Onların vətəninin məhz Azərbaycan olduğu sübuta yetirildi
Dünya miqyasında hər bir xalqın tarixən məskunlaşdığı ərazidə kənd təsərrüfatında becərilən ayrı-ayrı bitki sortlarının genofondu onun milli sərvətidir. Becərilməkdə olan müxtəlif bitki sortları müvafiq bölgələrdə xalq seleksiyası yolu ilə yaradılaraq nəsildən-nəslə ötürülməklə indiki dövrümüzə qədər gəlib çatmışdır.
Hər bir xalqın tarixi əkinçilik mədəniyyəti dövründə kənd təsərrüfatında yeni yaradılan ayrı-ayrı becərilən sortlara özünəməxsus adlar verilmişdir. Belə adlandırmalar əsasən ərazinin, bitkini becərən şəxsin adı ilə bağlı olur, həmçinin sortun əmtəə xüsusiyyətləri ilə səciyyələnən irsi əlamətlərlə müşayiət edilir. Qədim tarixə, əkinçilik mədəniyyətinə malik olan və daha çox ərazidə məskunlaşan xalqlar kənd təsərrüfatında becərilən daha çox sortların zəngin genofonduna malik olurlar. Bu baxımdan Azərbaycan Respublikasında, o cümlədən Naxçıvanda kənd təsərrüfatında becərilən bitkilərin zəngin genofondu formalaşmış, nəticədə çoxlu sayda sort, forma və variasiya müxtəlifliyi meydana gəlmişdir.
Tarixi inkişafın gedişində xalqlar arasında ticarət, mədəni və kənd təsərrüfatı məhsullarının mübadiləsi nəticəsində iqtisadi əhəmiyyətli ayrı-ayrı bitki sortları müxtəlif dövlətlərin ərazisinə yayılaraq onların becərilməsinə başlanılmışdır. Beləliklə, uzaq və yaxın keçmişdə ayrı-ayrı dövlətlər arasında yaranan iqtisadi əlaqələr nəticəsində müxtəlif xalqlar arasında sort mübadiləsi baş vermişdir. Nəticədə hər hansı bir xalqa məxsus bitki sortları müxtəlif ərazilərdə becərilməklə özünəməxsus adlarla tanınmağa başlamışdı. Vaxtilə Naxçıvan ərazisində becərilən çoxlu sayda üzüm sortları buradan keçən səyyahların, tacirlərin diqqətini cəlb etdiyindən bu sortlar digər regionlara, dünyanın bir sıra ölkələrinə yayılmış və müvafiq sinonimlərlə adlandırılmışdır. Rusiya, Ukrayna, Ermənistan respublikaları ərazilərində belə aborigen sortlarımız daha çoxluq təşkil edir. Hazırda Ermənistan Respublikasında becərilən başqa meyvələrimiz kimi aborigen üzüm sortlarımızın adları da 1947-ci ildə rəsmi qaydada erməniləşdirilmişdir. Belə ki, Gülabı-Arağac, Naxçıvan qara şanısı - Armeniya, Naxçıvan tayfısı-Araratı, Pişik üzümü-Voskaet, Naxçıvan qızıl üzümü - Karmir kaxona, Ağ xəlili - Ağ şateni, Hənəqırna - Aravik, Qırmızı kimişi - Erevani rozovıy, Əsgəri - Nazeli, Mələyi - Areni çernıy, Naxçıvan hüseynisi - Arakseni belıy, Qara xəlili - Arakseni çernıy, İnəkəmcəyi - Şaumyani və digər adlarla becərilməkdədir.
Müasir dövrdə molekulyar genetika elminin sürətli inkişafı, bitki sortlarının irsi aparatında molekulyar DNT analizlərinin aparılması ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin mənşəyini, hansı bölgəyə və xalqa məxsus olmasını aydınlaşdırmağa imkan verir. Bu istiqamətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda aborigen üzüm sortları, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutundan da göndərilən müxtəlif sort nümənələri əsasında Almaniyanın Üzümçülük və Şərabçılıq İnstitutunda Azərbaycanın yerli üzüm sortlarının DNT analizləri istiqamətində yerinə yetirilən tədqiqat işləri və əldə olunmuş nəticələr tarixi baxımdan mühüm elmi-praktiki əhəmiyyət kəsb edir.
