03 Fevral 2022 02:13
5079
CƏMİYYƏT
A- A+
1902-ci il Şamaxı zəlzələsi...

1902-ci il Şamaxı zəlzələsi...

 

Bu hadisə fəlakət və tələfatlarla nəticələndi

 

Azərbaycanda güclü zəlzələ ocaqları çoxdur. Şamaxı şəhəri və ətraf regionlar ölkəmizin ən seysmoaktiv zonalarından hesab edilir. Bu gün məlum olan ən qədim Şamaxı zəlzələsi 1192-ci ildə baş verib. Şamaxı bölgəsində ən güclü zəlzələlər 1667, 1859, 1872 və 1902-ci illərdə olub. Zəlzələlər Şamaxını yerləyeksan edib, minlərlə insan həyatını itirib.

Məlumata görə, 1806-1902-ci illər ərzində bu şəhərdə 9 güclü zəlzələ olub. Ən dəhşətlisi 1859-cu il dekabrın 2-də baş verib. Təbii fəlakət nəticəsində şəhər tamamilə dağıldığından Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb. Quberniyanın adı da Bakı quberniyası olaraq dəyişdirilib. Zəlzələdən bir il sonra burada tədqiqat aparan dünya şöhrətli geoloq German Abix ərazidə daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi ehtimalını söyləyib. Çarizmin müvafiq idarələrinin səlahiyyətliləri xəbərdarlıqlara əhəmiyyət verməyib. Şamaxı şəhərində tikinti işləri genişlənib, əhalinin sayı artıb.

1667-ci il noyabrın 25-də Şamaxını sarsıdan təbii fəlakət zamanı şəhərin üçdəbiri dağılıb. 6,9 bal gücündə olduğu təxmin edilən həmin zəlzələ barəsində məşhur holland səyyahı Jan Streysin “Üç səyahət” kitabında yazıb: “Bu ölkədə zəlzələ tez-tez olur və bizim orada keçirdiyimiz 1 il ərzində bir neçə dəfə baş verdi. Ancaq 1667-ci il zəlzələsi tarix yaranandan ən güclüsü sayılır. O, düz 3 ay davam edib və əvvəli çox güclü olub. Bütün şəhər özülünə qədər silkələnib, təkcə kilsə və qüllələr yox, evlər və şəhər xəndəyi də dağılıb. Bütün bunlar o qədər tez baş verib ki, heç kəs qaçaraq canını qurtara bilməyib. Hesablamalara görə, dəhşətli dağıntılarda əli silah tuta bilən 80 mindən çox kişi həlak olub. Həlak olan qadın, uşaq və qulların sayı isə məlum deyil. Fəlakət təkcə Şamaxını yox, ətraf əraziləri də əhatə edib, sərt qayalar ayrılıb, bir çox kənd əmələ gələn boşluqlara yuvarlanıb. Hətta gəliş-gediş yolları da o qədər bərbad vəziyyətə düşüb ki, karvanlar dolanbac yollarla hərəkət etməli olub. Zəlzələ gecə-gündüz davam edərək elə böyük dağıntılar yaradıb ki, şəhərdən kənarda yaşayan xristianlar və müsəlmanlar dünyanın sonunun gəldiyini fərz ediblər”.

Şamaxı bölgəsində güclü zəlzələlərdən biri də 1872-ci ildə baş verib. Zəlzələ zamanı şəhərdə çoxlu evlər dağılıb, yüzlərlə insan həlak olub. 1872-ci ildə baş verən Şamaxı zəlzələsini tədqiq edən Q.Q.Tsulukidze ərazidə müşahidə etdiyi şimal-qərbdən cənubi-şərqə doğru uzanan çatları bölgənin seysmikliyi ilə əlaqələndirib.

1902-ci ilin 31 yanvarında, günorta saat 12:50 dəqiqədə Şamaxı yenidən güclü zəlzələ ilə silkələnib. Şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılıb, minlərlə insan həyatını itirib. Qeyd edək ki, 1897-ci ilin siyahıya alınmasına görə, həmin vaxt Şamaxı əhalisinin sayı 20 min nəfərdən çox idi.

