28 Mart 2024 09:30
1947
Səhiyyə
A- A+

Antibiotiklər həkim məsləhəti ilə istifadə edilməlidir

 

Əks təqdirdə bu dərmanlar orqanizmdə çox ciddi fəsadlara səbəb ola bilər

 

XX əsrin ən böyük kəşfi olan antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünə səbəb olurdu. 
İndiyə qədər 4 mindən çox antibiotik kəşf edilib, 200 növ antibiotik hazırlanıb. Amma hazırda onlardan cəmi 60-ı istifadə olunur. Bunun səbəbi isə mikrobların özlərini antibiotiklərin hücumundan qorumaq üçün onlara qarşı davamlılıq yaradıb antibiotiki parçalayan ferment hazırlamasıdır. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər. Buna görə mütəxəssislər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. İlk antibiotik olan penisillin hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların penisillini parçalayan fermenti hazırlamaqla, özlərini ondan qoruya bilməsidir.
Antibiotikləri doğru zamanda düzgün dozada istifadə etmək lazımdır. Əks halda bağırsaq florasında ciddi pozulmalar baş verir. Bu vəziyyət insanın immun sisteminin çökməsinə və xroniki xəstəliklərin yaranmasına da şərait yaradır. Antibiotik istifadəsi nəticəsində əvvəllər mövcud olmayan xəstəliklərin yaranmasının əsas səbəbi budur.
Qastroenteroloq Ülviyyə Quliyeva deyir ki, antibiotik insan orqanizmində hər hansı bir bakterial infeksiya baş verən zaman istifadə olunur: "İstifadə zamanı antibiotiklər patogen, yəni zərərli bakteriyalarla yanaşı, eyni zamanda bağırsaq florasındakı faydalı bakteriyaları da məhv edir. Bunun nəticəsində insanda qarın ağrısı, qusma, ishal, nadir hallarda qəbizlik baş verə bilər. Ona görə də antibiotikləri həkim təyinatı olmadan istifadə etməməliyik".
Ü.Quliyevanın sözlərinə görə, antibiotiklərin istifadəsi zamanı bakteriyaların divarına, zülal sintezinə, nuklein turşularına antiotik təsir olur: "Bu zaman antibiotikin orqanizmə müxtəlif mənfi təsirlərinin şahidi olmaq mümkündür. Ona görə də uşaqlara antibiotik vurularkən diqqətlə yanaşmaq lazımdır. Çünki böyüyən orqanizmə düzgün olmayan dozada seçilmiş antibiotik mənfi təsir edə bilər".
Qastroenteroloq bildirir ki, antibiotiklər böyrək və qaraciyər vasitəsilə orqanizmdən xaric olunur. Ona görə də yaşlılarda və xroniki xəstələrdə buna xüsusi diqqət yetirmək lazımdır. Antibiotiklərin qəbulu həkim nəzarəti olmadan icra edilməməlidir. Əks halda orqanizmdə qaraciyər və böyrək zədələnmələrinə gətirib çıxara bilər.
Sağlamlığımız üçün antibiotik istifadəsinə diqqət yetirilməli, lazımsız və həkim nəzarəti olmadan qəbul edilməməlidir. Xüsusilə körpələrdə ən yaxşı antibiotikin ana südü olduğu unudulmamalıdır. Ümumilikdə isə mümkün olduğu qədər az antibiotik istifadə etməyə, yalnız həkimin məsləhət gördüyü dozada və müddətdə qəbul etməyə diqqət yetirilməlidir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video