AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qazıntı aparılan ərazidə arxeoloqlarla görüşən akademik İsa Həbibbəyli Azərbaycan tarixinin dərindən və hərtərəfli araşdırılıb öyrənilməsində arxeoloji tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İ.Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək akademiyada məqsədyönlü və geniş islahatların davam etdirildiyini, müasir çağırışlara cavab verən bir sıra yeni elmi istiqamətlər üzrə tədqiqatlara start verildiyini söyləyib, arxeologiya elminin tarix, antropologiya, etnoqrafiya və digər elm sahələri ilə qarşılıqlı şəkildə öyrənilməsinin elmlərarası əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcəyini vurğulayıb. O, artıq bütün istiqamətlərdə ölkəmizin milli maraqlarına, müasir reallıqlarına cavab verən, yeniləşməyə inamla qədəm qoymuş akademiyada digər sahələrlə yanaşı, arxeologiya və tarix elmləri üzrə də bir sıra vacib qərarların qəbul edildiyini, elmi-tədqiqat müəssisələrinin daxili imkanları hesabına, heç bir maliyyə vəsaiti tələb olunmadan təkmilləşdirilmiş yeni strukturların yaradıldığını bildirib, AMEA-da mühüm elmi nəticələrin əldə ediləcəyinə, bu istiqamətdə arxeologiyanın da mühüm rol oynayacağına əminliyini ifadə edib.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beşbarmaq dağında fəaliyyət göstərən ekspedisiya haqqında ümumi məlumat verib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev isə Beşbarmaq qoruğunun ərazisindəki tarixi yerlər və burada gəzinti, eləcə də dini ziyarət üçün yaradılmış yeni əlverişli şərait barədə ətraflı söz açıb.
Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynova və arxeoloq, tarix elmləri doktoru Səfər Aşurov ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış qədim tarixi yaşayış yerləri və burada tapılmış maddi mədəniyyət nümunələri haqqında əhatəli məlumat veriblər.
Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 8 iyun tarixli Sərəncamı ilə “Beşbarmaq dağı Dövlət, Tarix-Mədəniyyət və Təbiət qoruğu”nun yaradılması ərazinin arxeoloji cəhətdən öyrənilməsinə geniş imkan yaradıb. Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən 2020-ci ildən qoruq ərazisində arxeoloji tədqiqatlara başlanılıb və bir sıra vacib elmi nəticələr əldə edilib.
Qeyd edilib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi Beşbarmaq arxeoloji ekspedisiyası tərəfindən Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə qoruq ərazisində ilk dəfə aparılan elmi tədqiqatların əsas məqsədi Beşbarmaq qalasının, müdafiə səddinin və digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirməkdən ibarətdir. Əldə edilmiş arxeoloji materialların əsasən orta əsrlərə aid olmasına baxmayaraq, Erkən Tunc dövrünün xarakterik xüsusiyyətini əks etdirən maddi mədəniyyət nümunələri də aşkar edilib ki, bu da eradan əvvəl III minillikdən Beşbarmaq dağının bölgədə məskunlaşan əhalinin sitayiş məskəni olduğunu göstərir.
Çöl tədqiqatları üzrə iş şəraiti ilə tanış olaraq, qazıntı yerlərinə və burada tapılmış maddi mədəniyyət nümunələrinə baxış keçirildikdən sonra AMEA-nın prezidenti arxeoloqlara həmişə hərtərəfli dəstək göstəriləcəyini bildirərək institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib. Növbəti mövsümdə ekspedisiyaların tərkibi formalaşdırılarkən hərəsində bir nəfər olmaqla antropoloq və etnoqrafın da daxil edilməsini məqsədəuyğun hesab edən AMEA rəhbəri bunun da yeni elmi məktəblərin yaranmasına gətirib çıxaracağaına əminliyini ifadə edib. Həmçinin builki arxeoloji qazıntı mövsümü başa çatdıqdan sonra AMEA-da ilk dəfə təşkil olunacaq arxeoloqların yekun konfransında ölkə ərazisində fəaliyyət göstərmiş bütün arxeoloji ekspedisiyaların, o cümlədən Beşbarmaq dağında qazıntı işləri aparan qrupun da hesabatlarının təqdim ediləcəyi, arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət nümunələrindən ibarət sərginin keçiriləcəyi vurğulanıb, nümayiş olunacaq yeni tapılmış eksponatlara dair dolğun xarakteristikaların işlənib hazırlanması tapşırılıb.