05 Oktyabr 2022 02:24
1607
Təhsil
A- A+

"Ağıllı kənd"in modern məktəbi

 

Bu gün respublikamızda çox az adam tapılar ki, Zəngilan rayonunun Ağalı kəndinin adını eşitməmiş olsun. Yeni tariximizə adı "ağıllı kənd" kimi düşən Ağalı qələbəmizin təntənəsi, Azərbaycan dövlətinin öz vətəndaşına, illərlə yurdundan, yuvasından didərgin düşmüş məcburi köçkünə münasibətinin əyani nümunəsidir. 
Bu kənd yurda qayıdışın simvolu, vətənə sevgi rəmzidir, vətənsevər insanların fədakarlıq meydanıdır. 
Ağalı həm də 29 ildən sonra düşmən tapdağından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ilk məktəb zənginin çalındığı, şagirdlərin əlinə çanta alıb dərsə getdiyi məkandır. İndi həmin məkanda İkinci Qarabağ müharibəsində qəhrəmancasına savaşaraq tarixi qələbə qazanan Azərbaycan gənclərinin əsl vətənpərvər ruhda böyüməsində əvəzsiz xidmətləri olan müəllimlər məhz Zəfərin uşaqlarına dərs keçirlər.      
Zəngilana, Ağalı kəndinə səfərimiz zamanı yolumuzu ilk olaraq məktəbdən salmağımızı şərtləndirən amil də bu rəmzi məna oldu. 

 

Hər şey təzələnib, bircə məktəb zəngindən başqa...

 

Zəngilan rayonu 288 şagird yerlik Ağalı tam orta məktəbindəyik. Zəngilanda doğulmayan, bir gün də olsun Zəngilanı görməyən uşaqlar indi bu məktəbin ilk qaranquşlarıdırlar. 
Etiraf edək ki, əgər ətrafımızda olanlar bizimlə öz ana dilimizdə danışmasaydılar, film qəhrəmanları kimi sehirli bir dünyaya düşdüyümüzü zənn edərdik... 
Məktəbdə hər şey yenidir. Burada dərs deyən müəllimlər də dəyişib. Dəyişməyən yeganə alət isə məktəb zəngidir... 
Mənfur ermənilər bir qayda olaraq  işğal etdikləri ərazilərdə bütün tikililəri dağıdıb viran qoyublar. O cümlədən Ağalı kənd orta məktəbini buldozerlə uçurub, yerləyeksan ediblər. Söküntülər altında bircə məktəbin zəngi salamat qalıbmış. 
Direktor Nərmin Həsənova bizimlə söhbətində deyir ki, sakinlər ərazidə qazıntı işləri apararkən qədim məktəb zəngini söküntülər altından çıxarıblar. Məktəbin rəhbərliyi də həmin zəngi təmir edib yenidən asdırıb. 30 il bundan əvvəl ermənilərin susdurduqları zəng  sentyabrın 15-də yenidən dilə gəldi. Bu səs yurda qayıdışın, vətən sevgisinin səsidir. Bu səs "mən varam", "biz varıq", "biz bu torpağın sahibləriyik" deyən,  gələcəyimiz olan məktəblilərin, gənclərin səsidir... 

 

Əsgər müəllimlər, smart lövhələr, elektron kitabxana

 

