Yaxın beş il ərzində dünyada təxminən 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Marlinix” şirkətinin baş icraçı direktoru Mahir Yüksel Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda deyib. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı ilə yanaşı, insan amili hələ də kibertəhlükəsizlik sahəsində ən böyük risk olaraq qalır. Çünki kibertəhlükəsizlik insidentlərinin əsas səbəblərindən biri insan səhvləri və mövcud zəifliklərdir.
M.Yüksel bildirib ki, süni intellektin kibercinayətlərdə istifadəsi nəticəsində dünya üzrə kiberhücumların orta maliyyə dəyəri 4,9 milyon dollara yüksəlib. O qeyd edib ki, “prompt injection”, “adversarial” hücumlar və təchizat zəncirinə yönəlmiş hücumlar süni intellekt sistemlərinin qarşılaşdığı əsas təhdidlər sırasındadır.
Baş icraçı direktor vurğulayıb ki, böyük dil modelləri (LLM), kompüter görməsi (Computer Vision) və gücləndirici öyrənmə (Reinforcement Learning) texnologiyaları tibb, təhsil, hüquq, nəqliyyat və iqlim modelləşdirilməsi kimi sahələrdə geniş imkanlar yaratmaqla yanaşı, kibercinayətkarlar, dezinformasiya kampaniyaları və hərbi məqsədlər üçün də istifadə oluna bilər. M.Yüksel qeyd edib ki, süni intellektin tənzimlənməsi istiqamətində ən sərt qaydalar hazırda Avropa İttifaqında tətbiq edilir. Bununla belə dünyada bu sahədə yetərli normativ-hüquqi baza formalaşdıran ölkələrin sayı hələ də məhduddur.
O əlavə edib ki, generativ süni intellekt alətləri texniki bilikləri məhdud olan şəxslərə belə zərərli proqram təminatı hazırlamaq, istismar kodları (exploit) yazmaq və sistemlərə hücum etmək imkanları yaradır ki, bu da kibertəhlükəsizlik sahəsində yeni çağırışlar formalaşdırır.