Bu əvəzsiz meyvə sortunun tarixi VII əsrə gedib çıxır
İndi göycənin yeyilən vaxtıdır. Qiyməti "ceyran beli"ndən olsa da, az adam tapılar ki, bu vaxtlar ağızsulandıran göycənin dadına baxmasın. Bəs vətəni Naxçıvan sayılan bu meyvə sortu haqqında dadından savayı nə bilirik?
Qədim Naxçıvan zəngin əkinçilik, o cümlədən meyvəçilik ənənələrinə malikdir. Bu diyarda bir çox meyvə sortlarının meydana gəlməsi məhz xalq seleksiyasının nümunələridir. Belə brend meyvə sortlarından biri də adı və dadı ilə tanınan Naxçıvan göycəsidir. Müalicəvi və antioksidant xassəyə malik olan bu sort muxtar respublika ərazisində yüksək dada, keyfiyyətə və əmtəə görünüşünə malikdir.
Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun ən gəlirli sahələrindəndir. Hazırda əhalinin bitki mənşəli ərzaqlarla dolğun təminatında müxtəlif meyvə məhsullarının istehsalının yüksəldilməsi aktual problemlərdən biridir. Təsadüfi deyil ki, Naxçıvan MR-də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə 2012-2015, 2016-2020, 2021-2025-ci illəri əhatə edən üç dövlət proqramı qəbul edilmişdir. Dövlət proqramlarının icrası çərçivəsində 2020-ci ildə muxtar respublikada meyvə istehsalı 62 min, üzüm istehsalı isə 30 min tona çatmışdır. Muxtar respublikada aqrar sektorun dinamik inkişafı meyvəçiliyin də genişləndirilməsi ilə müşayiət olunur. Təkcə 2021-ci ildə 145,6 hektar sahədə meyvə bağı salınmış, 280 hektarda əkin-bərpa işləri aparılmışdır. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi göstərilir. 2021-ci ildə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 8 layihə üzrə 129 min manat həcmində güzəştli kredit verilmişdir.
Qeyd edək ki, 2016-cı ildən başlayaraq ənənəvi olaraq göycə festivallarının keçirilməsi milli-mənəvi dəyərlərimizdən olan əkinçilik mədəniyyətimizə, həmçinin müasir dövrdə meyvəçilik ənənələrimizə göstərilən diqqət və qayğıkeşliyin nümunəsidir. 2016-cı ildə keçirilən "Göycə festivalı"nda 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi 3, 2017-ci ildə 11 tondan çox, 2018-ci ildə 186 fərdi təsərrüfatçı tərəfindən ümumilikdə 12 ton 700 kiloqram məhsul ucuz qiymətə satılmışdır. 2019-cu ildə keçirilən festivala 18 tondan çox göycə çıxarılmışdır. İyunun əvvəlində keçiriləcək ənənəvi "Göycə festivalı"na isə Naxçıvan şəhərindən, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarından olan 230-dan çox fərdi təsərrüfat sahibi tərəfindən 20 tondan çox göycə meyvəsi və ondan hazırlanmış müxtəlif çeşidli məhsulların çıxarılması gözlənilir.
Naxçıvan göycəsi xalq seleksiyası sayəsində yaradılmışdır. Bu sortun yeyilməyə başlanması dövrü ölkə, o cümlədən respublika ərazisində meyvə mövsümünün başlanmasından xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, "göycə" sözü yalnız Naxçıvan dialektinə aiddir. "Göycə" sözündəki "göy" sözü yeni, təzə mənasını ifadə edir. Hələ VII əsrdə Naxçıvan bölgəsində olan səyyahların xatirələrində bu sort haqqında məlumatlara rast gəlinir. Maraqlıdır ki, Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrinə yayılsa da, bu regionda, xüsusilə Araz su anbarı vadisində becərilən sortun biomorfoloji xüsusiyyətləri, dadı, keyfiyyəti digər rayonlarda müşahidə olunmur. Regionda torpaq-iqlim şəraiti bu sortun tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən, düzən ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit mövcuddur.
