Dübəndidə neft sızması aradan qaldırılıb
Bir neçə gün əvvəl Xəzərdə qeydə alınan neft sızması dənizin ekoloji vəziyyəti ilə bağlı narahatlıqları bir daha gündəmə gətirdi. Bu da təbiidir. Çünki bu cür hadisələr su hövzələrinin çirklənməsi, dəniz canlılarının məhv olması və sahilyanı ekosistemlərin balansının pozulması kimi ciddi nəticələrə səbəb ola bilər. Ona görə də Xəzər regionunda neft-qaz sektorunda müşahidə olunan intensivlik fonunda belə sızmaların qarşısının alınması və operativ şəkildə aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.
Xəbər verildiyi kimi, Xəzərə neft sızması Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada müəyyən edilib. Hadisənin miqyası və sızmanın mənbəyi ilə bağlı operativ araşdırmalar aparılıb. Mütəxəssislər əraziyə baxış keçirərək çirklənmənin yayılma sahəsini müəyyən ediblər. "Azneft" İstehsalat Birliyindən (İB) verilən məlumata görə, hadisənin ilkin mərhələsində neftin açıq çıxış nöqtəsi vizual olaraq müəyyən edilmədiyindən mümkün çirklənmə mənbələri bir neçə istiqamətdə araşdırılıb. Aparılan nəzarətli diaqnostik yoxlamalar nəticəsində sızmanın mənbəyinin "Azneft" İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.
Mənbə təsdiqləndikdən dərhal sonra həmin kəmər üzrə neft nəqli dayandırılıb və vəziyyətin daha çox genişlənməsinin qarşısı alınıb. Hadisənin operativ idarə olunması məqsədilə "Azneft" İB tərəfindən xüsusi qərargah yaradılıb və insident nəzarət altına götürülüb. Qurumun dalğıc xidməti tərəfindən aparılan yoxlamalar zamanı sualtı neft kəmərində mexaniki zədələnmələr aşkar edilib. Bu zədələnmələrin xarici təsir nəticəsində, ehtimal ki, lövbərlə təmas zamanı yarandığı bildirilir. Zədənin müəyyən olunmasından sonra dərhal təmir-bərpa işlərinə start verilib və sızma aradan qaldırılıb.
Əslində, belə hadisələr təkcə Xəzərə xas deyil, bu, dünya okeanları və dənizlərində zaman-zaman təkrarlanan ekoloji problemdir. Neft-qaz hasilatı platformalarında baş verən texniki sızmalar, gəmi qəzaları, sənaye tullantılarının dənizə nəzarətsiz axıdılması, eləcə də dəniz dibində təbii şəkildə baş verən neft və qaz sızmaları problemin əsas mənbələridir. Hər il dünya miqyasında onlarca, bəzən isə daha çox irili-xırdalı neft sızması və bənzər hadisə qeydə alınır. Məsələn, 2010-cu ildə Meksika körfəzində baş verən "Deepwater Horizon" qəzası nəticəsində milyonlarla barel neft dənizə sızaraq ABŞ tarixində ən böyük ekoloji fəlakətlərdən birinə çevrilmişdi. ABŞ hökumətinin hesablamalarına görə, Meksika körfəzinə 4,9 milyon barel neft atılıb və nəticədə dəniz canlılarının yaşayış mühitinə fəlakətli ziyan dəyib. Bu, azmış kimi partlayış zamanı 11 nəfər də itkin düşüb. Həmin hadisə uzun illər bölgənin dəniz ekosisteminə ciddi ziyan vurmuşdu. Bu gün də Nigeriya sahillərində neft hasilatı və nəqli zamanı baş verən sızmalar Qvineya körfəzində genişmiqyaslı çirklənmələrə səbəb olur. Arktika və Şimal dənizi bölgələrində isə sərt iqlim şəraiti qəza risklərini artırır və təmizləmə işlərini çətinləşdirir. 2024-cü ildə Qara dənizdə fırtına səbəbindən göyərtəsində 29 ekipaj üzvü olan iki tanker qəzaya uğramış və neft sızması qeydə alınmışdır.
Bu cür hadisələr bir daha göstərir ki, neft-qaz hasilatı ilə bağlı işlərdə nəzarət mexanizmlərinin gücləndirilməsi, texniki təhlükəsizlik standartlarının yüksəldilməsi və operativ müdaxilə imkanlarının genişləndirilməsi olduqca vacibdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"