Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə həmin qoşun növündə xidmət etmiş şəhidlərin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Hərbi Memorial Məzarlıqda keçirilən mərasim zamanı şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
Qəhrəman oğullarımızın məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad olunub. Onların ərazi bütövlüyümüz və suverenliyimizin bərpası naminə göstərdikləri misilsiz şücaətdən geniş bəhs edilib. Xüsusilə vurğulanıb ki, 30 ilə yaxın davam edən Vətən həsrətinə Azərbaycan Ordusunun mənsublarının böyük igidlik nümayiş etdirərək qazandığı şanlı Qələbə sayəsində son qoyulub. Hazırda keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri dönürlər. O torpaqlardan yenidən doğma səslər gəlir, həyat bərpa olunur. Azad olunmuş torpaqlara qayıdış həmin amal uğrunda canından keçən qəhrəmanların ruhunu şad edir. Çıxış edənlər Vətən övladlarının döyüş yolunun gənc nəsil üçün örnək olduğunu bildirib, onların xatirəsinin daim yaşadılacağını vurğulayıb və ruhları qarşısında ehtiramlarını ifadə ediblər.
Sonda ehsan mərasimi təşkil olunub.
Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş leytenantı Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva Şəhriyarın ailənin yeganə övladı olduğunu bildirərək deyib: “Ailənin tək övladının Xüsusi Təyinatlı Qüvvələr mənsubu olmasına icazə verilmir. Şəhriyar həmin qoşun növündə xidmət etmək üçün üç dəfə müraciət etmişdi. İki dəfə onu kənarlaşdırmışdılar. Üçüncü cəhddə - 2021-ci ilin yanvarında buna nail oldu. Şəhriyar 44 günlük Vətən müharibəsi zamanı Qazax rayonunda yerləşən hərbi hissələrin birində rabitəçi işləyirdi. Çox güclü rabitəçi idi. Könüllü olaraq XTQ qruplarına qoşularaq Xocavənd, Qubadlı, Şuşa, Kəlbəcər və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Müharibə dövründə Şəhriyardan xəbər çıxmırdı, hər yerdə onu axtarırdıq. Noyabrın 8-də mənə naməlum nömrədən zəng gəldi. Həmin an ağlıma hər cür ssenari gəldi, telefonu qorxa-qorxa açsam da oğlumun səsini eşidəndə sakitləşdim. Ondan harada olduğunu soruşanda “xarıbülbül olan yerdəyəm” dedi. İndi hər kəs onun Şuşadan çəkdiyi videoları paylaşır. Baxdıqca qürur duyuram...
Şəhriyarın doğum günü oktyabrın 25-i idi. Həmin gün də Qubadlı işğaldan azad edildi. 2020-ci il oktyabrın 25-də Qubadlının kəndlərindən birində olanda Şəhriyar deyib ki, Qubadlının azad olması mənim özümə olan ən böyük doğum günü hədiyyəmdir. O, 2022-ci ilin avqustunda “Qisas” əməliyyatında da iştirak edib. Yeganə övladım 2023-cü il martın 5-də Şuşa -Turşsu-Xəlfəli yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri növbəti təxribatın qarşısını alarkən şəhid olub. O, dostlarını qoruyaraq ən uca məqama yüksəlib”.
XTQ-nin şəhid çavuşu Hacıəli Qasımovun anası Mələk Vəlixanova oğul övladlarının əkiz olduğunu, hər ikisinin ərazi bütövlüyümüz və suverenliyimiz naminə döyüşlərdə iştirak etdiyini bildirib: “Hüseynəli və Hacıəli bir yerdə xidmət etdilər, Vətən müharibəsinin əvvəlindən axıra qədər birlikdə döyüşdülər. Hüseynəli Şuşada yaralanıb ordu sıralarından tərxis olundu, Hacıəli isə arzusunda olduğu xüsusi təyinatlı kimi Vətənin keşiyində dayanmağı seçdi. Hacıəli üç il XTQ mənsubu kimi xidmət etdi. 2023-cü ildə antiterror döyüşləri zamanı sentyabrın 19-da qolundan yaralansa da, döyüşü davam etdirib. Sentyabrın 21-də isə Xankəndi istiqamətində gedən döyüşlər zamanı snayperlə vurulub. 4 ay bir həftə komada qaldı. 2024-cü il yanvarın 28-də şəhadətə qovuşdu.
Antiterror döyüşləri zamanı görüntülü danışdıq. Yaralı olduğu üçün ondan təxliyə olmasını istədim. Dedi ki, ana mənim 12 əsgərim var. Sentyabrın 19-da bir əsgəri şəhid olmuşdu, o qədər sarsılmışdı ki, bununla necə barışacağını, necə yaşayacağını deyirdi. Yaralı olsa da dedi, ana, fəxr elə Xocalını aldıq. Qələbə bizimdir. Onunla qürur duyduğumu dedim, bildirdi ki, “mənimlə hər zaman fəxr edəcəksən”. Hər iki övladımla qürur duyuram: biri şəhiddir, biri isə qazi...”.
XTQ-nin şəhid kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov Həmidağanın ilk övladı olduğunu və 6 ildən sonra dünyaya gəldiyini bildirib: “Onun doğulması üçün o qədər nəzir-niyaz paylamışdıq ki... Gəlişi ilə ailəmizi bütövləşdirmişdi. Onun simasında nur, qədəmində bərəkət var idi. Özündən sonra qardaş-bacısı dünyaya gəldi. Həmidağa uşaqlıqdan seçilirdi torpağa olan sevgisi ilə seçilirdi. Düz 13 ilə yaxın Vətənə xidmət elədi. 2008-ci ildə Heydər Əliyev adına Hərbi İnstitutla başlayan yolu 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi davam etdirdi. Baş kəşfiyyatçı idi, kurslarda iştirak etmişdi, bir neçə məxfi əməliyyatların iştirakçısı olmuşdu. 2016-cı ildə Aprel döyüşlərində xüsusi təyinatlı kimi ilk qələbəsini yaşadı. Vətən müharibəsində iştiraka Kəlbəcər-Murovdağ istiqamətində döyüşlə başlayıb. Üç postun alınmasında xüsusi şücaət göstərib, sentyabrın 28-də növbəti vacib strateji mövqe uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. O, Vətənə olan borcunu öz canı, qanı ilə ödəyənlər sırasına adını yazdırdı...
Özündən sonra Həmidə adında bir qızı yadigar qalıb. Həmidağa şəhid olanda qızı üçaylıq idi. Ata olmasına sevinsə də, bu xoşbəxtliyi çox dada bilmədi. O, qızını az gördü. Günlərlə evdə olmurdu. Həm Vətənə xidmət edirdi, həm də gənc kadrların yetişdirilməsində iştirak edirdi. Həmidağa çox bacarıqlı, savadlı, cəsarətli, xalqını, torpağını sevən döyüşçü, qədirbilən dost, ailəsinə bağlı övlad, həyat yoldaşı və ata idi. Silahdaşları arasında xüsusi rəğbət qazanmışdı. Döyüş yoldaşları Həmidağanın sayəsində bu gün həyatda olduqlarını dönə-dönə qeyd edirlər. Oğlum şəhid olsa da, neçə canı xilas edib.
Elə bir övladı itirməyin ağrısı bir başqadır. Hər zaman başımızı uca edib, ondan danışmaq ağır olsa da, fəxarət hissi duyuruq”.