26 Iyun 2024 09:05
344
İQTİSADİYYAT
A- A+

44 gündən sonrakı 4 ilin Qarabağ və Şərqi Zəngəzuru

 

Müasir infrastruktur, "ağıllı yaşayış məntəqələri", Böyük qayıdış

 

Müasir dünyada münaqişələr və müharibələr davam etdikcə dağıdılan şəhər və kəndlərin, mədəniyyət abidələrinin sayı da durmadan artır. Bu gün ərazilərində müharibə gedən dövlətlərin çoxu yerlə yeksan edilmiş şəhərlərin bərpası ilə məşğul olmağa çalışır, bunun üçün əlavə vəsaitlər axtarırlar. Müxtəlif ölkələrdə bu istiqamətdə müəyyən işlər görülür, mövcud dünya təcrübəsi tətbiq edilir. 
Müharibələrin bitdiyi regionlarda bərpa işləri həqiqətən də ən aktual məsələyə çevrilmişdir. Məsələn, Suriyada Dəməşqin və ən çox dağıntılara məruz qalan, ölkənin ən böyük şəhəri sayılan Alepponun bərpasına start verilmişdir. Burada əsas ərazilərin modellərinin bərpa edilməsinə cəhdlər edilir. Əslində, bu elə bir yenilik də deyil. Belə ki, müharibədən sonrakı şəhərlərin bərpası üçün ərazilərin bərpa modelləri, şəhərlərin bərpası konsepsiyaları düşünülür, əhalinin milli və regional əlamətlərə uyğun yerləşdirilməsi üçün "komanda mərkəzləri" yaradılır. Bu da öz növbəsində bərpa işlərini milli xüsusiyyətlərə uyğun aparmağa imkan verir. Suriyanın şəhərlərinin bərpasının ilkin addımları belədir ki, ilk öncə az dağılmış ərazilərin bərpasına üstünlük verilir, təmizlənmiş ərazilərdə yeni binalar qaldırılır, az ziyan görmüş tikililər bərpa edilir. Bir sözlə, əvvəlcə şəhərlərin tarixi mərkəzlərinin bərpasına üstünlük verilir. Amma aydın görünəni odur ki, viran qoyulmuş şəhərlərin və iri yaşayış məntəqələrinin sürətli bərpası mümkün deyil. Bu gün nisbətən qəbul olunan və geniş tətbiq edilən bərpa modellərindən biri də alman bərpa modelidir. Bu ölkədə hələ də şəhərlərin müharibədən əvvəlki görkəminin bərpası davam edir. 
Müharibələr isə bu gün də Ukrayna və Fələstin ərazilərində davam edir, başqa münaqişə ocaqları da kifayət qədərdir. Bir sözlə, acı reallıq belədir ki, saysız müharibələrin və ağır münaqişələrin fonunda dağılan şəhərlərin sürətli bərpasını təmin etmək mümkün deyil. 
Əgər İkinci Dünya müharibəsindən sonrakı dövrə nəzər salsaq, onu xatırlaya bilərik ki, müvəqqəti yaşayış üçün tikilən baraklar uzun illər insanların daimi yaşayış yerlərinə çevrilmişdi. İndi o zamankı kimi şəhərləri bir-birinə bənzəyən qutular kimi bərpa etmək mümkün deyil. Bütün şəhərlər fərdi yanaşmalarla ucaldılmalıdır. Hər bir yaşayış məntəqəsinin fərdi keyfiyyətlərini nəzərə almaq lazımdır. Məsələn, müharibədən sonra Odessada tarixi binaları balkonlar əcaib bir tərzdə göbələk kimi əhatəyə aldı. Bu şəhər möhtəşəm gözəlliyinin bir qismini itirdi.  
Şəhərlərin müasir bərpası onu  tələb edir ki, böyük yaşayış məntəqələrinin yerlə yeksan edilmiş görkəmləri özlərinə qaytarılsın. İkinci Dünya müharibəsindən sonra davam edən bərpa işlərinə nəzər salsaq, onu görəcəyik ki, Avropa şəhərlərinə sağalmaz yaralar vurulmuşdur. Böyük və qədim şəhərlər bəzi əcaib bərpa işləri ilə bundan sonra da insanları diksindirəcək. Müttəfiqlər Almaniyanı öz aralarında bölərkən tarixi abidələrə elə divan tutdular ki, heç bir ağıllı adam bu addımı özünə rəva bilməzdi! Bu gün isə Mariopol artıq Ukraynanın Drezdeninə çevrilmişdir.
