Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı Enerji Həftəsi"nin rəsmi açılışındakı geniş nitqi ölkəmizin bu günə qədər keçdiyi zəngin inkişaf yolunu, qlobal miqyasda qazanılan uğurları və perspektiv hədəfləri beynəlxalq birliyin diqqətinə bir daha təqdim etdi. Vaxtilə lokal xarakterli Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma hazırda qlobal enerji gündəminin müəyyənləşdirildiyi ən nüfuzlu beynəlxalq forumlardan birinə çevrilib. Məhz Azərbaycan rəhbərliyinin düşünül-müş enerji strategiyası ölkəmizin siyasi-iqtisadi baxımdan güclənməsinə, makroiqtisadi sıçrayışa və beynəlxalq arenadakı çəkisinin artmasına zəmin yaratdı.
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini Arzu ABDULLAYEV deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi nəhəng transmilli infrastruktur layihələri birbaşa Azərbaycanın strateji təşəbbüsü, dövlətimizin başçısının siyasi iradəsi və liderliyi sayəsində həyata vəsiqə qazanıb: "Hazırda "Cənub qaz dəhlizi"nin geniş imkanları sayəsində Azərbaycanın mavi qazı 16 müxtəlif ölkəyə uğurla nəql olunur ki, onların da 10-u birbaşa Avropa İttifaqının üzvləridir. Bu göstərici Azərbaycanın Avropa qitəsinin enerji təhlükəsizliyində əvəzsiz rolunu aydın nümayiş etdirir. Xüsusilə indiki geosiyasi gərginliklər və qlobal bazarlardakı qeyri-sabitlik fonunda ölkəmiz etibarlı tərəfdaş imicini tam mənada möhkəmləndirib. İxrac coğrafiyamız durmadan genişlənir, yeni resurs mənbələrinin dövriyyəyə buraxılması isə gələcək potensialımızı daha da artıracaq".
Arzu Abdullayev vurğulayıb ki, Azərbaycanın enerji sahəsində qazandığı uğurlar təkcə zəngin yataqlarla yox, həmçinin xarici siyasət kursu ilə birbaşa bağlıdır: "Bu gün Azərbaycan reallaşdırdığı layihələr vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını ortaq maraqlar ətrafında birləşdirən nəhəng əməkdaşlıq arxitekturası qurub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu regional əməkdaşlıq formatlarının əsas ideya müəllifi və hərəkətverici qüvvəsi məhz Azərbaycandır".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini diqqətə çatdırıb ki, "Bakı Enerji Həftəsi"ndə Prezident İlham Əliyevin toxunduğu digər mühüm məqamlardan bir də Zəngəzur dəhlizi (TRIPP) ilə bağlıdır: "Dövlətimizin başçısı xüsusi olaraq vurğulayır ki, yaradılan infrastruktur yalnız yükdaşımalar və tranzit maraqlarına xidmət etmir. Nəqliyyat xətləri, o cümlədən dəmir və avtomobil yolları regional inteqrasiyanın, siyasi sabitliyin və təhlükəsizliyin əsasını qoyur: "Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik". Çıxışın mühüm məqamı Zəngəzur dəhlizinin inşası və onun əsaslandığı sənədlə bağlıdır. Prezident İlham Əliyev bu dəhlizin reallaşmasını konkret hüquqi-siyasi çərçivəyə bağlayır: "Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir". Bu fakt göstərir ki, Zəngəzur dəhlizi (TRİPP) artıq hər iki tərəfin və beynəlxalq vasitəçilərin rəsmi olaraq öhdəlik götürdüyü, regionda davamlı sülhün və iqtisadi blokadanın aradan qaldırılmasının əsas şərti kimi qəbul edilən hüquqi layihədir".
A.Abdullayev deyib ki, layihənin əsas mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan strateji hədəflərindən birini reallığa çevirəcək: "Dəhliz vasitəsilə uzun illər blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikası ilə maneəsiz quru bağlantısı yaranacaq. Uzunluğu 42 kilometr olan Zəngəzur dəhlizinin açılması, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının təcriddən çıxmasını təmin edəcək və bölgənin sosial-iqtisadi inkişafına xüsusi təkan verəcək. Eyni zamanda Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Yeni yollar, dəmir yolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq".
Müsahibimizin qənaətincə, Zəngəzur dəhlizi Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasına şərait yaradacaq: "Cənubi Qafqazdan keçən həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin bir hissəsi olaraq Naxçıvan Muxtar Respublikası sənayesinin ixrac potensialının artmasına, inkişafına imkanlar yaradacaq. Naxçıvan Muxtar Respublikasında duz, polimetallik filizlər, mis, mərmər, qranit, bazalt, qızıl, gümüş yataqlarının işlənməsi və hasil olunan məhsulların ixracı da Zəngəzur dəhlizinin fəaliyyətindən asılı olacaq. Dolayısı ilə bu dəhliz muxtar respublikaya sərmayə axınını təmin edəcək ki, bu da büdcə gəlirlərinin artmasını, əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsini şərtləndirəcək".
Arzu Abdullayev əlavə edib ki, Azərbaycanın tranzit potensialından geniş istifadə edilməsində Zəngəzur dəhlizinin çox böyük əhəmiyyəti var və bu nəqliyyat sistemi təkcə Azərbaycanla Naxçıvanı, Azərbaycanla Türkiyəni deyil, həmçinin Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat sistemi olacaq: "Zəngəzur dəhlizi daha geniş anlamda yeni regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyacaq. Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun nəqliyyat xəritəsinə dəyişikliklər edəcək, bir çox ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək. Dəhlizin keçdiyi hər bir ölkənin tranzit ixrac imkanları artacaq, onların dünya iqtisadiyyatına daha geniş şəkildə inteqrasiyası baş verəcək. Zəngəzur dəhlizi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) ən mühüm halqası kimi Çindən gələn yüklərin Avropaya daşınma müddətini ənənəvi dəniz yolu ilə müqayisədə 30-35 gündən 12-15 günə qədər azaldır. Süveyş kanalında və Qırmızı dənizdə yaşanan son geosiyasi böhranlar fonunda bu quru marşrutu qlobal təchizat zəncirinin kəsilməməsi üçün ən təhlükəsiz alternativlərdən biridir. Zəngəzur dəhlizinin tamamlayıcısı olaraq Türkiyə tərəfindən inşası planlaşdırılan Qars-Iğdır-Naxçıvan dəmir yolu xətti Azərbaycanın əsas hissəsindən gələn qatarların birbaşa olaraq Türkiyənin daxili dəmir yolu şəbəkəsinə və oradan Avropaya çıxışını təmin edəcək. Bu, Naxçıvanı sadəcə son məntəqə deyil, qlobal bir kəsişmə nöqtəsi edir".
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"