Ağcabədi - aqrar inkişaf "qatar"ının lokomotivi
Ötən il rayon fermerləri pambıqçılıqdan 16,5 milyon manat xalis gəlir əldə etmişlər
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi, müzəffər sərkərdə qətiyyəti ilə ordumuz, qəhrəman Azərbaycan əsgəri nankor qonşularımızın 30 il işğal altında saxladıqları, odlara qalayıb viran qoyduqları Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək Azərbaycanın dövlətçilik tarixinə qürurverici parlaq səhifələr yazdı.
Dünən döyüş meydanında Ermənistan silahlı qüvvələrini darmadağın edib təslimçilik aktına qol çəkməyə məcbur edən Azərbaycan indi işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa, quruculuq işləri aparır. Bu gün Qarabağ və Şərqi Zəngəzur başdan-başa böyük inşaat meydanıdır. Faşist xislətli ermənilərin xarabaya çevirdikləri kəndlər, şəhərlər yenidən qurulur, yollar çəkilir, körpülər salınır, infrastruktur yaradılır. Ardınca isə böyük qayıdış başlayır. Doğma yurda, həsrət qaldıqları isti yuvalarına qovuşan ailələrin sayı sürətlə artır. Bu adamların isti nəfəsi, hərarətli əlləri, doğma baxışları Qarabağa, Şərqi Zəngəzura yenidən həyat verir. Uzun müddət sahiblərinin həsrətini çəkən kənd və şəhərlərimiz doğmalarını durnagözlü bulaqlarının şirin zümzüməsiylə, gözoxşayan yaşıl yamacları, əlvan gülləri, çiçəkləri ilə qarşılayır.
İkinci Qarabağ savaşının böyük zəfərlə sonuclanmasına Ağcabədinin də sanballı töhfələri olmuşdur. Ermənistan silahlı qüvvələrinin atdığı raketlər, artilleriya mərmiləri Ağcabədinin yaşayış məntəqələrinə xeyli ziyan vurmuş, çox sayda evlər, sosial obyektlər dağılmış, mülki insanlar həlak olmuşdur. Ön xətdə düşmənlə döyüşdə gerçək qəhrəmanlıq, əsl fədakarlıq göstərən ağcabədili igidlərin böyükləri isə arxa cəbhədə çalışmış, qələbənin yaxınlaşmasına töhfələrini vermişlər.
İndi yaz-tarla işlərinin qızğın çağıdır. Günəşin isti nəfəsini duyan torpaq yavaş- yavaş canlanır. Ağcabədili fermerlər təsərrüfatlarda çiyid səpininə mütəşəkkilliklə başlamışlar. Taxıl zəmilərində isə aqrotexniki tədbirlər həyata keçirilir - zəmilərə yemləmə gübrəsi verilir, alaq otlarına qarşı mübarizə aparılır, sahələr suvarılır.
Ölkədə aqrar sektorun inkişafında son illər Ağcabədinin seçilməsini cəsarətlə demək olar. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit qazanılan uğurlarda gerçək bir stimula çevrilib. Rayon icra hakimiyyətində (RİH) vətəndaşların ərizə və şikayətlərinə, təklif və müraciətlərinə baxılması mütərəqqi qaydalar əsasında təşkil olunub. Bu məqsədlə yaradılmış qurum öz səmərəli fəaliyyəti ilə RİH-ə üz tutanlarda məmnunluq yaradır. Zəruri avadanlıqlarla (avtomobil, kompüterlər, planşetlər) təchiz olunmuş qurum hər bir müraciəti diqqətlə araşdırır, operativ tədbir görür və nəticədə hər kəs razı qalır. Beləcə vətəndaş-məmur münasibətlərinin arzuolunan səviyyədə formalaşması reallaşır. O da qeyd edilməlidir ki, vətəndaş müraciətlərinə baxılmasına bu cür yanaşılması sayəsində rayondan mərkəzi icra orqanlarına, ayrı-ayrı dövlət qurumlarına göndərilən şikayətlərin sayı xeyli azalmışdır.
Ağcabədi ölkənin qabaqcıl kənd təsərrüfatı rayonlarındandır. Burada taxılçılığın, pambıqçılığın, heyvandarlığın, baramaçılığın inkişafına böyük önəm verilir. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə Ağcabədi rayonunda son dərəcə məsuliyyətlə yanaşılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi məmnunluq doğurur. Məsələn, götürək pambıqçılığı. Keçən il rayonda 11493 hektarda pambıq əkilmiş, 36250 ton məhsul istehsal edilmiş, hər hektarın məhsuldarlığı 31,5 sentner olmuşdur ki, bu da ölkə üzrə yüksək göstəricilərdən sayılır.
