzəranın əsas şərti olmuşdur. Taleyini ana torpağa, halal zəhmətə bağlayan, şüurlu əməyini pambıqçılığa həsr edən kənd əməkçiləri öz peşə vərdişlərini ildən-ilə artırır, gerçək həyat məktəbinin bacarıqlı müdavimləri kimi şöhrət qazanırdılar. Beləcə hər kəndin, hər elin, hər obanın sayılıb-seçilən əmək qəhrəmanları yetişir, onların hünərinə şeirlər yazılır, nəğmələr qoşulurdu.
Prezident İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrini, o cümlədən pambıqçılığı inkişaf etdirməyin vacib olduğuna önəm verərkən bu qeyri-neft sektorundakı mövcud bacarıqlı kadr potensialına və dövlətin artan iqtisadi qüdrətinə güvənirdi. Ən böyük hakim olan zaman bir daha sübut etdi ki, dövlət başçısının böyük uzaqgörənlik müəyyən etdiyi istiqamət, imzaladığı qərarlar sayəsində kəndlərimizdə həyat canlandı, kəndlilərin faydalı məşğulluğu istiqamətində böyük uğurlar qazanıldı.
Ağcabədi ölkənin qabaqcıl pambıqçılıq rayonu olaraq bu canlanmanın dinamik inkişafın ön sıralarında yer alır. Rayonun təsərrüfatlarında pambıqçılığın ildən-ilə inkişafı məmnunluq doğurur. Keçən il rayon üzrə 13112 hektar sahədə pambıq əkilib-becərilmiş, əlverişsiz hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, 37277 ton pambıq istehsal olunmuşdur. Strateji məhsul olan pambığın bol olması üçün dövlət də öz növbəsində maraqlıdır. Xam pambığın emalından alınan mahlıcın ixracı ölkəyə böyük həcmdə valyuta gətirir. Eyni zamanda pambıqçılığın inkişafı kəndlərdə əhalinin faydalı məşğulluğunda əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, keçən il təhvil verilmiş pambığa görə bütövlükdə rayon pambıqçılarına dövlət 7,1 milyon manat subsidiya ödəmişdir.
Cari təsərrüfat ilində Ağcabədi pambıqçılarının qazandıqları nəticələr daha uğurludur. Bu il rayon üzrə 1212 nəfər torpaq mülkiyyətçisi ilə müqavilə bağlanaraq 11822 hektarda pambıq əkilmişdir. Çəkilən zəhmət, aqrotexniki tələblərə ciddi əməl olunması sayəsində tarlalarda bol məhsul yetişmişdir. Məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün bütün qüvvələr, əmək ehtiyatları və mövcud yığım-nəqliyyat texnikası bacarıqla səfərbər edilmişdir. Bu gün 55 pambıqyığan maşının, 189 traktorun, 316 traktor yedəyinin və digər maşın mexanizminin gücündən səmərəli istifadə olunur.
İndiyədək rayon üzrə 38 min tondan çox pambıq istehsal olunmuşdur. Keçən ildəkindən 1291 hektar az pambıq əkilməsinə baxmayaraq, məhsul istehsalı ötən illərlə müqayisədə hələlik 800 tondan çox artmışdır. Keçən il hər hektarın orta məhsuldarlığı 28,4 sentner olmuşdur. Bugünkü nəticə isə 32 sentnerdir. Hələ məhsulu yığılmamış xeyli sahə var. Hədəf 35 sentner səviyyəsini aşmaqdır. Pambıqçıların əmək bəhsləşməsində fermerlərdən Çingiz Abbasov, Xamməd Məmmədli, Novruz Məmmədov, Üzeyir Mürşüdov və Sadiq Gülmalıyev daha yüksək nəticələr qazanıblar. Onların rəhbərlik etdikləri fermer təsərrüfatlarında hər hektar pambıq əkininin orta məhsuldarlığı 50-55 sentnerdir.
Rayonda pambıqçılığın inkişafına "Prime Cotton", "Azərpambıq", "P-Aqro", "Cotton Trade" MMC-lərinin Ağcabədi filialları sanballı töhfələr verirlər. Hindarx qəsəbəsi ərazisində fəaliyyət göstərən "Ağcabədi taxıl" Aqroparkında işlərin müasir texnologiyalar əsasında təşkili xüsusən diqqət çəkir. Aqropark "Cotton Trade" MMC ilə müqavilə bağlayaraq cari ildə 1042,6 hektarda pambıq əkmişdir. Arqoparkın rəhbəri Cəmşid Ağayev deyir ki, 2015-ci ildən fəaliyyət göstərirlər. Ümumi istifadədə 2500 hektar torpaq sahəsi var. Mütərəqqi üsulların tətbiqinə üstünlük verildiyi aqroparkda daimi işçi sayı 135 nəfərdir. Mövsümi işlər zamanı isə işçi sayı artaraq 350-400 nəfərə çatır. Orta aylıq əməkhaqqı isə 800 manatdan çoxdur. Aqroparkda qabaqcıl təcrübədən, mütərəqqi üsullardan bacarıqla istifadə edilməsi işin səmərəsini artırır, istehsal olunan məhsulların maya dəyərinə əhəmiyyətli təsir göstərir, məhsuldarlığı yüksəldir.