Muxtar respublikada meyvəçiliyin davamlı inkişafı məqsədilə bioloji və fitosanitar baxımdan təmiz olan, yüksək məhsuldar, keyfiyyətli, müxtəlif vaxtlarda yetişən ayrı-ayrı çəyirdəkli, qoz və giləmeyvələrin aborigen sortları ilə yanaşı, faraş meyvə sortu olan Naxçıvan göycəsinin də irihəcmli plantasiyaları salınır. Həmçinin aqrar sektorda kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında, xarici bazarlara rəqabətədavamlı məhsulların çıxarılmasında mühüm işlər yerinə yetirilir. Muxtar respublikada çoxşaxəli ailə təsərrüfatları, ixtisaslaşdırılmış fermer təsərrüfatları və istehsal sahələrinin yaradılması, toplanılan məhsulun uzun müddət saxlanılması üçün soyuducu anbarların tikilməsi, məhsulların beynəlxalq standartlara uyğun qablaşdırılması və ixracının təşkili üçün də tədbirlər görülür. Meyvə məhsulları üçün təkcə ötən il muxtar respublikada 6 soyuducu anbar, 5 istixana təsərrüfatı yaradılmışdır.
Naxçıvan göycəsi sortu ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilir. Bu meyvə Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuğ, Tumbul, Zeynəddin, Şıxmahmud və başqa kəndlərdə daha tez yetişir. Ağacları 2,5-3,5 metr hündürlükdə olmaqla, yazda yarpaq açmamışdan əvvəl çiçəkləyir. Çoxlu çiçək əmələ gəlsə də, onların əksəriyyəti tozlanmadan sonra tökülür. Meyvələri may ayının ortalarında faraş yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyul ayının axırında və avqust ayının əvvəllərində tam fizioloji yetişkənliyə çatır. Meyvələrinin qabığı nazikdir, ilk vaxtlar yaşıl rəngdə olur. Ətli hissə isə qalındır. Hər meyvədə bir kiçik toxum olur. Məhsulu tam yetişdikdə ətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər ağacdan ildə orta hesabla 30-50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar 350 C-yə qədər şaxtaya dözümlüdür.
Naxçıvan göycəsi, adətən, yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Göycə ağacı üzərində cavan zoğların kökləndirilməsi üsulu ilə çoxaldılma daha səmərəlidir. Çünki gələcəkdə belə göycə ağacından əmələ gələn yeni kök pöhrələri də əkin materialı kimi istifadə oluna bilər. Calaqetmədə albuxara ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə ağacları uzunömürlü olur.
Əsl göycə sortunu təkrar calaqetmə yolu ilə əldə etmək mümkündür. Yəni calaq edilmiş göycə sortuna növbəti il yenidən təkrar göycə calaq olunur. Calaq edildikdən iki il sonra ağac məhsul verməyə başlayır. Ağaclarda erkən yazda lazım olan qaydada quru budama aparılmalıdır. Ağacların çətirinə elə forma verilməlidir ki, şah və ətraf budaqlar bir-birindən 50-60 santimetr məsafədə aralı olsun. Yarpaqlama və çiçəkləmə vaxtı çətir daxilinə günəş şüaları düşsün və normal havalanma gedə bilsin. Naxçıvan göycəsinin meyvə plantasiyası şəklində becərilməsi əkin sistemində ağacların ara məsafəsi 2,5-3, cərgə aralarının 3-3,5 metr olması daha məqsədəuyğundur.
Naxçıvan göycə sortu göbələk xəstəliklərinə dözümlüdür. Ancaq zərərvericilərə, xüsusilə mənənələrə tez yoluxur. Bu ziyanvericiyə qarşı əgər normal səviyyədə kimyəvi mübarizə aparılmasa, ağaclar hətta növbəti il quruya bilər. Naxçıvan göycəsi sortu normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Avqust ayının əvvəllərində tam fizioloji yetişmiş meyvələri, adətən, göycə kompotu, göycə qurusu, göycə lavaşası, göycə turşusu və başqa məhsulların alınması üçün istifadə edilir. Belə məhsulların sənaye miqyasında istehsalının təşkili iqtisadi səmərəlidir. Onu da qeyd edək ki, Naxçıvan göycəsi sortu Naxçıvan diyarında tarixən qədimdən becərildiyindən çoxlu variasiyaları meydana gəlmişdir. Belə variasiyalar bir-birindən yetişmə müddətinə, meyvələrinin parametrlərinə, keyfiyyətinə, dadına, şirinliyinə və başqa genetik xüsusiyyətlərinə görə fərqlənirlər. Söz düşmüşkən, son dövrlər bu sort sürətlə digər bölgələrə yayılmaqdadır. Artıq Abşeron, Gəncə-Qazax, Quba, Göyçay və digər rayonlarda da Naxçıvan göycəsi sortunun meyvə plantasiyaları şəklində becərilməsi işlərinə başlanılmışdır.
Varis QULİYEV,
aqrar elmləri doktoru
Naxçıvan