26 Iyun 2024 09:00
319
İQTİSADİYYAT
A- A+

30 il ermənilərin cəhənnəmə döndərdiyi ərazilərimiz indi cənnətə çevrilir

 

Qarabağ və Şərqi Zəngəzur  otuzillik  işğaldan azad olunduqdan sonra  dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bu yerləri həm də cənnətə çevirəcəyimizi bəyan etdi. Tez bir zamanda bərpa-quruculuq işlərinə başlandı. Nəticələr isə möhtəşəmdir!
Bəlkə də heç vaxt, heç bir yerdə müharibədən sonra bərpa, tikinti, abadlıq işləri belə qısa vaxtda bu cür geniş vüsət almayıb. İndi Qarabağ və Şərqi Zəngəzur həqiqətən cənnətə çevrilir. Həm də bu, özünü bütün sahələrdə göstərir. Yeni və müasir infrastruktur yaradılır, yollar çəkilir, mədəni və tarixi abidələr bərpa olunur. Şəhər, qəsəbə və kəndlərdə təzə çoxmənzilli yaşayış binaları, fərdi  evlər tikilir. Onların sayı artdıqca keçmiş məcburi köçkünlərin doğma yurda dönüşü də sürətlənir.
Bu il mayın 10-da  Prezident İlham Əliyevin  Şuşada birinci yaşayış kompleksinin açılışında dediyi sözləri xatırlayaq: "Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüsi olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. Birinci Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu "Şuşa" mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Bu gün eyni zamanda Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir bəy Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq. Bir neçə başqa önəmli hadisə baş vermişdir".
Dövlət başçısı bu regionun gələcəyinin daha işıqlı olacağını da dedi: "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün eyni zamanda Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək".
Qarabağın və Şərqi Zəngəzurun tezliklə dünyanın ən sevilən və səfər edilən turizm destinasiyasına çevriləcəyinə də şübhə yoxdur. Elə indinin özündə belə bu bölgələrə həm yerli, həm də xarici turistlərin marağı böyükdür.  Belə ki, onlar bu cənnətməkanın 30 il ərzində erməni faşistləri tərəfindən necə viran qoyulduğunu əyani görür, eyni zamanda burada gedən çoxşaxəli quruculuq işlərinin timsalında Azərbaycan dövlətinin güc-qüdrətinin bir daha şahidi olurlar.     
Yeni yollar, beynəlxalq aeroportlar, bir-birindən rahat və yaraşıqlı hotellər, meşələrin və yaşıllıqların bərpası... Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun qonaqlarının öz səfərlərindən məmnun qalması üçün yaradılır.
Yeri gəlmişkən, diqqətə çatdıraq ki, qeyd edilən ərazilər üzrə xüsusi nümayəndəliklərdən daxil olan məlumata əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15-19 iyun) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərdə qonaqlayıb. Keçən il dekabrın 27-dən bu il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Cari il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Məlumatda qeyd edilir ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir. Göstərilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib.
Bu rəqəmlər də göstərir ki, Qarabağ və Şərqi Zəngəzur getdikcə daha çox turistin diqqətini çəkir. Bu isə heç də təsadüfi deyil. Bir çox ölkəyə səfər etmiş insanların, o cümlədən xarici qonaqlarımızın da vurğuladığı kimi, buralar dünyanın ən  gözəl, ən səfalı, gəzib-görməli, çox həqiqətlərini öyrənməli yerləridir. 
Qarabağın və Şərqi Zəngəzurun turizm potensialı çox zəngindir. Burada turizmin    müxtəlif növlərinin - ekoturizmin, dağ, qış, ov, sağlamlıq turizmlərinin və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafı müəyyən olunmuş strategiya və konsepsiya ilə aparılır. Məsələn, Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda "dark" - işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Təbii ehtiyatlarla zəngin olan Qarabağ və Şərqi Zəngəzur həm də ekstremal turizm, aqroturizm, "yaşıl turizm" üçün perspektivlidir. Bütün bunlar turizmin inkişafı üçün geniş imkan yaradır. Laçın, Xocavənd, Tuğ, Hadrut, Suqovuşan…Bir sözlə, bu yerlərin hər tərəfinin özünəməxsus turizm potensialı var. 
Ölkəmizin  qədim tarixə malik Qarabağının və Şərqi Zəngəzurunun mədəni və dini abidələri,  meşələri və dağları, bulaqları və çayları, flora və faunası, qalaları və körpüləri, mətbəxi  getdikcə turistlərə daha çox gəl-gəl deyəcək. Yaxın  bir neçə ildə daxili və xarici turistlər nəzərə alınmaqla  bu regionların  1 milyon qonağı qəbul edəcəyi gözlənilir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video