Cari ildə pambıq tarlaları pivot tipli suvarma sistemləri vasitəsilə suvarılmışdır. Bu mütərəqqi üsulun tətbiqi hesabına pambıq kollarının suya olan tələbatı aqrotexniki normalar səviyyəsində ödənilmiş, su itkisinə yol verilməmişdir. Aqropark pambıqçılarının builki hədəfi hər hektardan azı 40 sentnerdir. Hazırda təsərrüfatın tarlalarında 4 pambıqyığan kombayn işləyir. Hələ məhsulu yığılmamış xeyli sahə vardır. Onu da qeyd etmək lazımdır ki, aqroparkın Biləsuvar rayonu ərazisində pambıq emalı zavodu fəaliyyət göstərir. Zavod gün ərzində 100 tondan çox pambıq emal etmək gücünə malikdir.
Aqroparkın geniş fəaliyyət dairəsi ölkədə aqrar sektorun yeni müstəvidə dinamik inkişafının bir göstəricisidir, göz önündəki uğur nümunəsidir. Cari təsərrüfat ilində 600 hektar sahədə taxıl əkib-becərən təsərrüfat ortalama 60 sentner civarında məhsuldarlığa nail olub. Taxıl yerinə təkrar qarğıdalı əkərək rekord nəticə qazanıb. Hər hektardan 120 sentner qarğıdalı dəni götürülüb. Aqroparkda bağçılığa da böyük önəm verilir. Bu il aqroparkda 123 hektar intensivtipli bağ salınmışdır. Həmçinin təsərrüfatın 110 hektar intensivtipli badam bağı var.
Aqroparkda güclü texnika parkı yaradılıb. Sahələrdə ABŞ-dən gətirilmiş 26 pivot suvarma sistemi quraşdırılıb. Güclü əkin traktorları, pambıq və taxılyığan kombaynlar gətirilib. Əkinlərə yemləmə gübrələri verilməsində, xəstəlik və zərərvericilərə qarşı mübarizədə dronlardan istifadə olunur. Aqroparkda İsrail texnologiyası ilə yüksəkkeyfiyyətli yem istehsal olunur. Məhsul İsrail və İtaliya istehsalı olan avadanlıqların vasitəsilə qablaşdırılır. Dənli bitkilərin qurudulması üçün gücü saatda 50 tona çatan Fransa istehsalı olan müasir avadanlıq quraşdırılıb. Aqroparkın 30 min ton dənli bitki saxlamaq imkanı olan anbarı da var.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başa çatmaqda olan təsərrüfat ilinin uğurlarından söhbət açaraq vurğuladı ki, qazanılan nailiyyətlər Prezident İlham Əliyevin ölkədə aqrar sektorun inkişafına göstərdiyi davamlı qayğı və diqqətin nəticəsidir: "Dövlətin ayırdığı subsidiyalar bu gün kəndlini torpağa daha möhkəm bağlayır. Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri, xüsusən pambıqçılığı inkişaf etdirməyi vəzifə olaraq qarşıya qoyarkən biz rayon rəhbərləri olaraq ciddi çətinliklərlə qarşılaşdıq. Torpaqdan küsdürülmüş kəndlini yenidən pambıq tarlasına qaytarmaq, onlara doğru yol göstərmək üçün xeyli maarifləndirici işlər görməli olduq. Zaman göstərdi ki, dövlət başçısının göstərdiyi doğru yoldur. Bir neçə il əvvəl pambığa arxa çevirən torpaq mülkiyyətçiləri indi elliklə pambıq əkib-becərir, halal zəhmətləri ilə ailələrinin firavan həyatlarını təmin edirlər".
2025-ci il başa çatır. Süfrəsi bol çörəkli Ağcabədi kəndlisinin sabaha inamı böyükdür. Yeni ilin uğurlar gətirəcəyi, həyatın daha firavan, ovqatın daha xoş olacağı heç kəsdə şübhə doğurmur.
Lazım QULİYEV,
"Azərbaycan"