Onlar ölümündən sonra Daq Hammarşöld medalı ilə təltif edilib
BMT-nin Yaxın Şərqdə ilk sülhməramlı missiyasının yaradıldığı 1948-ci il mayın 29-dan indiyədək BMT bayrağı altında 4200-dən çox sülhməramlı həlak olub və onlardan 103-ü 2022-ci ildə öldürülüb. Bu barədə Təşkilatın mətbuat xidməti xəbər verir.
Beynəlxalq Sülhməramlılar Günü ərəfəsində BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, onlar təhlükəsizliyi, sabitliyi və qanunun aliliyini dəstəkləyirlər. Onlar münaqişələrin episentrində olan mülki əhalinin ümidi və müdafiəsidir. BMT sülhməramlıları başqalarını xilas etmək üçün həyatlarını riskə atırlar. Onlar fəaliyyətdə çoxtərəfliliyin simvoludur.
BMT rəhbərinin dediyinə görə, "hər il Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Sülhməramlıları Günü bizə dünyanın ən təhlükəli ərazilərində sülh uğrunda mübarizə aparan qadın və kişilərin xatirəsini ehtiramla yad etmək imkanı verir".
Bu il BMT-nin sülhməramlı əməliyyatlarının 75-ci ildönümüdür. O vaxtdan bəri 2 milyondan çox qadın və kişi BMT-nin 72 sülhməramlı əməliyyatında iştirak edərək milyonlarla insanın həyatına birbaşa təsir göstərmiş və saysız-hesabsız insanların həyatını xilas etmişdir.
Hazırda dünyanın 125 ölkəsindən 87 mindən çox “mavi dəbilqəli” BMT-nin 12 missiyasında xidmət edir.
BMT-nin Yaxın Şərqdə ilk sülhməramlı missiyasının yaradıldığı 1948-ci il mayın 29-dan indiyədək Təşkilatın bayrağı altında 4200-dən çox sülhməramlı həlak olub, onlardan 103-ü 2022-ci ildə öldürülüb.
“Həlak olan hərbçilər, polislər və mülki işçilər BMT missiyalarına müxtəlif mənşəli 39 müxtəlif ölkədən gəlmişdilər. Amma onların hamısı bizim dünya qarşısında borcumuzu təcəssüm etdirirdi. Onların ailələrinə, dostlarına, həmkarlarına və ölkələrinə dərin hüznlə başsağlığı və minnətdarlığımı bildirirəm. Onların xidmətinə və fədakarlığına dərin hörmət edirəm”, - deyə, Antonio Quterreş çıxışında bildirib.
Sülhməramlıların xatirəsinə həsr olunmuş bu günü qeyd etmək üçün Baş katib mayın 26-da BMT-nin Nyu Yorkdakı Baş Qərargahında onların şərəfinə əklil qoyub.
Təşkilatın rəhbəri 2022-ci ildə həlak olan sülhməramlıları ölümündən sonra Daq Hammarşöld medalı ilə təltif edib.
Virtual mərasimdə həmçinin “Hərbiçilərin gender problematikasına diqqətini cəlb etmək üzrə ən yaxşı fəal” mükafatı təqdim olunub.
Bu mükafata Sudan və Cənubi Sudan sərhədindəki mübahisəli bölgə olan Abyeydə Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Təhlükəsizlik Qüvvələrində (UNISFA) bir tağıma komandirlik edən Qanadan olan 32 yaşlı kapitan Sesiliya Erzua layiq görülüb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”