Səhəri gün Bakı qubernatorunun səlahiyyətlərini icra edən vitse-qubernator Liliyevə Şamaxıdan göndərilən teleqramda yazılıb: “Günün birinci yarısında tayı-bərabəri olmayan zəlzələ şəhərin yarısını xarabalığa çevirdi. İnsan tələfatı var. Bazar yanır”.

Fəlakətin miqyası geniş və dəhşətli olub. Belə ki, zəlzələ Şamaxı şəhəri ilə yanaşı, ətraf 125 kəndi də əhatə edib. Evlər, məktəblər, hamamlar, 40 məscid və 12 kilsə də dağılıb, xeyli sayda sakin dağıntıların altında qalıb.

Zəlzələdən sonra Şamaxıya gələn alimlər - Şahqulu Mirzə və Ter-Mikailov dağıntıların miqyasının böyüklüyünü iki əsas səbəblə əlaqələndiriblər. Birinci səbəb şəhərin məsaməli və sulu qruntun üzərində yerləşməsi idi. İkincisi, şamaxılılar evlərini zəif gilli məhlulla yerli daşlardan tikir, evin yastı damı isə çox ağır olurdu. Buna görə evləri daşdan yox, odundan tikmiş xristianların yaşadığı hissələrdə dağıntılar nisbətən az olub.

Şamaxı zəlzələsi barədə məlumatlar dövrün mətbu orqanlarında əksini tapıb. Zəlzələnin səhəri gün “Novosti dnya” qəzetində yazılıb: “Teleqraf məlumatlarına görə, Şamaxının bütün əhalisi zəlzələdən həlak olub. Başqa təfərrüatlar yoxdur”. Fevralın 2-də isə qəzetdə bildirilib: “Olduqca çox insan tələfatı var. Məscidlər, kilsələr, xəzinə idarəsi, türmə dağılıb. 25 min adam evsiz və çörəksiz qalıb”.

Fevralın 3-də “Kaspi” qəzetində yazılıb: “Şəhərin aşağı və orta hissəsi, yəni tatarlar yaşayan hissələr torpaqla bir olub. Bütün tikililər minlərlə adamı udmuş xarabalıqlara dönüb. Hər şey - məktəblər, məscidlər, o cümlədən əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış Cümə məscidi, hamamlar, birmərtəbəli və ikimərtəbəli evlər, varlıların və yoxsulların evləri - hamısı zəlzələyə qurban gedib. 12 hamamın xarabaları altında çoxlu qadın qalıb. Yanvarın 31-i cümə axşamı günüydü və həmin gün hamamlarda qadınların yuyunmaq növbəsi idi... Rus-tatar məktəbi uçub. Şamaxının yuxarı hissəsi - erməni məhəlləsi də dağılıb və cəmisi 30-40 ev salamat qalıb. Pravoslav kilsəsi, kazarmalar, xəzinədarlıq binası dağılıb, türmə və qəza idarəsinin binası zədələnib. Bu hissədə küçələr enli olduğundan ölənlər azdır. 30 erməninin və 200 müsəlmanın cəsədləri çıxarılıb. Hesablamalara görə, uçqunların altında hələ 2 min adam qalmaqdadır”.

Fevalın 4-də Bakıdan Şamaxıya 100-dən çox dəvə ilə yardım gətirilib. Ərzaq, çadır, yorğan-döşək və paltar yüklənmiş 80 araba da vardı. Yardımın təşkilində Hacı Zeynalabdin Tağıyevin rolu böyük idi. Qəzetlər yazırdı ki, Tağıyev Şamaxı zəlzələsi xəbərini eşidən kimi kontorunda iclas çağırıb. Zəlzələdən zərər çəkənlərə yardım komitəsi yaradılıb: “Az bir vaxtda 122 min 912 manat pul və çoxlu başqa şeylər cəm edildi”.

Zəlzələdən 9 gün sonra dağıntıların altından 6 yaşlı Ümmü adlı qız salamat çıxıb. Ancaq ümidlər getdikcə bitirdi. Fevralın 12-də “Aşqabad” qəzeti yazıb: “Kim ki taqətdən düşməyib, panika içində artıq faktik mövcud olmayan şəhəri tərk edirdi. Şəhərdə cəsəd qoxusu yayılıb. Ölülər dirilər üçün təhlükəyə çevrilib və dəfn olunmalarını tələb edir”.

