23 İyul 2024 12:52
438
İDMAN
A- A+
XXXIII Yay Olimpiya Oyunlarında tək hədəf - Azərbaycan idmançıları Parisin fəthinə hazırdır - SORĞU

XXXIII Yay Olimpiya Oyunlarında tək hədəf - Azərbaycan idmançıları Parisin fəthinə hazırdır - SORĞU

 

Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi 15 idman növü üzrə 48 idmançı 17 proqramda təmsil edəcək.

“Report” Paris-2024-də çıxış edəcək idmançılardan gözləntilərlə bağlı onların təmsil olunduqları federasiyalara sorğu göndərib.

Federasiya rəsmiləri hansı əyarda və nə qədər medala ümid etdiklərini açıqlayıblar.

 

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev:

"Bildiyiniz kimi, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan idmanı tarixində ilk dəfə badmintonda 2 iştirakçı ilə təmsil olunacağıq. Tarixdə ilk dəfə qadın badmintonçuların şəxsi yarışında Azərbaycan idmançısı yer alıb. Bu artıq bizim üçün uğurlu nəticə sayıla bilər. Həm Edi Reski Dviçayo, həm də Keişa Fatimə Zəhranın qrupda hansı rəqiblərlə qarşılaşacağı artıq məlumdur. Edinin mübarizə aparacağı İ qrupunda dünya çempionatlarının gümüş və bürünc medalçısı, Danimarka badmintonçusu Anders Antonsen kimi güclü rəqib var. Keişa isə kifayət qədər beynəlxalq təcrübəyə malik Böyük Britaniya və Çin badmintonçuları ilə yarışacaq. Sevindirci haldır ki, Keişa Fatimə Zəhra qadın badmintonçular arasında 3 ən gənc idmançıdan biridir. İnanırıq ki, təmsilçilərimiz qrup mərhələsi görüşlərində layiqli çıxış edəcəklər".

 

Bədii gimnastika

Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

 

Batut gimnastikası

Selcan Mahsudova

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədova:

“Ölkəmiz 2004-cü ildən etibarən bədii gimnastika üzrə fərdi proqramda bütün Yay Olimpiya Oyunlarında təmsil olunub. Qrup hərəkətləri proqramında isə artıq Paris-2024 bizim çıxış edəcəyimiz 3-cü olimpiada olacaq. Buna qədər 2008-ci ildə Pekində, 2021-ci ildə Tokioda keçirilən olimpiadada təmsil olunmuşuq. Qrup hərəkətləri komandamızın üzvləri bu ilin mayında Budapeştdə keçirilmiş lisenziya oynanılan son yarışda – Avropa çempionatında şanslarından məharətlə istifadə edərək olimpiadaya vəsiqə qazandılar. Qrup hərəkətləri komandamız kifayət qədər təcrübəlidir, zaman-zaman heyətdə dəyişikliklər olsa da, qızların hər birinin yetərincə təcrübəsi var. Onlar dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionudurlar. Qrup hərəkətləri komandamız olimpiadanın məsuliyyətini tam hiss edir. Keçirilən yoxlama məşqləri zamanı onların hazırlığını müşahidə edirik, son hazırlıqlarını böyük səylə həyata keçirirlər.
Bu il fərdi proqramda bizi Zöhrə Ağamirova təmsil edəcək. Bu onun ikinci olimpiadası olacaq. Zöhrə Tokio-2020-də də çıxış edib.
Batut gimnastikası üzrə tariximizdə ilk dəfə olimpiadada təmsil olunacağıq. 10 il bundan əvvəl batut gimnastikasında ilk addımlarımızı atmışıq. Sevindirici haldır ki, Selcan Mahsudova 10 il ərzində bu növ üzrə peşəkar idmançı kimi yetişib və Olimpiya Oyunlarında bizi layiqincə təmsil edə biləcək potensiala malikdir. O, rəqibləri ilə müqayisədə daha gəncdir, lakin FIG Kubokunun, yəni Dünya Kuboku seriyasının qalibi, eləcə də bir çox beynəlxalq yarışların mükafatçısıdır. Amma unutmayaq ki, bu, idmandır və öncədən proqnoz vermək çox çətindir. İdmançının fiziki və psixoloji hazırlığı nə qədər güclü olsa belə, nəzərə almalıyıq ki, şans da həlledici rol oynayır. Ən əsası, istəyimiz odur ki, idmançılarımız nəyə qadir olduqlarını nümayiş etdirsinlər. Olimpiadada ölkəmizi təmsil edəcək bütün idmançılarımıza, eləcə də gimnastlarımıza uğurlar arzu edirik”.

