Portuqaliyanın Kaşkayş şəhərində Olimpiya Komitələri Assosiasiyasının (ANOC) XXVII Baş Assambleyası öz işinə başlayıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan MOK-un baş katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edirlər.
Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell, BOK-un və ANOC-un rəsmi nümayəndələri çıxış ediblər.
BOK-un prezidenti Tomas Baxın çıxışından sonra Assambleyanın ilk günündə Olimpiya Komitələri Assosiasiyasının, Dünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, İndoneziya Olimpiya Komitəsinin, Qitə Assosiasiyalarının hesabatları dinlənilib və "Deloitte" və Şəhər Rəqəmsal İdarəetmə Mərkəzinin təqdimatı keçirilib. Daha sonra Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarının və 2028-ci ildə Amerikanın Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarını hesabatları iştirakçılara təqdim edilib.
Assambleyanın növbəti günlərində Olimpiya Komitələri Assosiasiyasının, Beynəlxalq Dünya Oyunları Assosiasiyasının, İdman Arbitraj Məhkəməsinin, Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2026-cı ildə İtaliyanın Milano-Kartino şəhərində keçiriləcək XXV Qış Olimpiya Oyunlarının və Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək IV Yeniyetmələrin Olimpiya Oyunlarının hesabatları da gündəliyə salınıb. Beynəlxalq Olimpiya Komitəsinin İdarə heyətindəki yeniliklər, MOK-larla olan münasibətlərin təkmilləşməsi, ANOC-un yeni strateji planı, XXVII Baş Assambleyasının qərarları, növbəti XXVIII Baş Assambleya, İnkişaf edən Olimpiya Proqramı: MOK-ların prespektivliyi, Təhlükəsiz idman üçün effektiv strategiyalar, Olimpiya Aİ Gündəliyi: MOK-lar üçün Aİ-nin gələcəyi haqqında mövzularda müzakirələr də nəzərdə tutulub.
ANOC-un XXVII Baş Assambleyası öz işini noyabrın 1-də başa vuracaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”