26 Yanvar 2023 01:01
583
SİYASƏT
A- A+

Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə kimi mübarizəni davam etdirməkdə israrlıdırlar 

 

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasının əks-sədası dünyanın hər tərəfindən eşidilir. 
Bütün sülhsevər insanlar, tərəqqipərvər dövlətlər bu aksiyanın haqlı olduğunu dəstəkləsələr də, beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanan bu aksiyanı Qafqazda sülhə mane olmaq istəyən qüvvələr, xüsusən də Xankəndi ərazilərində və meşələrində gizli fəaliyyətdə olan silahlı birləşmələr, təbii sərvətlərimizi talan etməkdən gözləri doymayan Ruben Vardanyan, Araik Arutyunyan və başqaları həzm edə bilmirlər.
Qarabağ talanlarına şəriklik etməkdən çəkinməyən Avropa Parlamenti yanvarın 18-də Azərbaycanın əleyhinə qətnamə qəbul etmişdir. Avropa Parlamentindəki ikiüzlüləri, pula görə əqidəsini və mövqeyini dəyişənləri tanıyanlar üçün bu hadisə ikrah hissi doğursa da,  gözlənilməz görünmədi. Rusiyalı ekspert  Sergey Markedonov hesab edir ki, "Laçın yolunun bağlanmasını 2020-ci ilin noyabrında Qarabağ müharibəsi nəticəsində yaranmış yeni status-kvo və ötən il baş verən hadisələr kontekstində görmək lazımdır. Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə əməl etməlidir. Bakı sənədlərə diqqətlə yenidən baxaraq qırmızı xətləri geri çəkib. Azərbaycanın məsələni sülh yolu ilə həll etmək istəyi aydın görünür. Hətta bu vəziyyətdə ötən ildən Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesində yeni reallıq müşahidə olunur".

 

Aksiya iştirakçıları Azərbaycanı istədiyi nəticələrə yaxınlaşdırır

 

Aksiya iştirakçıları ekoloqların və onlara qoşulan könüllü gənclərin məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Bu münasibətlə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dillərində yazılmış "Sərvətlərimizin talanı dayansın!", "Təbiəti qoruyaq, istismarı qınayaq!", "Təbiətin milləti yoxdur!", "Azərbaycan milləti qoruyacaq sərvətini!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekocinayətə son!" kimi şüarlar səsləndirirlər. Məlumdur ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Demək olar ki, hər gün Rusiya sülhməramlılarına aid onlarla maşın hər iki tərəfə maneəsiz hərəkət edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin də daim burada sərbəst hərəkət etməsinə şərait yaradılır. 
Etiraf edək ki, Laçın-Xankəndi yolundakı etiraz aksiyası çətinliklə də olsa, Azərbaycanı istədiyi nəticələrə yaxınlaşdırır. 

 

Vazgen Manukyan: "Ermənilər yaxşılıq qanmayan xalqdır"

 

Bu məsələ ilə bağlı Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın fikirləri olduqca maraqlıdır. O qeyd edir: "Azərbaycan indi iki məqsədə nail olmaq istəyir, onlardan birinə artıq nail olub, bu, keçid məntəqəsidir". Onun sözlərinə görə, bu, rəsmiləşdirilməyib, amma Bakı sadəcə olaraq rəsmiləşdirmək istəyir: "İkinci məqsəd Qarabağ məsələsinin Azərbaycanın daxili işi kimi qeydə alınacağı sülh sazişidir. Bu, sülhməramlıların çıxarılması istiqamətində bir addımdır, çünki Qarabağ daxili məsələdirsə, deməli, sülhməramlılara ehtiyacımız yoxdur". 
2020-ci ildə 44 günlük Vətən müharibəsində biabırcasına məğlubiyyətindən, imzaladığı təslim aktından, qırğına verdiyi insanların ruhundan utanmayan Ermənistan rəhbərliyi sülh sazişini yubatmaqla, guya yeni güclər əldə etməklə müharibəyə can atmaq istəyir. Bunu Azərbaycan tərəfi də yaxşı bilir. Lakin bütün bu xəyali söhbətlərin nəticə verməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev problemin nə bu tərəfdən, nə o tərəfdən insan itkisi olmadan, sülh yolu ilə həll edilməsinə çalışır. Ancaq bunu Ermənistan hakimiyyəti anlamaq istəmir, anlasa da, kiminsə təsirindən boyunardına vurur. 
Gündəmdə olan bu məsələ ilə bağlı Ermənistanın gücsüzlüyünü, simasızlığını etiraf edən  Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da məsələyə eyni prizamadan yanaşır və bunun günahını da ermənilərdə görür. Tarixə ekskursiya edən ekspert bildirir ki, ruslar daim ermənilərin yanında olub, amma sonuncular buna layiqincə cavab vermirlər: "1992-ci ilin yayında biz artıq məğlub olmuşduq. Ruslar müharibədə qalib gəlməyimizə kömək etdi. Həmin ildə Vazgen Manukyan müdafiə naziri idi. Xosrov Arutunyan baş nazir idi. Biz çox çalışırdıq ki, qələbə çalaq. Levon Ter-Petrosyan prezident idi. Biz Rusiya müdafiə nazirinin müavini Qaydayın köməyi ilə qələbə çalmağa müvəffəq olduq. Əgər Rusiya olmasaydı, biz müharibədə böyük məğlubiyyətə uğrayacaqdıq. İndi Ermənistanda deyəndə ki, Rusiya bizə kömək etməyə borcludur, rəsmi Moskva bəyan edir ki, biz sizə borclu deyilik. Ona görə ki, ermənilər yaxşılıq qanmayan xalqdır".
Bir çox siyasilərin və hərbi ekspertlərin dediyi kimi, Vazgen Manukyan da  bildirir ki, Azərbaycan Qarabağ erməniləri ilə bağlı yekun məqsədinə nail olacaq.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video