Azərbaycan xalqı bu günü - Zəfər Gününü çox gözləmişdi. Otuz ilə yaxın Ermənistanın işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzur torpaqlarının həsrətini çəkdi.
Azərbaycanın haqq səsi
Azğınlaşmış ermənilərin zülmlərindən, işgəncələrindən canını götürüb qaçmış neçə-neçə soydaşımız bu illər ərzində doğma, isti ocağına qovuşmaq ümidi ilə gözlərini əbədi yumdu.
Sağ qalanlar onların da dərdlərini, yurd həsrətlərini öz nisgillərinə, mənəvi ağrılarına çevirdilər. Bir gün haqqın, ədalətin qalib gələcəyinə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad ediləcəyinə ümid bəslədilər.
Qarabağı, Şərqi Zəngəzuru böyüklərin söhbətindən tanıyan uşaqlar böyüdülər. Onlar da böyüklərin yağıların at oynatdıqları vətən torpaqları nisgilinə və qələbə ümidlərinə şərik oldular.
Ərazilərinin iyirmi faizi 1990-cı illərdə işğalçı ermənilər tərəfindən qəsb edilən, bir milyon vətəndaşı dədə-baba yurdundan qovulan, məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan Azərbaycan dövləti on illər boyu haqq səsini dünyaya çatdırmağa çalışdı. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Təəssüf ki, bu istiqamətdə qətiyyətlə atdığı addımlar, həyata keçirdiyi işlər nəticəsiz qaldı.
İşğalçı ölkə cinayət əməllərinə görə beynəlxalq hüquq çərçivəsində cavab vermədi. Çünki bir sıra ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar rəsmi İrəvanın işğalçılıq siyasətini gizli və ya açıq şəkildə dəstəklədilər. 1992-ci ildə ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 1995-ci il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırıldı) tərəfindən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış, Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu da üzərinə götürdüyü vəzifəni yerinə yetirmədi. Əksinə, öz fəaliyyəti ilə problemin həllini daha da müşkülə saldı və beləliklə, sülhə zərbə vurdu. ATƏT-in Minsk qrupu iyirmi səkkiz il ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin dayandırılması, sülhün bərqərar olunması istiqamətində uğurlu addım atmaq əvəzinə erməni vandalizminə göz yumdu.
Beynəlxalq səviyyədə cəzasız qalması işğalçı Ermənistanı yalnız arxayınlaşdırmadı, həm də daha da azğınlaşdırdı. Qəsb etdiyi Azərbaycan ərazilərini xarabalığa çevirdi. Bir zamanlar gözəlliyi, abadlığı ilə görənləri heyran edən Qarabağı və Şərqi Zəngəzuru qəddar ermənilər yerlə yeksan etdilər. İşğalçılar nəinki müasir tikililəri, həmçinin ölkə və dünya əhəmiyyətli qədim abidələri də məhv etdilər. Qarabağın və Şərqi Zəngəzurun gözəl və zəngin təbiəti də erməni vandalizminə məruz qaldı. Həmin ərazilərdəki nadir ağacların və quşların məskəni olan sıx meşələri qırdılar, saf bulaqları qurutdular. Qarabağın və Şərqi Zəngəzurun təbii sərvətlərini taladılar.
Düşmənə xəbərdarlıq
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur əraziləri böyük bir xarabalığa çevrildi.
1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Ancaq rəsmi İrəvan atəşkəs rejiminə əməl etmədi. Otuz ilə yaxın davam etdirdiyi işğal müddətində Ermənistan Azərbaycana qarşı təxribatlarından və terror əməllərindən əl çəkmədi. İşğalçı ölkənin silahlı qüvvələri tərəfindən ordumuzun mövqeləri və dinc soydaşlarımızın yaşayış yerləri intensiv olaraq iriçaplı silahlardan atəşə tutuldu. Nəticədə atəşkəs dövründə də Azərbaycanın əsgər və zabitləri, mülki vətəndaşları şəhid oldular.
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın silahlı qüvvələrinin yenidən atəşkəs rejimini pozması səbəbindən İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamalı oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dedi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var".
Prezident İlham Əliyev hər zaman dövlətimizin və xalqımızın iradəsini, məqsədini qətiyyətlə ifadə etmiş, ən yüksək kürsülərdən dönə-dönə bəyan etmişdi ki, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq. Lazım gələrsə, döyüş yolu ilə ərazilərimizi erməni işğalçılarından geri alacağıq. Artıq həmin zaman gəlmişdi.
Sentyabrın 27-də xalqa müraciətində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Ermənistanın davamlı olaraq həyata keçirdiyi təxribatları diqqətə çatdıraraq, Azərbaycanın heç bir təxribata əl atmadığını, sadəcə olaraq, öz maraqlarını müdafiə etdiyini, öz mövqeyini dəstəklədiyini və öz siyasətini alnıaçıq apardığını bildirdi: "Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır".
Prezident, Ali Baş Komandan İlham Əliyevin "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" deyə bəyan etməsi düşmənə xəbərdarlıq idi.
Tariximizin unudulmaz səhifələri
İşğalçı ölkənin silahlı qüvvələri 2020-ci ilin payızında Azərbaycan Ordusunun qarşısında nə qədər gücsüz və aciz olduğunu gördü. Nə illərlə məğlubedilməzlikləri barədə uydurduqları mif, nə də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında qurduqları istehkamlar, qazdıqları səngərlər köməklərinə çatdı. Azərbaycan Ordusunun əsgər və zabitlərinin mərdliyi, rəşadəti, cəsarəti qarşısında qorxuya düşən Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri çarəni döyüş meydanlarından qaçmaqda gördülər.
Azərbaycanın igid oğulları otuz ilə yaxın düşmən işğalı altında qalmış kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi azad etdilər və addım-addım böyük Zəfərə yaxınlaşdılar. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycan tarixinə şanlı qələbələrlə yazıldı.
2020-ci il noyabrın 8-də Qarabağın tacı, Azərbaycanın mədəniyyət mərkəzi Şuşa düşmən işğalından azad edildi. Hələ müharibənin davam etdiyi günlərdə Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında bildirmişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının öz torpaqlarına bağlılığını bir daha nümayiş etdirdi. Azərbaycanın igid oğullarının rəşadəti qəhrəmanlıq salnamələrinə çevrildi. Onlar vətən torpaqlarının Ermənistanın işğalından azad olunması naminə bir an belə öz canlarını düşünmədən şiddətli döyüşlərə atıldılar, sinələrini düşmən güllələrinə sipər etdilər.
Bu gün qalib xalqın nümayəndəsi olmağın qüruru, iftixarı ilə yaşayan hər bir azərbaycanlı üçün 44 günlük İkinci Qarabağ müharibəsi yalnız Zəfər təntənəsi deyil, həm də tariximizin unudulmayacaq, hər zaman ibrət alınacaq səhifələrindəndir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"