 İkinci Dünya müharibəsində Almaniyada bütün nəhəng sənaye mərkəzləri darmadağın edildi. Xalçavari bombardman altında bu ölkənin yüzlərlə şəhəri yerlə yeksan oldu. O cümlədən Drezden, Berlin, Münxen, Nürnberq kimi şəhərlər darmadağın edildi.
Bu gün Ukrayna da Almaniya kimi məhv edilən şəhərləri bərpa etməkdə hələ ki, acizdir. Ukraynada da bir sıra şəhərlər artıq  yenidən tikilməlidir. Amma etiraf etmək lazımdır ki, bu şəhərlərin əvvəlki görkəmlərini geriyə qaytarmaq ümumiyyətlə, ağlabatan iş deyil. Sadə reallıq odur ki, bu gün müharibə gedən ərazilərdə şəhərlərin və qəsəbələrin bərpası yada da düşmür. Çünkü bu, düşünüldüyü qədər asan məsələ deyil. 
Əlbəttə, müharibənin, işğalın dağıtdığı şəhərlərdən söz düşəndə mütləq Azərbaycandan danışmaq lazımdır. İşğal edilmiş ərazilərimizin hamısında erməni faşistləri 30 il yandırılımış torpaq taktikasını  tətbiq etdilər. Bütün şəhərləri, qəsəbələri, kəndləri viran qoydular. Bütün məşhur abidələrin, hətta adi binaların belə hamısını son daşınadək görünməmiş bir vəhşilklə dağıdıb daşıdılar və satdılar. Məqsədləri bu idi ki, heç kim yaşamağa bu yerlərə geri dönməsin.  Amma yanıldılar, bizim hansı iradəyə və hansı gücə sahib olduğumuzu  anlamadılar. 
Biz geriyə möhtəşəm qələbə ilə döndük, misilsiz quruculuq işlərinə start verdik. Bizə heç kim kömək etmir, demokratiyadan, insan haqlarından danışmaqdan yorulmayan dövlətlər nəinki bir şəhəri, qəsəbəni, hətta bir evin belə bərpasını öhdələrinə götürmədilər!
Amma müharibə bitən kimi Azərbaycan özü bütün Qarabağı misli görünməmiş nəhəng tikinti meydançasına çevirdi. Belə möhtəşəm bərpa nümunəsinə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil. 
Vaxtilə alman nasistləri düşməni tam ruhdan salmaq üçün total dağıntı taktikasından istifadə edirdilər. Bütün şəhərləri yerli-dibli  darmadağın etməklə insanları vahiməyə salırdılar ki, kimsə geri qayıtmasın. Emənilər də bu faşist taktikasını Qarabağda tətbiq etməklə çalışırdılar ki, kimsə geri dönməsin. Amma məğlubiyyətin uçurumlarına yıxıldıqdan sonra bütün acizliklərini anladılar.
İkinci Dünya müharibəsindən sonra Avropada bərpa işlərinin aparılması üçün təşkilatlar və yerli komitələr yaradılmışdı, investisiyalar cəlb edilirdi. Hətta Londonun bərpasına Amerika və ümumi Avropa fondlarından vəsaitlər toplanırdı. Görünür, Ukraynanın da bərpasında həmrəylik nümayiş etdiriləcək. Amma təəssüf ki, aparıcı dövlətləri və supergücləri Qarabağın bərpasında irəli çıxan görmədik. 
Azərbaycan dövləti dünyada bənzərinə rast gəlinməyən qüdrətlə ərazilərinin bərpasına öz gücü ilə start verdi və ağlasığmaz uğurlara imza atdı. Ermənistan isə yenidən Fransadan silah daşımağa cəhdlər edir, yenidən savaş ritorikasına iməkləyir. Görünür, daha ağır uçurumlara yıxılmaq ehtimalını dərk etmir. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video