 

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)

 

Qadın güləşi

Mariya Stadnik (50 kq)

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov:

"Bildiyiniz kimi, yunan-Roma güləşi üzrə millimiz Paris olimpiasına 5 lisenziya qazanıb. Yalnız 97 kq-da lisenziya olmadı. Ancaq lisenziya qazanan idmançılar kifayət qədər təcrübəli və nəticə vermiş güləşçilərdir. Son illərin statistikasına baxsaq, görərik ki, yunan-Roma güləşi üzrə millimiz dünyanın ən güclü komandalarından biridir. Ötən il komanda hesabında dünya çempionu olduq. Bu da olimpiadada yaxşı nəticə qazanmağa ümid verir. Ayrı-ayrılıqda proqnoz vermək istəmirəm. Ümumilikdə deyə bilərəm ki, medallarımız olacaq. Söhbət qızıl medaldan gedirsə, bunun üçün idman xoşbəxtliyi də lazımdır. Bu, qismətdi. Çox istərdim ki, olimpiya çempionumuz olsun. Bir yox, bir neçə çempion istərdim. 60, 67 və 77 kq-da qızıl medal şanslarımız yüksəkdir. Ancaq idmanda proqnoz vermək olmur. Digər güləşçilərimiz də olimpiya çempionu olmağa layiqdirlər. Hər bir milli üzvü öz üzərində yetərincə çalışır. İnanıram ki, yunan-Roma güləşçilərimiz yaxşı nəticələr göstərəcək".

 

Atletika

Anna Skidan (çəkicatma)

Azərbaycan atletika millisinin baş məşqçisi Hakim İbrahimov:

“Anna Skidan yaxşı hazırlıq keçib. Əlavə təlim-məşq toplanışına ehtiyac olmadı. Şəxsi nəticəsini göstərəcəksə, medal qazanmaq şansı olacaq. Olimpiya Oyunlarında psixoloji durum və sair idmançıya təsir edən faktorlardır. Şəxsi nəticəsini göstərə bilməyəcəksə, gözləntilərimiz yalnız final ola bilər. Ən azı finala çıxacağını gözləyirik”.

 

Boks

Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov:

“Hazırlıqlar yüksək səviyyədədir. Komanda sonuncu toplanışı bir neçə kollektivlə birlikdə Almaniyada keçib. Ümid edirik ki, nəticələr ürəkaçan olacaq. Komandamızın hər bir üzvündən medal gözləyirik. Düzdür, proqnoz vermək çətindir. Çünki rəqib idmançıların hazırlıq səviyyəsi haqqında çox məlumatımız yoxdur”.

 

Taekvondo

Qaşım Maqomedov (58 kq)

Azərbaycan Taekvondo Federasiyasının yığmalarla iş üzrə vitse-prezidenti Niyaməddin Paşayev:

“Qaşım Maqomedov olimpiadaya lisenziya qazanandan sonra ölkə xaricində üç dəfə təlim-məşq toplanışı keçib və bir neçə beynəlxalq yarışda iştirak edib. Hazırda Paris-2024-ə son hazırlıqlarını davam etdirir. Avqustun 2-də Parisə yola düşəcək. Ayın 7-də isə mübarizəyə başlayacaq. 58 kq-da yarışan rəqiblərlə müqayisə etdikdə idmançımızın qızıl medal qazanmaq şansı çox böyükdür. Əlbəttə, istəyərdik ki, Azərbaycana qızıl medalla qayıtsın. Düzdür, bu idmandır. Lakin o, hər üç əyarda medal qazanmaq potensialına malikdir. Uğurlu nəticə göstərəcəyinə inanırıq".

