08 Aprel 2024 14:13
2042
Təhsil
A- A+

ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti arasında əməkdaşlıq genişlənir

 

İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Ciovanni Molari və nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universitetində olub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Rektor Molarinin sayca ikinci olan bu səfəri zamanı əsas müzakirə mövzuları sırasında humanitar elmlər sahəsində əməkdaşlıq, ADA Universitetində “İtalyanşünaslıq” proqramının tədrisi, Azərbaycanın mədəni irsi, dili, tarixi, ədəbiyyatı, musiqisi, memarlığı, teatr və kinoşünaslığı, tətbiqi incəsənətini özündə cəmləşdirən “Azərbaycanşünaslıq” proqramını dövrümüzün çağırışlarına cavab verəcək metodlarla tədris etmək, həmçinin mədəniyyət qurumlarını idarə edəcək mütəxəssislər yetişdirmək üçün Bolonya Universitetinin təcrübəsindən yararlanmaq kimi məsələlər yer alıb. Bununla yanaşı, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təhsil alacaq tələbələr üçün italiyan dili və mədəniyyəti üzrə kursların təşkili də müzakirə edilən mövzulardan olub.

Bolonya Universiteti ilə humanitar sahədə bu yeni əməkdaşlıq istiqamətini müzakirə etmək üçün mədəniyyət naziri Adil Kərimlinin və elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə görüşlər keçirilib. Tərəflər sözügedən sahədə mövcud çağırışlar və bu çağırışların həlli üçün qurulan akademik əməkdaşlığın verə biləcəyi töhfələrdən bəhs ediblər. Daha sonra müzakirələr işçi səviyyədə hər iki universitetin nümayəndələrinin iştirakı ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda davam edib. Bundan əlavə, nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, tarixi və dini abidələrin qorunduğu bir neçə məkana baş çəkiblər.

ADA Universitetinin Bolonya Universiteti ilə əməkdaşlığı hazırda İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Kənd təsərrüfatı və qida elmləri istiqaməti üzrə həyata keçirilir, bu istiqamətdə işlər səylə davam etdirilir. Təsadüfi deyil ki, rektor Ciovanni Molarinin 2023-cü ilin aprel ayında ADA Universitetinə ilk gəlişi məhz elə bu sahə üzrə yeni fakültənin açılış tarixində baş tutub. Bu da öz növbəsində kənd təsərrüfatı və qida elmləri üzrə təhsil sahəsində əməkdaşlığa göstərilən önəmdən xəbər verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video