Pambıq strateji məhsuldur. Dövlət onun istehsalında maraqlıdır və ona görə də pambıq əkib-becərən kəndlinin maraqlarını da yüksək səviyyədə nəzərə alır. Rəqəmlərə müraciət edək. Ötən il tədarük edilən pambığın qarşılığında rayon fermerləri 9,5 milyon manat gəlir əldə etmişlər. Dövlət büdcəsindən ayrılan subsidiyanın məbləği isə 7 milyon manat olmuşdur. Bütövlükdə keçən il rayon üzrə pambıqçılıqdan əldə olunan xalis gəlir 16,5 milyon manata çatmışdır. Bu, yetərincə yüksək gəlirdir və kəndlinin güzəranına, dolanışığına əhəmiyyətli dərəcədə təsir görtərdiyi şübhəsizdir. Yeri gəlmişkən, qeyd edək ki, pambıq əkib-becərən kəndlinin keçən il orta hesabla hər hektardan gəliri 1435 manat olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı, idarəetmədə və təsərrüfat işlərində zəngin təcrübəsi olan Rafil Hüseynov söhbət zamanı cari ilin qayğılarından, qarşıda duran vəzifələrdən də danışdı. Dedi ki, Ağcabədi böyük potensiala, geniş iqtisadi imkanlara malik rayondur: "Dövlətin hər cür dəstəyini gündəlik işində hiss edən Ağcabədi kəndlisi maddi nemətlər bolluğu yaratmaqda maraqlıdır. Rayonda torpaq münbit, insanlar əməksevər və işgüzardır. Qalır bu potensialı doğru istiqamətə yönəltmək. Aprelin 4-də rayon mədəniyyət mərkəzində pambıqçıların geniş tərkibdə müşavirəsini keçirdik. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və onun Elmi İnnovasiya Mərkəzinin, Aqrar Xidmətlər və Dövlət Su agentliklərinin, pambıqçılıqla məşğul olan şirkətlərin, Aqrar Sığorta Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və digər əlaqədar təşkilatların məsul əməkdaşları iştirak edirdilər. Geniş fikir mübadiləsi apardıq, məsləhətləşmələr etdik. İndi zaman başqadır. Elmi yenilikləri, mütərəqqi texnologiyaları tətbiq etmədən hədəfə çatmaq mümkün deyil. Müşavirədə səslənən faydalı məsləhətlər heç şübhəsiz öz bəhrələrini verəcək. Bu il 13 min hektardan artıq sahədə pambıq əkiləcək. Hədəfimiz məhsuldarlıqda rekordu təzələməkdir".
R.Hüseynovun söhbətindən o da aydın oldu ki, çiyid səpini yüksək aqrotexniki qaydalar əsasında aparılır. İndiyədək 3 min hektardan çox sahəyə çiyid səpilib. Bol məhsula etibarlı bünövrə qoymaq üçün indidən zəruri tədbirlər görülür. Ağcabədidə qabaqcıl pambıq ustaları çoxdur. Keçən il pambıq əkən fermerlərdən 188 nəfəri 50 sentnerdən yüksək məhsuldarlığa nail olmuşdur. Ötən təsərrüfat ilində fərqlənmiş fermerlər Famil Quliyev, İskəndər Hüseynov, Etibar Şirinov və Abdulla Həsənov indi çiyid səpinində də nümunə göstərirlər.
Ağcabədi həm də iri taxılçılıq rayonudur. Ötən təsərrüfat ilində 26664 hektardan 120 min 714 ton taxıl biçilmiş, orta məhsuldarlıq 45,3 sentner olmuşdur. Bu ilin məhsulu üçün isə 32129 hektarda taxıl yetişdirilir. Aqrotexniki qaydalarla becərilən zəmilər bol məhsuldan xəbər verir.
Rayonun kümçüləri də yeni mövsümə inamla hazırlaşırlar. Keçən il 700 qutu ipəkqurdundan 34450 kiloqram barama tədarük edən kümçüləri indi həmin göstərici qane etmir. Builki hədəf hər qutu ipəkqurdundan 50 kiloqramdan çox barama istehsal etməkdir. Bunun üçün kümxanalar təmir edilərək hazır vəziyyətə gətirilib. Çəkil bağlarına qulluq da öz yerində.
Baharın gəlişi çöllərin sükutunu pozub. Əl içi kimi hamarlanmış sahələrdə şırımlar açan texnikalar sanki ana torpağa bərəkət nəğməsi oxuyur. Yaz mehi toxunduqca dəniz kimi dalğalanan zümrüd donlu zəmilər bu il də təknəmizin boş qalmayacağından soraq verir. Niyyəti bolluq, istəyi firavanlıq olan hünərvər Ağcabədi kəndlisi yaradır bu ürəkaçan mənzərəni.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Komitəsinin sədri: Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb...
02 May
Malayziya parlamentinin sədri: Bakı Forumu ölkələr arasında mədəniyyət diplomatiyasının yayılmasında...
02 May
“AzerGold”un yeni istiqrazlarının ilk faiz ödənişi olub
02 May
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM ...
02 May
Kremldən Baydenin ittihamlarına CAVAB
02 May
Polis Paris meriyasının qarşısındakı qaçqın düşərgəsini dağıdıb
02 May
Aİ Livana 1 milyard avroluq yardım paketi təqdim edib
02 May
Gürcüstan demokratiyası risk altındadır - ABŞ
02 May
300 illik şəhər quraqlıq zamanı yenidən peyda oldu
02 May
Yeni tərkibli çörək istehsal ediləcək
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!