 

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov:

“Olimpiadada idmançılardan həmişə medal gözlənilir. Olimpiya Oyunları sürprizlərlə doludur. Amma Ruslan Lunyov həm Avropa, həm də dünya səviyyəsində kifayət qədər güclü, medallar qazanmış idmançıdır. Ümid edirik ki, olimpiadada yaxşı çıxış edəcək. Düzdür, bütün rəqiblər güclüdür, hazırlaşırlar. Hazırlıqlar normal keçib. Almaniyada və Estoniyada keçirilmiş Avropa Kubokunda iştirak edib. Hətta Estoniyada birinci yeri tutub”.

 

3x3 basketbol

Qadın yığması

Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov:

“3x3 basketbolda favorit yoxdur. İstənilən sürpriz ola bilər. Digərləri kimi, bizim komanda da medal uğrunda mübarizə aparacaq. Buna çox böyük ümidimiz var. Hazırlıqlara gəlincə, son vaxtlar iki oyunçumuzda zədə oldu. Komanda Serbiyanın Novi Sad şəhərindədir. Yaxın günlərdə daha bir əsas oyunçu da komandaya qatılacaq. Şükür ki, zədəlilərin durumu yaxşıdır, olimpiadaya qədər tam sağalacaqlar”.

 

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev:

“Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenkonun 4 illiyin zirvə yarışına hazırlığı davam edir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmançımız həm lisenziya qazandığı yarışlara, həm də olimpiadaya fərdi proqram əsasında yüksək səviyyəli hazırlıq prosesi keçib.
Şanslara gəlincə, Dımçenko bu idman növündə liderlər arasındadır və bu günə qədər əldə etdiyi nailiyyətlər onun Paris-2024-də medal qazanmaq imkanlarının çox yüksək olduğunu deməyə əsas verir”.

 

Triatlon

Rostislav Pevtsov

Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə:

“Rostislav Pevtsov artıq üçüncü dəfədir ölkəmizi olimpiadada təmsil edir. Təcrübəli idmançıdır. Ümidlərimiz böyükdür, medalla qayıtmasını çox istəyirik. Hazırlığı İspaniyada keçib. Yaxşı təlim-məşq toplanışı uğurun yarısıdır. Olimpiya Oyunlarına ciddi hazırlaşıb. Ümid edirik ki, yaxşı nəticə qazanıb, idman camiəsini sevindirərik”.

 

Qılıncoynatma

Anna Başta (sablya)

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov:

"Bildiyiniz kimi, qılıncoynatmanın sablya növü üzrə qadın idmançımız Anna Başta ardıcıl olaraq ikinci dəfə 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb. Bu olimpiadada həmçinin qadın sablyaçıların komanda yarışında da təmsil olunmaq şansları var idi. Lakin millimizin liderlərindən olan Anna Baştanın zədəsi həm komandada, həm də şəxsi çıxışına mənfi təsir göstərdi. Olimpiadada rəqabət çox güclü olacaq. Burada olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionatlarının qızıl medalçısı olan ukraynalı sablyaçı Olqa Xarlan kimi favoritlər var. Üstəlik, reytinqdə ilk sıralarda yer alan ev sahibi Fransanın qadın sablyaçıları da öz vətənlərində medallara iddialıdırlar. Anna iyulun 29-da mübarizə aparacaq. Ən güclülər sırasında yer almaq özü də uğurdur. Püşkatma zamanı onun hansı rəqiblə qarşılaşacağı bəlli olacaq. İdmançımız mübarizəyə ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçiriləcək görüşlə başlayacaq. Ölkə xaricində təlim-məşq toplanışında olan Başta olimpiadaya hazırlığını davam etdirir".