Xeyli müddətdir Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovun rəhbərliyi ilə Almaniyanın Üzümçülük İnstitutu ilə birgə əməkdaşlıq nəticəsində Azərbaycanın, o cümlədən muxtar respublikada becərilən yerli üzüm sortlarının genom analizi istiqamətində elmi-tədqiqat işləri həyata keçirilir. 2023-cü ilə qədər institutdan 300-dən çox yerli üzüm sort, forma, o cümlədən Naxçıvan iqtisadi bölgəsində becərilən 150-dən çox üzüm genofondundan 15-ə yaxın yerli sort nümunələri Almaniya Üzümçülük və Şərabçılıq İnstitutuna göndərilərək genetik markerlərlə öyrənilib və onların DNT analizi üzrə molekulyar səviyyədə genetik müqayisələri aparılıb. Əldə olunan nəticələr əsasında Azərbaycanın müxtəlif üzümçülük rayonlarında, o cümlədən Naxçıvan bölgəsində becərilən üzüm sort və formaların genetik profilləri əsasında unikal profillər, sinonimlər, omonimlər müəyyən edilmiş və genetik oxşarlıqların araşdırılması nəticəsində "genetik qohumluqları" müəyyən edilib.
Bu tədqiqatların ən vacib nəticəsi olaraq Ermənistan ərazisindən Beynəlxalq Üzüm Sortları Kataloqu Bazasına təhrif olunmaqla erməni, rus, Ukrayna adları və digər adlar altında təqdim edilmiş sortların Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Almaniya Üzümçülük İnstitutu ilə birgə apardığı molekulyar səviyyədə DNT analizləri nəticəsində Azərbaycan ərazisinə mənsub bir mənşəyə malik olduqları sübuta yetirilmişdir. Qeyd edilən bazaya dünyanın bütün üzüm sortarı haqqında ampeloqrafik, molekulyar-genetik informasiyalar daxildir. Oradakı bazadakı DNT analizlərinin nəticələri haqqında məlumatlar ciddi idarə olunur və bütün dünya dövlətlərinin istifadəçilərinə açıqdır.
2022-2023-cü illərdə DNT analizləri nəticəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən təqdim olunmuş 50-yə yaxın yeni sortdan 35-nin, həmçinin muxtar respublikada becərilən Mələyi, Hənəqırna, Uzunsalxımlı, Naxçıvan qara kişmişi, Naxçıvan çəhrayı kişmişi, Naxçıvan qırmızı kişmişi, Qırmızı sahibi, Qırmızı səabi, Naxçıvan inəkəmcəyi, Əsgəri, Nəqşəbi, Misqalı və digər sortların bölgəyə məxsus genetik təmiz profilin olduğu müəyyən edilmişdir. Bu üzüm sortlarının erməniləşdirilmiş, ruslaşdırılmış və digər adları silinərək onlar ilk dəfə olaraq Azərbaycanın üzüm genofonduna məxsus öz əzəli adları altında Beynəlxalq Üzüm Sortları Kataloqu Bazasına daxil edilmişdir. DNT analizlərində bu ərazidə becərilən üzüm sortlarının genotipində genetik profilləri əsasında unikal profillər, sinonimlər, omonimlər özünəməxsusluğu ilə diqqəti cəlb edir. Bu da xalqımızın tarixən qədim və zəngin üzümçülük mədəniyyətinə məxsus olduğunu sübuta yetirir.
Beləliklə, molekulyar genetik analizlər nəticəsində Azərbaycanın üzümçülük rayonlarında, o cümlədən Naxçıvan iqtisadi bölgəsində yerli üzüm sortlarının mənşəyi araşdırılır, qorunur, dünya miqyasında əzəli adları bərpa olunur. Xalqımızın qədim üzümçülük mədəniyyətinə məxsus olan yerli üzüm sortlarının genetik DNT analizi əsasında Beynəlxalq Üzüm Sortlarının Kataloqu Bazasında bu bölgədə yaşayan, zəngin üzümçülük mədəniyyətinə malik xalqımıza məxsusluğunun təhrif olunması qarşısının alınması, öz qədim adları ilə dünya miqyasında tanıdılması və onların becərildikləri ərazilərin artırılması işləri davam etdirilir.
Varis QULİYEV,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Bioresurslar İnstitutunun əməkdaşı, aqrar elmləri doktoru