Səliqə-sahman, gözəllik öz yerindədir... Burada hər şey "ağıllı"dır. Bütün siniflərə smart lövhələr quraşdırılıb. Məktəbin kitabxanası kompüterlərlə təmin edilib. Müəllimlər və şagirdlər elektron kitabxanadan istifadə edirlər. Hazırda məktəbdə 65 şagird təhsil alır.
Məktəbdə çalışan 12 müəllim könüllü olaraq respublikannın müxtəlif rayonlarından qayıdışın simvolu Ağalıya gəlib. Ağalı məktəbi həm də vətənpərvər müəllimlərin məkanıdır. Bu vətənpərvər insanlarla söhbət etdikcə adamın ürəyi dağa dönür.
Məktəbin direktoru Nərmin Həsənova deyir ki, Tanrı onun təkcə müəllimlik fəaliyyətini yox, həyatını da 2020-ci ildən Ağalı kənd sakini ilə bağlayıb. 2020-ci il 20 oktyabr tarixi, Zəngilanın azad olunduğu gün onların həyatlarında ən unudulmaz tarixə çevrilib: "Allah dualarımızı qəbul etdi. Ağalıya ilk qayıdış bizlər üçün Zəfərimizin təntənəsi günü oldu. 2022-ci il mayın 27-də  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağalı kəndinin sakinləri ilə görüşü oldu. Xoşbəxtəm ki, biz də həmin tarixi günü yaşayanlardanıq. Mehriban xanım məni Ağalı kənd tam orta məktəbin direktoru təyin olunmağım, ailə qurmağım münasibətilə təbrik etdi. O gün mənim üçün unudulmayan tarixə çevrildi". 
Direktor deyir ki, məktəbin müəllimləri ölkəmizin müxtəlif rayon və şəhərlərindən könüllü olaraq MİQ müsabiqəsində Ağalı kənd məktəbini seçiblər: "Onların hər biri vətənpərvər gənclərdir. Hazırda məktəbin bütün sinif otaqları elektronlaşıb. Dərslərimizi smart lövhələrdə keçirik. Geniş və zəngin kitabxanamız, idman zalı, açıq havada stadionumuz var. Bu gözəlliyi, xoşbəxtliyi bizə yaşadan Müzəffər Ali Baş Komandanımız və qəhrəman oğullarımızdır. Biz inanırdıq ki, tezliklə bütün məcburi köçkünlər öz torpaqlarına qayıdacaq və bu xoşbəxtliyi yaşayacaqlar. Var olsun dövlətimiz!"
Məktəbin  ingilis dili müəllimi Səmayə Müslümzadə özünü əsgər müəllim hesab edir və buraya gəlişinin təsadüfi olmadığını deyir: "Mənim də müəyyən hədəflərim və arzularım var. Bir gənc kimi ölkəmizin təhsilinin XXI əsrin tələblərinə uyğun qurulmasında bir paya sahib olmaq və beləliklə də, təhsilin idarə olunmasında iştirak etmək istəyirəm. Buna görə də mən asan yola yox, çətin yola əl atdım ki, özümü layiqli təhsil işçisi kimi yetişdirə bilim. Bu kəndə gəlməyimin mənim üçün duyğusal mənası var. 44 günlük müharibədə Vətən üçün canını fəda edən şəhidlərə baxıb özümü bərk qınayırdım ki, Vətən üçün heç nə edə bilmirəm. Özümü bir vətəndaş olaraq aciz hiss edirdim.  Mən hərbçi qızıyam və atamın peşəsinə həmişə böyük sevgim olub. Bura vakansiyalar elan olunanda özümü "əsgər müəllim" olaraq xəyal etdim. Bəs niyə "əsgər müəllim"? Ona görə ki, bura işğaldan yenicə azad olunub, şəhidlərin qoxusu var burda. Elə bilirəm, burda onlarla birgə Vətənə xidmət edirəm". 
Müəllim deyir ki, onun xidməti uşaqlara elm öyrətməkdir və artıq bir aya yaxındır ki, Ağalı kənd tam orta məktəbində "vətənə xidmət" missiyasını uğurla yerinə yetirir və bununla qürur duyur. 

 

Ağalıya gələndə çox həyəcanlı idim
 

Məktəbin digər müəllimi Sahil Aslanlı Yardımlı rayonu Çayüzu kəndindən Ağalıya dərs deməyə gəlib. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin  Tarix-coğrafiya fakültəsini bitirən Sahil müəllim 2022-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edib yüksək nəticə göstərərək sonrakı mərhələdə ilk olaraq Ağalı kəndini seçib və istəyi reallaşıb. Amma Ağalıya gəldikdə çox həyəcanlı olub: 
"Çünki ilk dəfə idi ki, bu torpaqlara ayaq basırdım. Həm də çox qürurlu idim. Çünki yurda qayıdışın ilk coğrafiya müəllimi mən olacaqdım. Gəlib burda gülərüz insanlar və gözəl şəraitlə rastlaşdım. 44 günlük Vətən müharibəsində iştirak etmək istədim, amma alınmadı. Hesab edirəm ki, indi buradakı xidmətim Vətənə xidmət missiyasıdır". 
Digər həmsöhbətimiz məktəbin riyaziyyat müəllimi Samir Məlikov oldu. Samir müəllim Hacıqabul rayonunun Rəncbər kəndindəndir. Ağalı kəndində müəllim kimi fəaliyyət göstərməyi ilə  fəxr etdiyini söyləyən pedaqoq deyir ki, onu buraya içində olan Vətən sevgisi gətirib: "Mən Vətən müharibəsində iştirak edə bilməmişəm. Az da olsa rahatlıq tapıram ki, Vətənə olan borcumu düşməndən azad edilmiş torpaqlarımızda müəllim kimi işləyib, dəyərli şəxslər yetişdirməklə  verə bilərəm". 
Bütün bunlar Ağalıda dərs deyən müəllimlərin səmimi fikirləri idi. Həqiqətən də, bu gün Zəfərin simvolu sayılan Ağalıda dərs demək istəyən müəllimlərin sayı çoxdur.  Ötən ay burada işləmək üçün təxminən 800-ə yaxın müəllimin müraciət etməsi də bunun bariz nümunəsidir. Yəqin ki, getdikcə məktəbdə həm şagird, həm də müəllim sayı artacaq. Çünki sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. 
Bu gün - oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Azərbaycanda ənənəvi olaraq qeyd edilən bu günün bir özəlliyi var. Azərbaycan müəllimləri artıq peşə bayramını qalib xalqın təmsilçiləri olaraq qeyd edirlər. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 700-dən çox təhsil işçisi də iştirak edib. Onlardan 20 nəfəri döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
 
Elşən QƏNİYEV,
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Bakı-Zəngilan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video