 

Kamandan oxatma

Yaylagül Ramazanova

Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev:

"Məlum olduğu kimi, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına Kamandan Oxatma Federasiyasından lisenziyanı Yaylagül Ramazanova təmin edib. O, bu mötəbər yarışa vəsiqəni Türkiyənin Antalya şəhərində baş tutan oxatma üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat Turnirində bütün rəqiblərini üstələyərək qazanıb. Bütün bunlar milli üzvünün yarışlarda birinci olacağına dair əminliyimizi artırır. İdmançımızın Parisdən vətənə qızıl medalla dönəcəyinə ümidimiz böyükdür. Xatırladım ki, Yaylagül idman tariximizdə kamandan oxatma üzrə lisenziya qazanan ilk azərbaycanlıdır. O, olimpiadada qızıl medal qazanmağı qarşısına məqsəd qoymaqla kamandan oxatmada daha bir ilkə imza atmağı hədəfləyir. Sözsüz ki, olimpiadada ölkəmizi 15 idman növü üzrə təmsil edəcək bütün idmançılarımızdan yüksək nəticə gözləyirik və başda Y.Ramazanova olmaqla, hər birinə uğurlar arzulayırıq".

 

Üzgüçülük

Məryəm Şeyxəlizadəxangah
Ramil Vəlizadə

Azərbaycan Üzgüçülük Federasiyasınım vitse-prezidenti Tamerlan Abdullazadə:

“Olimpiya Oyunları idman tədbirləri arasında ən mötəbər və çətin olanıdır. Buraya lisenziya qazanmaq özü ayrılıqda bir uğurdur. Arzu edirəm və inanıram ki, bu olimpiadadan millimiz bol medallarla vətənə dönəcəklər. Dünyada yaşayan milyonlarla soydaşımızın ürəyi Parisdə əzmkar mübarizə göstərəcək 48 nəfərlə döyünəcək. Son illər ərzində idmanın bütün növlərinin sürətli inkişafını əyani şəkildə müşahidə etmək mümkündür. Üzgüçülərimiz Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah həm psixoloji, həm də fiziki cəhətdən hazırdırlar. Ramil 5 aydan çoxdur ki, Macarıstanda fərdi qaydada olimpiadaya hazırlaşıb. Düşünürəm ki, bu platformada çıxış etmək onların təcrübəsinin artması baxımından çox əhəmiyyətlidir. Bütün idmançılarımıza bol uğur və medallı, zədəsiz, ədalətli Olimpiya Oyunları arzulayıram”.

 

Cüdo

Balabəy Ağayev (60 kq)
Yaşar Nəcəfov (66 kq)
Hidayət Heydərov (73 kq)
Zelim Tçkayev (81 kq)
Elcan Hacıyev (90 kq)
Zelim Kotsoyev (100 kq)
Uşanqi Kokauri (+100 kq)
Leyla Əliyeva (48 kq)
Gültac Məmmədəliyeva (52 kq)

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rəşad Rəsullu:

“Komandanın olimpiadaya hazırlığı üçün dövlətimiz, Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən hər cür şərait yaradılıb. İdmançılar həm ölkə daxilində, həm də xaricdə təlim-məşq toplanışında olublar. Cüdoçulara dəstək məqsədilə federasiyaya ən yüksək səviyyəli mütəxəssislər - psixoloq, reablitoloq, performans təhlilçisi və sair cəlb olunub. İdmançılarımız Paris-2024-ə ən yüksək səviyyədə hazırlaşıblar. Təbii ki, nəticəni tatamidə görəcəyik. Ümid edirik ki, idmançılarımız bacarıqlarını tam şəkildə nümayiş etdirəcəklər. Hər birindən uğurlu çıxış etmək üçün əllərindən gələni edəcəklərini gözləyirəm. Heç kim Parisə turist kimi getmək istəmir”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!