05 Iyul 2024 09:35
1175
Səhiyyə
A- A+

Yayda gözlərimizi necə qoruyaq?

 

İsti havası və günəş şüaları ilə əhvalımızı xoş edən yay fəsli müəyyən səhhət problemlərinə də səbəb ola bilər. Günəşin faydalarına baxmayaraq, zərərli təsirləri də mövcuddur.
Yayda yerə çatan günəş radiasiyasının miqdarı qışda olduğundan üç dəfə çoxdur. Ultrabənövşəyi şüalara qarşı ən həssas olan orqanımız gözlərimizdir. Həddindən artıq günəş şüalarına məruzqalma nəticəsində gözlər zədələnə bilər. Buna görə də qızmar aylarda göz sağlamlığına xüsusi diqqət edilməlidir.

 

İsti havalarda üzləşdiyimiz problemlərdən biri də göz quruluğudur

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-oftalmoloq Ülkər Həsənova bildirib ki, yayda daha çox virus, allergik və bakterial mənşəli konyuktivitlərə, quru göz sindromuna rast gəlinir: "Ən çox yayılan göz xəstəliyi olan konyuktivit gözün konyuktiva qişasının iltihablı xəstəliyidir. Konyuktivitlə yaz-yay aylarında daha çox rastlaşırıq. Bunun səbəbi günəş şüalarının artması və insanların təbiətdə daha çox olması ilə əlaqədardır. Günəş şüaları, qum və külək konyuktivitin birbaşa səbəbləridir. Xəstəliyin simptomları göz qapaqlarında şişkinlik, qızartı, qaşınma, yanma, sulanma və selikli ifrazatdır. Bu zaman insanlarda tez-tez gözlərini ovmaq istəyi, işığa qarşı həssaslıq yaranır. Açıq havada, günəş şüalarına uzun müddət birbaşa məruz qalan işçilər, göz əməliyyatı olmuş xəstələr, həmçinin yaşlı, hamilə, körpə, xroniki xəstəliyi və  ultrabənövşəyi şüalara allergiyası olanlar risk qrupuna daxildir".
Həkim-oftalmoloq deyib ki, konyuktivitə yoluxmuş xəstələrə gözlərinə toxunmamaq tövsiyə edilir. Belə ki, bu zaman gözə yeni infeksiya keçə, hətta mexaniki travma və astiqmatizm kimi daha ağır fəsadlar yarana bilər. Ü.Həsənovanın sözlərinə görə, gözü hər dəfə ovuşduranda onun ön hissəsində yerləşən buynuz qişa incəlməyə başlayır. Bu da gözün ön seqmentinin deformasiyasına və tədricən astiqmatizm yaranmasına səbəb olur. 
İsti havalarda üzləşdiyimiz problemlərdən digəri göz quruluğudur. Bu barədə danışan həkim bildirib ki, sağlam göz üçün müəyyən miqdarda göz yaşı lazımdır: "Göz yaşı təbəqəsi gözün ən kənar hissəsini əhatə edir və aydın görməni təmin edir. Bunun üçün mütəxəssislə məsləhətləşərək süni göz yaşları dediyimiz damcılardan istifadə etmək gərəkdir".

 

Keyfiyyətsiz eynəklər fəsadlara yol açır

 

Günəşli havalarda mütləq gün eynəyi, papaq və çətirlərdən istifadə edilməlidir. Bu barədə danışan  mütəxəssis bildirib ki, gün eynəkləri seçərkən bəzi məqamlara diqqət etməliyik: "Gün eynəkləri alarkən sertifikatlı eynəklərə üstünlük verilməlidir. Onların çərçivələri yüngül, şüşələri tünd olmalı, keyfiyyətli materialdan hazırlanmalıdır. Ucuz materialdan hazırlanmış eynəklər gözlərimizə zərər yetirməklə birlikdə üz dərisində allergik reaksiyalara səbəb ola bilər. Sarı və qırmızı rəngli şüşələrdən də mümkün qədər istifadə edilməməlidir. Bu eynəklər göz təzyiqinin artmasına, gözlərdə qızartı, ağrı və görmə yorğunluğuna səbəb olur. Gün eynəyi seçərkən onun qoruyuculuğuna xüsusi diqqət edilməlidir. Gözümüzü ultrabənövşəyi şüalardan qorumaq üçün eynək şüşələrinin qoruyuculuq filtri yüksək, minimum isə 50 faiz olmalıdır. Atmosferin azon qatında incəlmə və dəliklər olduğu üçün o, bizi ultrabənövşəyi şüalardan qoruya bilmir. Buna görə də günəşli havalarda gün eynəklərinin istifadəsi mütləqdir".
Həkim-oftalmoloqun sözlərinə görə,  uşaqlara 3-4 yaşdan etibarən göz eynəyi taxmaq tövsiyə olunur: "Lap körpə yaşında uşaqların gün eynəyi taxmasına ehtiyac yoxdur. Azyaşlılar gün eynəklərini uzun müddət taxa bilmədikləri üçün digər zamanlarda şlyapa və papaqlardan istifadə etməlidirlər. İsti havalarda hovuzlardan da çox istifadə olunur. Suyun təmizliyi üçün istifadə olunan kimyəvi maddələr göz allergiyalarına səbəb olduğu üçün yaşından asılı olmayaraq, hər kəs hovuza girərkən su eynəklərindən istifadə etməlidir". 

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video