Fevralın 18-də “New York Times” Şamaxı zəlzələsi barədə xəbər verib: “Bakıya ötən həftə 70 mil aralıdakı Şamaxıda baş vermiş zəlzələnin təfərrüatları tədricən gəlib çatır; əksəriyyəti qadınlar və uşaqlar olmaqla 2000-dən çox adam həlak olub, 4000 ev dağılıb... Şamaxıdan şərqdə yerləşən Mərəzə kəndində vulkan puskürməyə başlayıb və bu, ətrafdakıları daha çox dəhşətə salır”.

Manaf Süleymanov “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim” kitabında zəlzələni 11-12 yaşlı şahidin dilindən yazıb: “Zəlzələdən dağılan evlərin gurultusu, yerdən qalxan toz dumanı, azca ara sakitləşəndə adamların qışqırıq, ağlaşma səslərindən, ah və fəryadlardan az qalırdı adamın bağrı yarılsın. Məhəllələr yerləyeksan idi. Torpaq altında çoxlu adam qalmışdı, ölən və yaralanan da çox idi. Salamat qalanlar canlarını götürüb şəhərdən qaçırdı. Çox çətinliklə çadır, alaçıq qururdular. Tonqal qalayıb azyaşlı uşaqları dövrələmə oturdurdular. Adamlar əllərində bel, külüng torpaq altında qalanları xilas edirdi. Ətraf kəndlərdən köməyə xeyli adam gəlmişdi...”

Soyuq, şaxtalı qış günlərində evsiz qalan şamaxılılar qonşu ərazilərə və Bakıya sığınıblar. Həyat tədricən məcrasına düşüb. Zəlzələ xofu unudulmağa başlayıb. Zəlzələdən sonra şamaxılılara köçüb getmək təklif olunub. Ancaq əvvəlki dağıdıcı zəlzələlər də onları doğma yurdlarından ayrı sala bilməmişdi. Yenə də ata-baba yurdlarına bağlı şamaxılıların əksəriyyəti nə qədər ağır olsa da, burada yenidən ev tikib yaşamağa üstünlük veriblər...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Mərakeş müdafiə sahəsində hərbi əməkdaşlıq edəcək  

11:45
27 Dekabr

Hərbi xidmətə çağırışla bağlı yaş həddi 35-dən 30-a endirildi

11:43
27 Dekabr

Özbəkistanla sosial əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub  

11:42
27 Dekabr

Təyyarə qəzasında həlak olan Cəlilabad rayon sakini dəfn olunub

11:41
27 Dekabr

Azərbaycan və Maldiv arasında viza rejimi ləğvi edilir

11:38
27 Dekabr

Söyüdlü qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşir

11:32
27 Dekabr

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

11:17
27 Dekabr

Ağdam Sənaye Parkına rezidentlər tərəfindən 95 milyon manata yaxın investisiya yatırılıb

10:57
27 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilir

10:53
27 Dekabr

Dekabr ayının bütün sosial ödənişləri yekunlaşıb

10:41
27 Dekabr

Fatih Terim Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi olub

09:52
27 Dekabr

ABŞ-da avtomobildə dörd yaşlı uşaq güllələnib

09:41
27 Dekabr

Azərbaycanın Mərakeşdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

09:39
27 Dekabr

QAİ: Fransalı deputat Ermənistan mətbuatında sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib

09:37
27 Dekabr

Dərmanlardan düzgün istifadə edilməlidir

08:30
27 Dekabr

Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir

08:25
27 Dekabr

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müəllifi İlham Əliyevdir

08:20
27 Dekabr

Milli həmrəylik xalqımızın ali mənəvi dəyərlərindən biridir

08:17
27 Dekabr

Cinayət işinin istintaqı ilə bağlı müxtəlif versiyalar irəli sürülür

08:15
27 Dekabr

Qəza ilə bağlı vacib olan bütün tədbirlər həyata keçirilir

08:10
27 Dekabr

Sonadək peşəkarlıq, təmkin və qəhrəmanlıq göstərənlər

08:05
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!